Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-876/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3053/2024 saylı işi üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat pulun və 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı digər satış məntəqələrindən qızıl-zinət əşyaları alaraq onları pərakəndə şəkildə digər istəyən şəxslərə satışını həyata keçirir. Bu satış əsnasında Cavabdeh2 ilə tanış oldu və o, müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını nağd və nisiyə şəkildə almağa başladı. Sonradan ona zəng edərək öz yaxın adamı kimi Cavabdeh1 ona təqdim edərək onun adından qızıl-zinət əşyaları istəyəcəyi halda ona verilməsini xahiş edib onunla tanış etdi. Müvafiq olaraq 2022- ci və 2023-cü illər ərzində müxtəlif vaxtlarda ümumilikdə 3940+1305+2619+1395+7393+9954+2057 manat olmaqla ümumilikə 28663 manat məbləğində qızıl-zinət əşyalarını ondan götürmüşlər və həmin məbləğdən 20663 manat ödəmişlər, lakin 8000 manat məbləğində pul hazırda onlarda qalmış və tələb etməyinə baxmayaraq müxtəlif vaxtlarda qaytaracaqlarını bildirsələr də lakin hazırkı tarixə verməmişlər. Sonuncu dəfə yenə telefon vasitəsilə danışılmış qısa vaxtda ödəniş edəcəklərini bildirmişlər. Lakin heç bir nəticəsi olmamışdır. Bütün bu deyilənlərə bağlı səs yazıları mövcuddur və həmin disklər iddia ərizəsinə əlavə ediləcəkdir.Hesab edir ki, hər iki cavabdehlər pnun pullarını əvəsiz olaraq mənimsəmişlər, öz şəxsi məqsədləri üçün xərcləmişlər və bu günə kimi ona həmin pulları geri qaytarmırlar.Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etdi və Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilən 14 iyul 2024-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi göstərilmişdir. Həmin araşdırmada Cavabdeh1 8000 manat borcunun qaldığını etiraf etmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3053/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 8000 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 567, 598.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Qaradağ RPİ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd olunur ki, izahatı alınan Cavabdeh1 şikayət ilə tanış olaraq, qızıl alqı-satqısına görə İddiaçı 8000 manat məbləğində borcunun qaldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh1 qızıl-zinət əşyaları satılmış, lakin Cavabdeh1 həmin əşyaların dəyərini qismən ödəməmiş və iddiaçıya 8000 manat borcu qalmışdır. Digər Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 arasında yaranmış pul borcuna aidiyyəti və ona qarşı yönələn tələbin hüquqi əsası isə müəyyən edilmir. Qeyd olunanlara əsasən, iddia tələbi 8000 manat pulun Cavabdeh1 tutulması hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir.
4. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: Qaradağ RPİ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd olunur ki, izahatı alınan Cavabdeh1 şikayət ilə tanış olaraq, qızıl alqı-satqısına görə İddiaçı 8000 manat məbləğində borcunun qaldığını bildirmişdir;- xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və iddiaçıya 8000 manat borcunun qaldığını, digər cavabdeh X3 isə iddianı qəbul etmədiyini, Məhsəti ilə iddiaçını sadəcə tanış etdiyini bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il, 2(002)-3053/2024 nömrəli qətnaməsi aşağıdakılara görə ləğv edilməlidir. Qətnamədə məhkəmə işin bir sıra faktiki hallarını tam araşdırmamış və nəzərə almamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh2 vasitəsi ilə tanış olmuşdur. O iddiaçıdan qızıl almağa başlamışdır. 2022-2023- cü illər ərzində müxtəlif vaxtlarda ümumilikdə 28663 manat məbləğində qızıl-zinət əşyalarını ondan götürsə də, həmin məbləğdən 20663 manat ödəmiş, lakin 8000 manat məbləğində pulu ödəmək imkanı olmamışdır. Dəfələrlə cavabdehə bildirmişdir ki, borcu hissə-hissə ödəməyə razılıq versin, lakin heç cürə razılaşmamışdır. Onun borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə işə baxan zamani işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallara uyğunluq təşkil etməmişdir. Hakim işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Məhkəməyə sübut, dəlil və faktları araşdırmadan, öz işində qeyridəqiqliyə və subyektivliyə yol vermiş, əsasən cavabdehin maraqları istiqamətində iş görmüş, hakim onun iştirakı olmadan, elə bir baxışa işə baxaraq qeyri-mötəbər,ziddiyətli sübutlarla əsaslanmaqla qanunsuz qətnamə qəbul olunmuşdur. Ona görə də, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğu üçün narazıdır və qətnamədən apellyasiya şikayəti vermişdir. İşin yuxarıda qeyd etdiyi həqiqi hallarına görə isə tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə və işgüzar adətlərə müvafiq surətdə hərəkət etmirlər - 2022-ci ilin oktyabr ayında əvəzini pul şəklində ödəmək şərtilə Taleh adlı bir nəfərlə ondan qızıl almaq barədə razılığa gəlmişdir. Hər dəfə o Taleh ilə Nəsimi rayonundakı Moskva univermağının qarşısında görüşmüş və götürdüyü qızılın əvəzini pulla ödəmişdir. Aldığı zinət əşyalarının pulunun çox hissəsini ödəməyinə baxmayaraq iddiaçı ondan şikayət etmişdir. O iddiaçıya bu məsələni sülh yolu ilə həll olunmasını təklif etsə də o buna razı olmamışdır. Göründüyü kimi O borcun ödənilməsindən heç vaxt yayınmamışdır. Göründüyü kimi borcu ödəməkdən yayınmır. Lakin,məhkəmə bunu nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, özünün əslən Cəlilabaddan olduğunu və orada yaşadığını, ailəsini dolandırmaq üçün arasıra Bakıda qızılın alışı və satışı ilə məşğul olduğunu, cavabdehlərə bir neçə dəfə qızıl satdığını və onların da ödənişləri həyata keçirdiyini,lakin sonuncu dəfə Cavabdeh1 8000 manat borcunun qaldığını, onunla bir neçə dəfə danışmağa, borcunu tələb etməyə cəhd etsə də, cavabdeh tərəfindən heç bir addım atılmadığını, əksini özünü öldürəcəyini, onu şərləyəcəyini bildirdiyini, həmçinin apellyasiya şikayətində cavabdehin ona borc məbləğini hissə-hissə ödəməyi təklif etməsi və onun da bununla razılaşmaması ilə bağlı arqumentinə münasibətdə isə belə bir təklifin olmadığını, cavabdehin apellyasiya şikayəti verməklə süni şəkildə məhkəmə prosesini uzatmağa çalışdığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunverciliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyinidən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 443, 445; 448,739;560; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 11.Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin özündən görünür ki, şikayət verən cavabdeh borcun ödənilməsindən heç vaxt yayınmamış və yayınmır, bununla da borcu olmasını etiraf edir, bununla bərabər qeyd edilməlidir ki, araşdırma aparılması üçün əsaslar müəyyən edilmir. Cavabdehin özü birinci instansiya məhkəməsində hazırlıq iclasında iddiaçıya 8000 manat məbləğində borcu olduğunu etiraf etmiş, apellyasiya şikayətində də bu mövqeyini dəyişməmişdir. Sadəcə olaraq maddi imkanın aşağı olduğunu, borcu birdəfəlik ödəməyə gücünün çatmadığını və hissə-hissə ödəmə ilə bağlı iddiaçıya müraciət etdiyini, lakin onun tərəfindən bu təklifin qəbul edilmədiyini bildirsə də, məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdeh tərəfindən belə bir təklifin ümumiyyətlə olmadığını bildirmiş, cavabdeh də bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3053/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.