Məhkəmə qərarları › İş №2(103)-8770/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8770/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8770/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2695/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borcun məbləği olan 131.961 manat miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçı X1 əsl İddiaçı MMC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Səlimoğlu MMC un istehsalı və satışı ilə məşğuldur. İstehsal etdiyi unu hüquqi və fiziki şəxslərə satır. Bununla əlaqədar 2015-ci ildən iş prosesi ərzində cavabdehlə aralarında alğı-satqı olub, vaxtaşırı ondan nisyə olaraq unu aparıb və pulunu hissə-hissə ödəmişdir. İşlədiyi dövrdə yəni, 2017-ci ildən 2019-cu ilin sentyabr ayının sonlarına kimi şifahi sözləşərək, qarşılıqlı etimada əsaslanaraq və etibarından sui-istifadə edərək cavabdeh 131.961 manatlıq unu satmaq və pulunu vermək adı ilə alaraq həmin məbləğdə pulu ödəməmişdir. 2019-cu ilin əvvəllərindən bu günə qədər "bu gün-sabah verəcəm” kimi boş sözlər, vədlər verir, müxtəlif bəhanələr gətirərək vaxt qazanmış, pulunu ondan tələb edəndə də bildirmişdir ki, kimsə ona borcludur həmin şəxsdən alıb qaytaracaq. Əgər alınmasa, satılıq əmlakı varsa onun pulunu qaytaracaq. Bir ildən çoxdur ki, bu boş vədlər davam edir və bu onu müflisləşməyə aparır. Son zamanlar zənglərə cavab vermədiyinə görə məcbur olaraq evinə getmişdir. Lakin cavabı da bu olmuşdur ki, onu narahat etməsin, evinə də gəlməsin, nə zaman pulu olarsa, onda da pulu qaytaracaq. Əlacı kəsildikdən sonra 30.10.2019-cu ildə Suraxanı Rayon prokuroruna şikayət ərizəsi ilə müraciət etmişlər. Prokurorluq bu işi Suraxanı RPİ-nə vermiş, 2 ay ərzində təhqiqat aparılmış, cavabdeh bildirmişdir ki, müxtəlif şəxslərə, o cümlədən Ramin, Zəfər, Aqil, Telman, Əsgər, Mübariz, Uğur, Tural, Yaşar, Marif, Ağaəli, İlham və Namik adlı şəxslərə iddiaçıdan aldığı unun müəyyən hissəsini onlara satıb, amma pulunu ala bilməmişdir. Bu səbəbdən həmin şəxslərin özlərinə məxsus olan şəxsiyyət vəsiqələrinin surətlərinin üzərinə cavabdehə olan borcları, öz ad soyadları və ünvanlarını qeyd etməklə sənədləri almışdır. Bu hərəkətləri cavabdeh ona görə etmişdir ki, iddiaçı ona inansın. Cavabdeh ifadəsində əlavə olaraq bildirmişdir ki, hazırda yuxarıda göstərilən şəxslərə satılan pulundan başqa ona olan borc.108.161 manat borcu var. Cavabdeh ona borclu olduğu vəsait yəni 131.961 onun şəxsi vəsaitidir. 17 dekabr 2019-cu il tarixdə Suraxanı RPİnin baş müstəntiqi material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2695/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, 108.161 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlrlər Baş İdarəsinin 25.08.2020-ci il tarixli **********089900 saylı arayışında İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron qaimə fakturalarda Cavabdeh aid hər hansı bir məlumat aşkar edilməmiş, yəni iddiaçı tərəfindən cavabdehə un məhsulları satılması öz təsdiqini tapmamışdır. Cavabdeh müəyyən dövrdə iddiaçıdan sənədsiz. Un məhsulu aldığını və pulunu qaytardığını etiraf etmişdir. İddiaçı da ona sənədsiz 500.000 manatdan artıq məbləğdə un məhsulunu verdiyini bildirməklə vergidən yayındığını etiraf etdiyi halda və tərəfindən bu faktla bağlı xüsusi qərardad çıxarılması tələb edilməsinə baxmayaraq, məhkəmə bu dəlilə ümumiyyətlə hüquqi qiymət verməmiş, işə baxılması zamanı müəyyən edilmiş cinayət faktını gizlətmişdir. Eyni zamanda, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən və özləri tərəfindən yaradılan qeyri-rəsmi mühasibat dəftərlərində iddiaçının Cavabdeh un təhvil verməsi və cavabdehin də həmin unu qəbul etməsi göstərilməmişdir. Həmin sənədlər bir tərəfli qaydada hazırlanmış sənəddir və hər iki tərəfin iradəsini təzahür etmir. Tərəflər arasında hər hansı bir üzləşmə sənədi yoxdur. İddiaçı istədiyi məbləğdə özündə borc yaza bilər ki, bu iddiaçının-ilkin iddiaçı Ə.Musayevin özünün dəyirmana borcu olmasını və ya ona verilən pulları mənimsəməsini inkar etmir. Məhkəmə işdə olan sübutlara hərtərəfli, obyektix hüquqi qiymət verməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Müşfiq Əliməmmədovun 17.12.2019-cu il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, cavabdeh izahatında Əmiraslandan (iddiaçının direktoru) götürdüyü unun hər kisəsinin üzərinə 50 qəpik əlavə etməklə ayrı-ayrı şəxslərə özü sataraq qazanc əldə etdiyini, sonradan həmin şəxslərin maddi sıxıntıya düşdükləri üçün onun pulunu qaytara bilmədiklərini, onun da Əmiraslanın borcunu qaytara bilmədiyini bildirmişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 108161 manat borclu olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyanı (unu) cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq nisyə aldığı malın (unun) dəyərini iddiaçıya tam ödəməməklə öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması həm cavabdehin Suraxanı RPİ-nin istintaq şöbəsində verdiyi izahatı, həm də şahidlərin birinci instansiya məhkəməsində verdiyi izahatları ilə öz təsdiqini tapır. Eyni zamanda qanunvericilik nisyə alğı-satqı müqaviləsinin məhz yazılı formada bağlanmasını nəzərdə tutmamışdır. Tərəflər arasında qarşılıqlı hüquq münasibətləri onlar arasında həmin hüquq münasibətlərinin yaranmasına dair qarşılıqlı razılıqları əmələ gəldiyi və iradə ifadələrinə uyğun hərəkət etdikləri andan yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh Suraxanı RPİ-də izahat verərəkən, iddiaçı ilə hüquq münasibətlərində olmasını etiraf etmiş və iddiaçıya 108.161 manat borcunun olmasını bildirmiş, bununla da, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2695/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar