Məhkəmə qərarları › İş №2(103)-8779/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8779/2021

23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8779/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin təyin edilməsi üsulunun dəyişdirilməsinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(011)-4304/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə “21.05.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi” qismində müəyyən olunmuş aliment öhdəliyinin “21.05.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi”nə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla 19.02.2002-ci ildə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan 2 övladı - 30.11.2002-ci il təvəllüdlü X3 və 21.05.2008-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə münasibətləri əvvəlcə yaxşı olsa da, bir müddət sonra pisləşmiş və onlar ayrılmışlar. Xətai Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(011)-1019/2018 saylı qətnaməsi ilə onların arasındakı nikahın pozulması, Cavabdeh 30.11.2002-ci il təvəllüdlü X3 və 21.05.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 30.04.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qızları Firəngizin artıq 18 yaşı tamam olduğundan, Cavabdeh valideyn olaraq öz vəzifələrini yerinə yetirmiş hesab edir və xərclərin ödənilməsində iştirak etmir, halbuki, o, yüksək peşəkar kvalifikasiyaya malik uroloqdur, “Stimul.S Hospital” və Ağdaş rayon Mərkəzi Xəstəxanasında çalışmaqla yüksək əmək haqqı və gəlirə malikdir, hətta cərrahiyyə əməliyyatlarından klinikanın büdcəsinə daxil olan vəsaitlərdən də bonuslar şəklində əlavə gəlir əldə edir. Lakin Cavabdeh sabit pul məbləğinin arxasında gizlənməklə öz övladına maddi köməklik göstərməkdən yayınır, bu səbəbdən o, hazırda tələb edlən aliment miqdarını ödəmək iqtidarındadır. Bununla belə, uşaqları tək başına saxlamaq İddiaçı çətindir. Uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, onlar böyüdükcə xərcləri də xeyli artmışdır, cavabdehin uşaqların saxlanması üçün verdiyi aliment hal-hazırkı vəziyyətə görə azdır, uşaqların maddi ehtiyaclarını ödəmək ilk növbədə onun valideynlik borcudur, o isə öz gəlirlərinin məbləğini ciddi cəhdlə gizlətməyə çalışır, onun əmək haqqı və ona əlavə, digər gəlirlərinin məbləğinin müəyyən edilməsi üçün İddiaçı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X6 Xidmətinə sorğu göndərsə də, sorğuların bəzisinə cavab verilməmiş, verilən cavablar da qənaətbəxş olmamışdır. Bu səbəbdən İddiaçı Cavabdeh uroloq-cərrah qismində əmək fəaliyyəti ilə məşğul olduğu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”ndan və “Stimul.S Hospital”dan qazandığı əmək haqqı və digər gəlirlərinin məbləğləri barədə sorğu verilməsinin təmin edilməsi ilə sübutların toplanmasına köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai i rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(011)-4304/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə 21.05.2008-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını qət etmişdir. Bundan başqa, il ərzində elə aylar olur ki, onun aylıq qazancı 500 manatı ötmür. Bu halda belə çıxır ki, o 125 manat aliment ödəməlidir? Hansı ki, o əvvəllər ödədiyi sabit pul məbləğinin miqdarını artıra da bilərdi. Beləliklə, məhkəmə alimentlə bağlı aralarında mübahisə olmadığı halda, qeyrimüəyyən nəticəyə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, iddiaçı əvvəlcə ona alimentin miqdarı barədə təklifini göndərmalidir, o, razılaşmasa, onda məhkəməyə qeyd edilən iddia ilə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1019/2018 saylı 30.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 19.02.2002-ci il tarixdə Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 204 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 30.11.2002-ci il təvəllüdlü X1 və 21.05.2008-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh 30.11.2002-ci il təvəllüdlü X1 və 21.05.2008- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30.04.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, X4 21.05.2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh uroloqhəkim qismində əmək fəaliyyəti ilə məşğul olduğu “Stimul.S Hospital” və “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”ndakı əmək haqqı miqdarı və digər gəlirlərinin razılaşdırıldığı əmək müqavilələrinin qeydiyyatına dair arayışın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 09.03.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Cavabdeh razılığı olmadan onun haqqındakı fərdi məlumatların verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1019/2018 saylı 30.04.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin təyin olunması üsulunun dəyişdirilməsi məsələsini həll edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları və iddiaçının alimentin müəyyən olunması barədə dəlillərini nəzərə alaraq cavabdehdən hər ay bir uşağa görə onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası Xətai rayon məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 104.2-ci maddəsinə görə, aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(011)-4304/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar