Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8802/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1585/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (sonradan – MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9089 manat və dövlət rüsümü kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2018-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «X4» haqqında müqavilə imzalanmışdır. 24.08.2018-ci il 363-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 18.12.2019-cu il tarixdə özə ərizəsi əsasnıda 524-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 08.06.2019-cu, 29.07.2019-cu il tarixlərində Oba-Qaraçuxur 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 02.10.2019-cu il tarixli «İnventarizasiya nəticələrinə» dair Akta əsasən 10 756 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 1667 manat güzəşt edilmiş, qalıq borc 9089 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1585/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsi iddia müddətini tətbiq edib, ziyan vurma faktının aşkar edilməsi ilə bağlı dəlillərə münasibət bildirərkən yalnız 08.06.2019-cu il və 29.07.2019-cu il tarixli inventarizasiya aktlarına münasibət bildirmiş, halbuki maliyyə arayışında da adı çəkilən və iş materiallarına da əlavə edilmiş 02.10.2019-cu il tarixli inventarizasiya aktı və cavabdeh tərəfindən 27 dekabr 2019cu il tarixdə imzalanmış “İltizamnaməyə” münasibət bildirməmişdir. Həmçinin Sabunçu rayon Məhkəməsi qətnaməsində göstərmişdir ki, İddiaçı MMC məhkəməyə 09.12.2020-ci il tarixində müraciət etmişdir. Halbuki, apellyasiya şikayətinə də, əlavə etdiyi 217496 nömrəli xəbərnamə qaiməsinin surətindən görünür ki, iddiaçı məhkəməyə 03.12.2020-ci il tarixində müraciət etmiş, məhkəmə tərəfindən isə iş 08.12.2020-ci il tarixində məhkəmə əməkdaşı tərəfindən imza edilməklə təhvil alınmışdır. Nəzərə alsaq ki, iddiaçı 03 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət edib və sonuncu ziyanvurma faktının aşkar olunduğu 27 dekabr 2019-cu il tarixli “İltizamnamə”dən də göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir.. Məhkəmə iclasında iştirak edən Cavabdeh şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1585/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MMC 17.06.2016-cı il tarixdə ********** nömrəsi ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfinən qeydiyyata alınmışdır.. İş materiallarında olan MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə «X4» haqqında müqavilə imzalanmışdır. 24.08.2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, 18.12.2019-cu il tarixdə özə ərizəsi əsasnıda 524-K saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan 08.06.2019-cu və 29.07.2019-cu il tarixlərində Oba- Qaraçuxur 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 02.10.2019-cu il tarixli «İnventarizasiya nəticələrinə» dair Akta əsasən 10 756 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışına əsasən ümumi borcdan 1667 manat güzəşt edilmiş, qalıq borc 9089 manat təşkil edir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi və vəkili X1 mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5 və 296.6-cı maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. İddiaçı şikayətində cavabdeh tərəfindən 27 dekabr 2019-cu il tarixdə imzalanmış “İltizamnaməyə” əsaslanaraq iddia müddətini ötürmədiyini bildirir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinin tələbindən görünür ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından da görünür ki, pozuntular 08.06.2019-cu və 29.07.2019-cu il tarixlərində aşkar edilmişdir Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1585/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1585/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8802/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8802/2021
15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver