Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8780/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X1 Albertovna tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx"ASC cavabdeh Məhərrəmova MahmudovaTamara Albertovnaya qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14 000 manat əsas borc, 351,85 manat faiz borcu və 55,06 manat cərimə borcu olmaqla, ümumilikdə 14 406,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş №2(008)-864/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Albertovna 07.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 15,9 faizlə 24 ay müddətinə 14000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21.07.2020-ci il tarixədək X1 Albertovnanın banka 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14000 manat əsas borc, 351,85 manat faiz borcu və 55,06 manat cərimə borcu olmaqla, ümumilikdə 14406,91 manat manat borcu vardır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 351,85 manat faiz borcunun tutulması hissəsində ətraflı araşdırma aparmamış, məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş və ədalətsiz nəticəyə gəlmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız 351,85 manat faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apelyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı "xxxx" ASC) illik 15,9 faizlə 24 ay müddətinə 14 000 manat kredit götürmüş, ödəniş cədvəli tərtib edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişininə sas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 21.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə yaranmış əsas borcu 14 000 manat, faiz borcu 351,85 manat, cərimə borcu 55,06 manat, ümumilikdə borcu 14 406,91 manat təşkil edir. Hazırda iddiaçı cavabdehdən 14406,91 manat məbləğində kredit borcunun tutulmasını tələb edir. İş materiallarında olan 20.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borcu 14000 manat, 351,85 manat faiz borcu və 55,06 cərimə borcu yaranmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739, 741-ci və sair maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində faiz borcu yaranmışdır ki, bu borc da müqavilə şərtlərinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti cəmi 351,85 manat olduğundan MPMnin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 351,85 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8780/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8780/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver