Məhkəmə qərarları › İş №2(103)-88/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-88/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-88/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-26/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə əsas borc üzrə 15,000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu üzrə 5,701.40 manat, cərimə borcu üzrə 60,569.64 manat, müqavilənin bitdiyi tarixdən 16.01.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 5,141.76 manat, cəmi 86,412.80 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-255/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçının ərizəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 54/2019 saylı, 24.10.2019-cu il tarixli qərardadı ilə Məhkəmənin 2(006)-255/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-26/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsi məhkəmə aktının qanuni əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir. Belə ki, iddia müddəti ötürülməmişdir. Cavabdeh tərəfindən 13.04.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş edilmiş, bank isə məhkəməyə 23.05.2017-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-255/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, daha sonra iddiaçının ərizəsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin 2(006)-54/2019 saylı, 24.10.2019-cu il tarixli qərardadı ilə Məhkəmənin 2(006)-255/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və həmin iddia ərizəsi baxışa təyin edilmiş, sonra məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir, bu zaman rayon məhkəməsi iddia müddətləri ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.İsmayılov apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, rayon məhkəməsi hazırkı iddia ərizəsi üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Çünki onlar iddia ərizəsi ilə 23.05.2017-ci il tarixdə iddia müddəti buraxılmadan məhkəməyə müraciət etmiş, məhkəmə iddia ərizəsini baxılmamış saxlasa da, daha sonra iddiaçının ərizəsinə əsasən, baxılmamış saxlama barədə qərardadını ləğv etmiş, iş üzrə icraat təzələnmiş və həmin iddia ərizəsini baxışa təyin etmişdir. Bundan başqa, rayon məhkəməsində cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsində kredit müqaviləsi üzrə 13.04.2015-ci il tarixdə edilmiş ödənişin onun tərəfindən yox, İlham Bahadırov adlı şəxs tərəfindən edildiyini, həmin tarixdə özünün heç Azərbaycanda olmadığını bildirmişdir. Hesab edir ki, onun bu dəlili də tam əsassızdır. Birincisi, təkcə 13.05.2017-ci il tarixdə yox ondan əvvəl edilmiş 22.05.2013, 16.05.2013, 02.06.2014, 09.01.2014-cü il tarixli ödəniş qəbzlərini də İlham Bahadurov imzalamışdır. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. İkincisi, 18.12.2014-cü il tarixdə kredit müqaviləsi üzrə ödəniş qəbzini imza edən şəxsən cavabdeh olmuşdur. Bank isə iddia ərizəsi ilə 23.05.2017-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda məlum olur ki, əgər sonuncu ödəniş cavabdehin özünün etdiyi 18.12.2014-cü il tarix qəbul edilsə də, iddiaçı tərəfindən iddia müddəti yenə də buraxılmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2010-cu il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə, illik 12 faiz olmaqla 130000 manat məbləğində kredit vermişdir. İddiaçı ASC tərəfindən verilmiş 13.07.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka əsas borc üzrə 15000,00 manat, faiz borcu üzrə 5701,40 manat, dəbbə pulu üzrə 7592,77 manat, cəmi 28294,17 manat məbləğində borcu mövcuddur. Mülki iş materiallarında olan bildiriş məktubunun surətindən görünür ki, 14.11.2016-cı ildə cavabdehə banka olan borcunun ödənilməsi barədə ləğv prosesində olan İddiaçı ASC tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. Mülki iş materiallarında olan 30.03.2018-ci il tarixli, 21275 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh 23 may 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 30.494,63 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas borcu: 15.000,00 ABŞ dolları, faiz borcu: 15.494,63 ABŞ dolları. Cavabdehin nümayəndəsi X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 15.05.2018-ci il tarixli ərizədən görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş etiraz və ona əlavədən görünür ki, iddiaçı iddia müddətinin tətbiq edilməməsini, vəsatətin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.10.2018-ci il tarixli, 2(006)-255/2018 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC tərəfindən verilmiş nağd pulun mədaxili üçün elandan görünür ki, Cavabdeh tərəfindən 13.04.2015-ci il tarixdə İddiaçı ASC-yə 2000 manat ödənilmişdir. X4 tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 9/3935 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 04.03.2010-cu il tarixli 90 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan ümumi borcu 04 mart 2013-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 34.468.00 manat, faiz borcu üzrə isə 5.701.40 manat, 27 fevral 2017-ci il tarixə əsas borc 15.000.00 manat, faiz borcu isə 9.781,91 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə hesablanmadı. X4 tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli 9/8915 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 04.03.2010-cu il tarixli 90 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan ümumi borcu 04 mart 2013-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 34.468.00 manat, faiz borcu üzrə isə 5.701.40 manat, 16 yanvar 2020-ci il tarixə (illik 5 faiz dərəcəsi ilə hesablanmaqla) əsas borc 15.000.00 manat, faiz borcu isə 11.946,50 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə 04 mart 2013-cü il tarixdən 16 yanvar 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 6245,10 manat məbləğində, ümumilikdə faiz borcu isə (04 mart 2013-cü il tarixədək illik 12% ilə hesablanmaqla 5.701,40 manat+6245,10 manat) 11.946, 50 manatdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.03.2010-cu il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə, illik 12 faiz olmaqla 130000 manat məbləğində kredit vermiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onun banka borcu yaranmışdır. X4 tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 9/3935 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 04.03.2010-cu il tarixli 90 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan ümumi borcu 04 mart 2013-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 34.468.00 manat, faiz borcu üzrə isə 5.701.40 manat, 27 fevral 2017-ci il tarixə əsas borc 15.000.00 manat, faiz borcu isə 9.781,91 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdehə cərimə hesablanmadı. X4 tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli 9/8915 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 04.03.2010-cu il tarixli 90 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan ümumi borcu 04 mart 2013-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 34.468.00 manat, faiz borcu üzrə isə 5.701.40 manat, 16 yanvar 2020-ci il tarixə (illik 5 faiz dərəcəsi ilə hesablanmaqla) əsas borc 15.000.00 manat, faiz borcu isə 11.946,50 manat təşkil edir. Həmin kredit müqaviləsi üzrə 04 mart 2013-cü il tarixdən 16 yanvar 2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 6245,10 manat məbləğində, ümumilikdə faiz borcu isə (04 mart 2013-cü il tarixədək illik 12% ilə hesablanmaqla 5.701,40 manat+6245,10 manat) 11.946, 50 manatdır. Kollegiya bildirir ki, ekspert rəyləri ilə əsas borcun məbləği (15.000 manat) və faiz borcu (5,701.40 manat) iddia tələbində göstərilən məbləğ ilə üst-üstə düşsə də, əldən çıxmış fayda (5% dərəcəsi ilə hesablanmış) ekspert rəyində iddia tələbinə nisbətən çox (6245,10 manat) hesablanmışdır. Bu səbəbdən, cavabdehdən 04.03.2010-cu il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən iddia tələbinə uyğun olaraq, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 5,701.40 manat, əldən çıxmış fayda üzrə (5% dərəcəsi ilə hesablanmış) 5,141.76 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi cərimə borcu üzrə 60,569.64 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Məhkəmə kollegiyası qeyd edir ki, cərimə əsas borcun məbləğinə proporsional şəkildə azaldılmalı, cərimə əsas borca mütənasüb şəkildə olmaqla 1050 manat müəyyən edilməldir. Bankın iddiasını rədd edən rayon məhkəməsi iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürüldüyünə əsaslanmış və bu vaxt MM -in 381.1-ci maddəsinə istinad etmiş, bununla da müddətlərin axımının tənzimləyən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 380.1-ci addəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Hazırkı işin mübahizəsiz halı kimi müəyyən olunmuşdur ki, tərəflər arasında 04 mart 2014-cü il tarixdə kredit müqavilə bağlanmış və Cavabdeh 36 ay müddətinə, illik 12 faiz olmaqla 130000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 01 mart 2017-ci il tarixli arayışa əsasən borcalan (cavabdeh) kredit müqaviləsi ilə bağlı sonuncu ödənişi 13 aprel 2015-ci il tarixdə etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə rayon məhkəməsinə 31.05.2017-ci il tarixdə, yəni iddia müddəti ötürülmədən müraciət etmişdir (i/v 3). Düzdür, Nəsimi Rayon Məhkəməsinin 2(006)-255/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmış, sonradan iddiaçının müraciətinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-54/2019 saylı, 24.10.2019-cu il tarixli qərardadı ilə 17 oktyabr 2018-ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, beləliklə, rayon məhkəməsi iddiaçının 31.05.2017-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə baxaraq mübahisləndirilən qətnaməni qəbul etmişdir. Belə olan halda müəyyən olunur ki, bankın hazırkı tələbi ilə bağlı iddia müddətinin axımı qətnamə çıxarılmış ərizənin məhkəməyə verildiyi tarixdən, yəni 31.05.2017-ci il tarixdən kəsilmişdir. Cavabdeh tərəfindən həmin müqavilə üzrə son ödəmə tarixi (13.04.2015-ci il) ilə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarix (31.05.2017-ci il) arasında 3 illik müddətin ötürülmədiyi isə yuxarıda müəyyən olunmuşdur. Beləliklə, rayon məhkəməsi hazırkı iş üzrə iddia müddətini tətbiq edərkən, Mülki Məcəllənin 381.1-ci maddəyə istinad etmiş, bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün qənaətə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 04.03.2010-cü il tarixli, kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 5,701.40 manat əldən çıxmış fayda üzrə (5% dərəcəsi ilə hesablanmış) 5,141.76 manat, cərimə borcu üzrə 1050 manat olmaqla, ümumilikdə 26.893,16 (iyirmi altı min səkkiz yüz doxsan üç manat, on altı qəpik) manat, eləcə də iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 manat (30+15=45) olmaqla, 45 manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-26/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 04.03.2010-cu il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 5,701.40 manat, əldən çıxmış fayda üzrə (5% dərəcəsi ilə hesablanmış) 5,141.76 manat, cərimə borcu üzrə 1050 manat olmaqla, ümumilikdə 26.893,16 (iyirmi altı min səkkiz yüz doxsan üç manat, on altı qəpik) manat, eləcə də iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 manat (30+15=45) olmaqla, cəmi 45 manat alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat (145+100=245) dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar