Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-878/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3851/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş övladlarının – xx.xx.2008-ci il təvəllüdlü Nahidin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən onun xeyrinə tutulan 100 manat sabit pul məbləğində alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdən iddiaçının xeyrinə tutulan ayda 100 manat məbləğində aliment uşağın maddi tələbatını ödəmir, iddiaçının təkbaşına uşağın bütün maddi tələbatlarını ödəmək üçün isə imkanı yoxdur. b) cavabdehin iddiaya münasibəti barədə məlumat
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır, sadəcə iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, cavabdeh, ikinci dəfə ailə qurmuş, ikinci nikahdan 4 övladı doğulmuşdur. Bundan başqa heç bir yerdə işləmir və sabit gəliri yoxdur. 4 uşağını fəhləliklə dolandırır. Digər tərəfdən də o, orta ağır formada şəkərli diabet xəstəsidir və mütəmadi olaraq müalicələr alır. Hazırki iqtisadi vəziyyətdə cavabdeh bu qədər yükü çəkmək iqtidarında deyil. Yaşamaq, maddi ehtiyaclarımı ödəmək və həmçinin himayəsində olan ikinci nikahdan 4 övladının da tələbatlarını ödəmək çətinlik törədir. Digər tərəfdən uşağı saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü də hal-hazırda fərdi qaydada satıcı işləyir, aylıq təxminən 600 manat məbləğində gəlirə malikdir və yaşayışını təmin etmək iqtidarındadır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılaraq hər ay üçün 130 manat sabit pul məbləğində müəyyən edilməsini, artırılmış alimentin qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 100 manat miqdarında aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Ona görə də, alimentin miqdarı artırılmalıdır. Lakin cavabdehin xəstə olması, əmək haqqısının çox aşağı olması, ailəli olması, aliment təyin olunandan sonra onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın baş verməməsi nəzərə alınaraq alimentin miqdarı 220 manat müəyyən edilə bilməz. Eyni zamanda, iddiaçı tərəfindən 5 il ərzində alimentin artırılması barədə iddia verilməməsi, 100 manat aliment təyin edilən zaman uşağın 10 yaşı olarkən, hazırda 15 yaşı olması, ali məktəb imtahanlarına hazırlaşan yaşda olması nəzərə alınaraq, alimentin miqdarı 130 manat müəyyən edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Nahid məktəblidir, hazırlıq kurslarına gedir, təhsili və geyiminə xeyli vəsait sərf olunur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamışdır. e) apellyasiya şikayətinə cavabdehin münasibəti barədə məlumat
8. İddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinə cavabdehin etirazında əlavə olaraq göstərilmişdir ki, iddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən maddi və prosessual hüquq normasının pozulmasını, pozuntunun nədən ibarət olmasını əsaslandırmamış, yalnız bir sıra maddi və prosessual hüquq normalarına istinad etmişdir ki, bu da qətnamənin ləğvi üçün əsas ola bilməz. f) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni qismən, yəni iddianın təmin edilməməsi hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsini mübahisələndirmir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
13. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, hazırda işləmir, bəzən evləri təmizləyir və buna görə 30- 50 manat arası pul alır. Ayda təqribən 500 manat qazanc əldə edir.
14. Cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaya etirazın, habelə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verdi. Cavabdeh, əlavə olaraq bildirdi ki, ikinci ailəsindən olan uşaqların ikisi artıq 18 yaşına çatmışdır. İddiaçı uşağı kursa qoymamış, 8-ci sinifdən işə cəlb etmişdir. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməlidir.
16. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən (İş № 2(103)-3851/2018) müəyyən edilir ki, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2008-ci il təvəllüdlü Nahid. Həmin qətnaməyə əsasən, Nahidin yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 100 manat məbləğində aliment hazırki iş üzrə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh orta-ağır forma şəkərli diabet xəstəsidir. Bu hal, cavabdehin təqdim etdiyi stasionar tibbi kartadan çıxarışdan da müəyyən edilir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh satıcı vəzifəsində işləyir və 250 manat məbləğində əmək haqqı alır. Cavabdeh xx.xx.2005-ci il tarixdə X2 ilə nikahlarını bağlamışdır. Onların dörd uşaqları var, ikisi yetkinlik yaşına çatmamışdır.
11. Hazırda iddiaçı onun yanına qalmış uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və 220 manat məbləğində müəyyən edilməsini xahiş edir.
12. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddia qismən əsaslıdır, çünki cavabdehin xəstə olması, əmək haqqısının çox aşağı olması, ailəli olması, aliment təyin olunandan sonra onun maddi vəziyyətində hər hansı bir yaxşılaşmanın baş verməməsi nəzərə alınmalıdır.
13. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi uşağın saxlanması xərclərinin artmasını və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələbini, yəni 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil etməsini nəzərə almamışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
15. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin nəzərə alınmalıdır ki, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur.
16. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3851/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixdə qətnamə qəbul edən zaman “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna və cavabdehin xəstəliyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini 100 manat məbləğində müəyyən etmişdir. Çünki həmin Qanuna görə 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat təşkil edirdi. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edirdi. Həmçinin uşaq artıq böyüyərək 15 yaşına çatmış və maddi tələbatları da artmışdır. Eyni zamanda, cavabdehin digər nikahından doğulmuş 4 uşaqdan ikisi artıq yetkinlik yaşına çatmışdır. Belə olan halda, məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə alimentin tutulması (100 manat) uşağın artmış tələbatlarını təmin etməyəcək. Lakin qeyd edilən halları nəzərə almamış Rayon Məhkəməsi alimentin miqdarını 130 manat müəyyən etməklə iddianın təmin edilməməsi hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. i) apellyasiya baxışının nəticəsi
17. Odur ki şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tam təmin edilməlidir.
18. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddianın qiyməti ((220 – 100) x 12=) 1.440 manat təşkil edir.
19. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qətnamə, apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası tam təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-3851/2018) ilə Cavabdeh İddiaçı xeyrinə uşağın – xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilsin. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın “məhkəmə qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin artırılması barədə tələbin” təmin edilməsi hissəsi apellyasiya baxışının predmetini təşkil etməmişdir. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.