Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8798/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(001)-3196/2021 saylı qərardadından iddiaçı Xoretek L.L.C. MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Xoretek L.L.C. MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi maddi zərərə görə 15914,63 manatın, Cavabdeh2 vurulmuş maddi zərərə görə 48134 manatın, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə ödənilən 2500 manatın, Kermur Audit və Konsalting MMC-yə audit yoxlaması üçün ödənilən 3000 manatın, 30 manat dövlət rüsumunun, əldən çıxmış fayda üçün Cavabdeh1 20000 manatın və Cavabdeh2 40000 manatın, işgüzar nüfuza dəymiş ziyan üçün Cavabdeh1 30000 manatın və Cavabdeh2 50000 manatın tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh Xoretek L.L.C. MMC-yə qarşı ödənilməyən 5915 manat əmək haqqının, gecikdirilmiş günlər üçün 14386 manat ödəncin, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Xerotek L.L.C. MMC-nin hesablaşma hesabındakı vəsaitin üzərinə qarşılıqlı iddia tələbi həcmində həbs qoyulmasına və həmin vəsaitdən istifadə edilməsinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadına əsasən ərizə təmin edilərək ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xerotek L.L.C. MMC-nin Accessbank ASC-də olan AZ36ACAB********************, Azərbaycan Beynəlxalq Bank ASC-də olan AZ25İBAZ********************, "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ42MUGA**********00169AZM00 saylı bank hesablarındakı vəsaitlərin üzərinə qarşılıqlı iddia tələbi olan cəmi 70301 manat həcmində həbs qoyulmaqla həmin vəsaitdən istifadə edilməsi Xerotek L.L.C. MMC-yə iddianın təmin tədbiri olaraq qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli 2(103)-6339/2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadından ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi şikayət təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(001)-3196/2021 saylı qərardadı ləğv edilməklə işin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddianın təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(001)- 3196/2021 saylı qərardadına əsasən ərizə qismən təmin edilərək ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xerotek L.L.C. MMC-nin Azərbaycan Beynəlxalq Bank ASCdə olan AZ25İBAZ******************** saylı bank hesabındakı vəsaitin üzərinə qarşılıqlı iddia tələbi olan cəmi 70301 manat həcmində həbs qoyulmaqla həmin vəsaitdən istifadə edilməsi Xerotek L.L.C. MMC-yə iddianın təmin tədbiri olaraq qadağan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli 2(001)-3196\2021 saylı qərardadından ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 şikayət vermişdir Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsini mahiyyəti faktiki olaraq Xerotek LLC MMC haqqında deyil cəmiyyətin işçisi Elşən Tağıyev barəsində qeyd olunur. Halbuki, ilkin iddia ərizəsində İddiaçı MMC-dir. Elşən Tağıyevin ümumiyyətlə bu işlərə heç bir adiyyəti yoxdur. Eləcə də qeyd edilməlidir ki, İddiaçı MMC-nin hesabına həbs qoyulması faktiki olaraq cəmiyyətin sahibkarlıq fəaliyyətini iflic vəziyyətinə salmışdır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli 2(001)- 3196/2021 saylı qərardadı ləğv edilməli iddianın təmin tədbirinə dair ərizə rədd edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Xoretek L.L.C. MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(001)-3196/2021 saylı qərardadı qərardadı ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Qanunun göstərilən müddəalarının mənasına görə məhkəmədə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaitidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və hazırkı mübahisənin mahiyyətini və predmetini nəzərə alaraq hesab edir ki, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsi üzrə hər hansı maneə və ya mümkünsüz ola biləcək hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(001)-3196/2021 saylı qərardadı qərardadı ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Xoretek L.L.C. MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(001)- 3196/2021 saylı qərardadı ləğv edilsin. Xerotek L.L.C. MMC-nin "xxxx" ASC-də olan AZ25İBAZ******************** saylı bank hesabındakı vəsaitin üzərinə qarşılıqlı iddia tələbi olan cəmi 70301 manat həcmində həbs qoyulmaqla həmin vəsaitdən istifadə edilməsinin Xerotek L.L.C. MMC-yə iddianın təmin tədbiri olaraq qadağan edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8798/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8798/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver