Məhkəmə qərarları › İş №2(103)-8760/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8760/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8760/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-2547/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10200 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, 10230 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanılmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 02 sentyabr 2019-cu il tarixinə kimi qaytarmaq şərti ilə 11000 manat borc pul vermiş, lakin cavabdeh aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir, həmin puldan yalnız 800 manat geri qaytarmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(003)-2547/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xeyrinə Cavabdeh 10200 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, kredit müqaviləsi üzrə notarius icra qeydi vermişdir. Tərəfindən həmin kredit müqaviləsi mübahisələndirilmiş və icra icraatı dayandırılmışdır. Xəzər Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almadığı, həmçinin kredit müqaviləsinə əsasən icra qeydi verildiyi nəzərə alınmadan, məhkəmənin hazırki iddia tələbini təmin etməsi qanunsuz və əsassızdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iddia tələbinin əsasını təşkil edən, tərəflər arasında bağlanmış 03.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə Bakı şəhəri 25 saylı Notariat Kontoru tərəfindən 8İ-1033 saylı, 25.09.2019-cu il tarixli icra qeydi verilərək icraya yönəldilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 01.10.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh cəmi 11020 manat tutularaq, İddiaçı xeyrinə ödənilməsinə dair Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-1033 saylı, 25.09.2019-cu il tarixli icra qeydi Xəzər rayon İcra şöbəsinin icraatına 01.10.2019-cu il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi barədə bildirişlə birlikdə borcluya göndərilmiş, bu müddət ərzində borc ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır. Hazırda icra vərəqəsinin icrası nəzarətdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1 m.). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1 m.), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1 m.). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddələrinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Baxılan iş üzrə notariusun icra qeydi – icra sənədi mövcuddur. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hazırkı tələblə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. İş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat yoxdur. MPM-ə əsasən prosessual hüquq normalarının pozulması qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1 m.). İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün MPM-də müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı hallarda ləğv edilməlidir (387.2.8.). Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, mülki işin icraatına xitam verilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, mübahisə üzrə notariusun icra qeydinin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət edə, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda isə məhkəməyə şikayət verə bilər. Yuxarıdakılara əsasən və MPM-in 261, 387.2.8, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2547/2021 saylı iş üzrə 15 iyul 2021ci tarixli qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar