Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-876/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-787/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı X2 onlara məxsus Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi ev 6 mənzil 3 ünvanından çıxarılmaları, X2 həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Abbas qızı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsində yerləşən 6 saylı evin 3 saylı mənzilinin tam hüquqlu mülkiyyətçiləridirlər. Həmin mənzil İddiaçı1 mərhum həyat yoldaşına məxsus olmuş, daha sonra isə vərəsəlik qaydasında onlara keçmişdir. Mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən 28 sentyabr 2015-ci il tarixli çıxarışla təsdiq olunur. Cavabdeh İddiaçı1 keçmiş gəlinidir. Belə ki, Cavabdeh İddiaçı1 oğlu Rafael Babayevlə rəsmi nikahda olmuş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Sonradan onların nikah münasibətləri pozulmuş və məhkəmə qaydasında boşanmışlar. İddiaçı1 onlara müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Buna baxmayaraq, Könül azyaşlı övladı 2008-ci il təvəllüdlü Nihadla birlikdə həmin mənzildə yaşamaqda davam edir. Cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçıların mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Buna görə də iddiaçılar məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)- 787/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh 26 sentyabr 2007-ci il tarixdə X5 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və Rafael Babayevin anası Möhtərəm Əliyevanın mülkiyyətində olan Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi ev 6-da yerləşən 3 saylı mənzilə gəlin köçmüşdür. Həmin vaxt köçdüyü mənzilin üstündə 1-ci mərtəbədən təcrid olunmuş, ayrıca pilləkənlə giriş-çıxışı olan, özbaşına inşa edilmiş yarımçıq tikili olmuş, o, valideynlərinin maddi köməkliyi ilə həyat yoldaşıyla birgə həmin yarımçıq tikilini tikib tamamlamış və həmin 2-ci mərtəbədə yerləşən özbaşına tikiliyə köçmüşlər. Evin içərisini Babayev Rafaellə birlikdə təmir etdirmiş, mətbəx mebeli anası və qardaşları tərəfindən yığılmışdır. Evin istilik sistemini və kondisioneri Babayev Rafaellə birgə qazancları hesabına quraşdırmışlar. 14 ildir ki, onlar həmin mənzildə yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq iddiaçıların onların yaşadıqları özbaşına tikiliyə mülkiyyət hüquqları və eyni zamanda iddia qaldırmağa subyektiv hüquqları belə olmadığı halda onların iddiasını təmin etmişdir. Bundan əlavə məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi də əsaslı olmamış, ekspert qarşısında qoyulan suallar tam cavablandırılmamış, həmin mənzillə bağlı hüquqi sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçılardan İddiaçı1 tərəfindən isə məhkəmə iclasının təxirə salınması barədə ərizə daxil olmuşdur. İddiaçı2 və Cavabdeh üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiklərinə, İddiaçı1 isə məhkəmə iclasının təxirə salınması üçün üzrlü səbəb göstərmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-787/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şkayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materialarından görünür ki, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsində yerləşən 6 saylı evin 3 saylı mənzili Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03 iyul 1996-cı il tarixli MH seriyalı 035521 saylı Qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətində olmuşdur. 24 iyul 2013-cü il tarixdə Möhtərəm Əliyeva vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə keçmiş və onlara 28 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən mənzilin 5/6 hissəsi İddiaçı1, 1/6 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. X5 ilə Cavabdeh 26 sentyabr 2007-ci il tarixdə nikaha girmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş 02 yanvar 2008-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması qət edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iki mərtəbədən ibarətdir. Su sayğaclarının T10 ******* nömrəli qəbulu aktından görünür ki, ünvan 2 ünvanında su sayğacı İddiaçı1 adına quraşdırılmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 525463 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında G-4 markalı qaz sayğacı İddiaçı1 adına quraşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 iyun 2021-ci il tarixli 10/1186 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsi mövcuddur. İş materiallarında həmin mənzilin texniki pasportu aşkar edilmədiyindən, həmin yaşayış evinin texniki pasportda öz əksini tapıb-tapmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 2007-ci ildə İddiaçı1 oğlu Rafael Babayevlə rəsmi nikaha daxil olub ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçdüyündən, həmin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənməlidir. Həmin dövrdə mənzilin mülkiyyətçisi Cavabdeh qaynanası X4 olmuş, Cavabdeh mülki qanunvericiliyə əsasən mülkiyyətçi M.Əliyevanın ailə üzvü olmamış, habelə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla notarial qaydada təsdiq olunmuş razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmadığından, azyaşlı X6 isə məhkəmə qətnaməsinə əsasən anası Cavabdeh yanında saxlanıldığından, birinci instansiya məhkəməsi mənzilin mülkiyyətçiləri olan birgə iddiaçıların tələbi əsasında onların həmin mənzildən çıxarılması barədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Mənzilin ikinci mərtəbəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilin birinci mərtəbəsinin üstündə inşa edilmiş ikinci mərtəbəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)- 787/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-876/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-876/2022
18.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver