Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8803/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 24.07.2012-ci il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi sxalanılmaları üçün Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə hər birinə təyin olunmuş 154 manat məbləğində alimentin miqdarının artırılaraq hər uşağa görə 175 manat, ümumilikdə 2 uşağa görə 350 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş № 2(008)-3517/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 20.04.2011-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 24 iyul 2012-ci il təvəllüdlü X4 və 23 fevral 2016-cı il təvəllüdlü X3 doğulmuşdur. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılaraq hər uşaq üçün 154 manat, cəmi 308 manat müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının yenidən artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən onun ailə və maddi vəziyyətini nəzərə almamış, işin faktiki hallarını ətraflı şəkildə araşdırmamışdır. O, hal-hazırda heç bir yerdə işləmir və bugünkü maddi vəziyyəti həmin aliment məbləğini ödəməyə imkan vermir. Məhkəmənin təyin etdiyi alimentin miqdarı daha yüksəkdir. Həmçinin, atasının vəfatından sonra anası və bacısı onun himayəsində qalmış, onların yaşayışı və səhhəti ilə bağlı xərclər də onun öhdəsində qalmışdır. Belə bir şəraitdə onun məhkəmənin təyin etdiyi aliment məbləğini ödəməyi heç cür mümkün deyil. Ən əsası bu gün aliment məbləğinin artırılması üçün heç bir əsas əmələ gəlməmişdir. Əgər əvvəl o, ERTOK MMC-də sürücü işləyirdisə, pandemiya dövründə iş olmadığı üçün işdən azad olunmuşdur. O, bu günə qədər məhkəmənin təyin etdiyi aliment məbləğindən boyun qaçırmamış, ödənişlərini hər zaman vaxtında etmişdir. Lakin hal-hazırda aylıq xərclərinin əvvəlkindən daha ağır olduğunu və heç bir yerdə işləməməyini nəzərə alsalar, aydındır ki, onun maddi vəziyyəti artırılmış məbləği ödəməyə uyğun deyil. Halbuki, iddiaçı özü “Vertebra” onurğa tibb mərkəzində terapevt işləyir və yüksək miqdarda əmək haqqı alır. Uşaqların həyat şəraitinin təmin olunmasi qarşı tərəfin də vəzifəsidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi təyin edilmiş alimentin uşaqların maddi tələbatının ödənilməsinə kifayət etməməsi, iddiaçının maddi cəhətdən çətinlik çəkməsi, uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment tələb edilməsi qənaətinə gələrək iddianı təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri və s. ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə alimentin miqdarını artırmaqla cavabdehin vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri uşaqları belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8803/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8803/2021
13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver