Məhkəmə qərarları › İş №2(103)-876/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-876/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-876/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2142/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Kənd Ramana ərazisində İddiaçı məxsus olmaqla onun tərəfindən idarə edilən “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5056/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 həmin yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olduğu üçün AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur.

2. “X10” Mərkəzinin qüsur aktına əsasən “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobilə 4.265 manat məbləğində maddi zərər dəymişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4510 saylı rəyində “X10” Mərkəzinin qüsur aktında qeyd edilən məlumatlara əsasən 1997-ci il buraxılışlı “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.865 manat olduğu göstərilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4.265 manat məbləğində zərərin əvəzinin və 63 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Cavabdeh1, Cavabdeh2 məxsus “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobillə hərəkət edərkən sıra yerdəyişməsi edib, manevr qaydasını pozmuş və nəticədə, onun idarə etdiyi "Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobili sağ hissəsindən vurub aşırmışdır. Toqquşma nəticəsində o, yüngül bədən xəsarəti almışdır. Göstərilən yolnəqliyyat hadisəsi “Mersedes Benz E-220” markalı, NX791TR22 dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh1 AR İXM-nin 327.8 maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolla, özünün və zərərçəkmiş şəxslərin ifadələri və işdə olan digər sənədlərlə təsdiq olunur. Yolnəqliyyat hadisəsinin məhz Cavabdeh1 təqsiri üzündən baş verməsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-5056/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ciddi şəkildə ziyan dəymişdir. “X11”in tərtib etdiyi qüsur aktına əsasən avtomobilin təmirinə 4.265 manat tələb edilir. Hadisə vaxtı və sonrakı təhqiqat zamanı qayda pozan sürücünün həmin avtomobili hansı əsasla idarə etməsi barədə sənəd tələb etsə də, həmin etibarnamə təqdim edilməmişdir. Bu səbəbdən “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2142/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 3 865 manat vurulmuş zərərin əvəzinin və 58,65 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə və Cavabdeh2 qarşı rədd edilməsi, 4,35 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 manat ekspertizanın dəyərinin Cavabdeh2 tutulub X2 hesabına köçürülməsi qət edilmişdir. (hakim X7)

7. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Nə qədər ki delikt törətmiş şəxs Cavabdeh1 qanuni əsasla avtomobili idarə etmədiyinə görə təqsirli hesab edilməmiş, o, qanuni əsasla avtomobili idarə etmiş sayılır və zərərin əvəzi məhz ondan tutulmalıdır. Lakin Cavabdeh1 ekspert rəyinə əsasən iddiaçının xeyrinə 3.865 manat məbləğində pul tutulmalıdır.

8. Məhkəmə iddia tələbi üzrə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçının xeyrinə 3.865 manat məbləğində pul tutulduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58,65 manat hissəsi Cavabdeh1 tutularaq ona ödənilməli, 4,35 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, iş üzrə ekspertiza Cavabdeh2 vəsatəti əsasında təyin edildiyindən, ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti də məhz bu cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097.1-ci, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, tutulan pulun məbləği ilə razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edilsə də, bu vəsatətə məhkəmə tərəfindən ümumiyyətlə müasibət bildirilməmişdir. Vəsatətdə ekspertizanın təkrar keçirilməsi ilə bağlı zərurət əsaslandırılsa da, məhkəmə bu vəsatətə münasibət bildirməmişdir. Bunun nəticəsində isə haqsız olaraq dəymiş zərərə görə real olmayan, yüksək məbləğ əmələ gəlmişdir. Vurulmuş zərərin məbləği düzgün müəyyənləşdirilmədiyi üçün qətnamə qanuni olmamışdır. Belə ki, ekspert tərəfindən avtomobilə yerində baxış keçirilməmiş, hətta avtomobilin şəkilləri belə ekspertə təqdim edilməmişdir. Ekspert sadəcə “X11” MMC tərəfindən tərtib edilmiş zərərin hesablanmasına dair akta əsasən öz rəyini tərtib etmişdir. 1997-ci il buraxılışlı, “Opel Astra” markalı avtomobilin “turbo.az” onlayn avtomobil satış səhifəsində orta bazar qiyməti heç bu qədər deyildir. Vəsatətə əlavə etdiyi şəkillərdən də görünür ki, 1997-ci il buraxılışlı, “Opel Astra” markalı işlək vəziyyətdə olan avtomobilin qiyməti 3.000-3.100 manat civarındadır. Bu halda isə ekspert rəyi qanunamüvafiq şəkildə tərtib edilmədiyi üçün təkrar ekspertiza təyin edilməli və ekspert tərəfindən avtomobilə yerində baxış keçirilməklə ekspertiza aparılmalı idi. İşin hallarından da göründüyü kimi, məhkəmə hətta vəsatətin rədd edilməsi barədə qərardad belə qəbul etməmiş və ümumiyyətlə vəsatətə münasibət bildirməmişdir. Məhkəmə dəymiş zərərin məbləğinin nə qədər olması ilə bağlı tam araşdırma aparmamış və dəymiş zərəri düzgün qiymətləndirməmişdir. Eyni markalı və eyni il buraxılışlı avtomobilin saz və işlək vəziyyətdə olan qiyməti 3.000 manat olduğu halda, dəymiş zərərə görə 3.865 manat zərərin hesablanması qanuni və əsaslı olmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, dəymiş zərərin yenidən hesablanılmasını və cavabdehdən real olan zərər məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Apellyasiya şikayətində Cavabdeh1 qətnamə üzrə ondan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğini mübahisələndirdiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni ondan pulun tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

21. Hazırki mülki iş üzrə iddiaçı ona məxsus olan “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərin vurulduğunu iddia edir və həmin zərərin əvəzinin ondan tutulmasını tələb edir. Cavabdeh1 isə həmin avtomobilə onun təqsiri nəticəsində maddi zərər dəyməsini inkar etmir, sadəcə dəymiş zərərin məbləğini qəbul etmir və həmin məbləğin avtomobilin buraxılış ili də nəzərə alınmaqla real qiymətlərdən yüksək olması qənaətindədir.

22. Bununla bağlı məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, “X10” Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərərin aradan qaldırılması üçün 4.265 manat məbləğində vəsait tələb edilir. Mübahisə ilə bağlı keçirilmiş ekspertiza tədqiqatının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 9/4510 saylı rəydə “X10” Mərkəzinin qüsur aktında qeyd edilən məlumatlara əsasən həmin avtomobilin təmir-bərpa xərcinin baş verən tarixə təxminən 3.865 manat məbləğində olması göstərilmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 avtomobilə dəymiş zərərin həddindən artıq yüksək müəyyən edilməsi, həqiqətdə zərərin xeyli aşağı olması mövqeyindən çıxış etsə də, bu avtomobilə 3.865 manat məbləğindən az zərər dəyməsini təsdiq edəcək nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir.

24. Digər tərəfdən Cavabdeh1 apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspertiza zamanı avtomobilə baxış keçirilmədən, sadəcə avtoservis mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən nəzəri hesablama yolu ilə dəymiş zərərin müəyyən edilməsi arqumentini irəli sürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra həmin avtomobilə “X10” Mərkəzində baxış keçirilməklə qüsur aktı tərtib edilmişdir. Ekspert tədqiqatı da həmin yolnəqliyyat hadisəsinin baş verməsindən 11 ay (təxminən 1 ilə yaxın) sonra və məhz həmin qüsur aktında olan məlumatlara əsasən aparılmışdır. Avtomobilin təmir etdirilməsi və bununla da vurulmuş zərərin aradan qaldırılması da avtomobilin ekspert tədqiqatına təqdim edilməsini əhəmiyyətsiz etmiş olur. Digər tərəfdən cavabdeh tərəf özü də qüsur aktında göstərilən hər hansı hissənin real olaraq zədələnməməsi ilə bağlı da sübut təqdim edə bilmir. Bu səbəblərdən məhkəmə kollegiyası apellyasiya baxışı zamanı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq eskpertizasının keçirilməsi ilə bağlı cavabdeh tərəfin vəsatətini əsassız hesab edərək təmin etməmişdir.

25. Məhkəmə kollegiyası eyni buraxılış tarixli, eyni markalı saz vəziyyətdə olan avtomobilin real bazar dəyərinin ekspert rəyində göstərilmiş avtomobilin təmir-bərpa xərcindən az olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu qəbildən olan işlərə baxılması zamanı formalaşmış təcrübə göstərir ki, köhnə buraxılış ili olan avtomobillərin ehtyat hissələri avtomobil bazarında nadir hallarda tapıldığından həmin ehtiyat hissələrinin dəyişdirilməsi, ümumən avtomobilin təmir xərcinin həmin avtomobilin real bazar dəyərindən artıq olması halını istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobil aşmışdır. Bu halın mövcudluğu da zədələnmiş ehtiyyat hissələrinin sayının artmasına səbəb olmuşdur. Buna baxmayaraq, qeyd edilən ekspert rəyinə əsasən dəyişilməli hissələrin ümumi dəyəri 1.345 manat təşkil edir. Qalan 2.520 manat isə məhz təmir işlərinin dəyəri kimi müəyyən edilmişdir. Hər bir halda, zədələnmiş hissələr özü-özünü dəyişən deyil və bu məsələdə həmin sahə üzrə ixtisaslaşan şəxslərin (dəmirçi, rəngsaz, çilingər) xidmətindən istifadə edilməlidir. Bu xidmət də ödənişlidir. Bu səbəbdən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi bu dəlili də əsassız hesab edir.

26. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, avtomobilin hazırki bazar dəyərinin müəyyən edilmiş zərər məbləğindən daha aşağı olması mövqeyindən çıxış etməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə vurulmuş zərər əvəzinə belə bir avtomobilin iddiaçıya alınıb verilməsi də təklif edilmir. Belə ki, məhkəmə kollegiyası cavabdeh tərəfə mübahisənin məhkəmədən kənar qaydada barışıq yolu ilə həll edilməsini təklif edərkən, məhz apellyasiya şikayətində göstərilməsi səbəbindən bu məsələnin də nəzərdən keçirilməsini təklif etmişdir. Lakin mübahisənin hər hansı formada məhkəmədən kənar qaydada barışıq yolu ilə həll edilməsi mümkün olmamışdır.

27. Məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qərardadın çıxarılmaması arqumentinə münasibətdə bildirir ki, iş materiallarında birinci instansiya məhkəməsi tərəfindən bu vəsatət üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(008)-2142/2023 saylı qərardad mövcuddur (i.v. səhifə 78-80).

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2142/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar