Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8815/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2502/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh və onun nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2018-ci il tarixdə Cavabdeh1 kredit müqaviləsinə əsasən 50.000 manat məbləğində borc verib, Cavabdeh2 borca görə zamin durub, lakin cavabdehlər öhdəliklərini yerinə yetirməyərək borcu qaytarmamışlar. Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 50.000 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı dayısına görə tanımış və onunla işləməyə başladıqda İddiaçı 28.000 ABŞ dolları pul qoymuş, bununla bağlı 28.06.2018-ci il tarixli 50.000 manata dair borc müqaviləsi bağlamışlar. Borc müqaviləsi şərikli biznes üçün əvvəlcədən verilmiş 28.000 ABŞ dollarına görə bağlanmış, həmin müqavilə bağlanarkən pul ödənilməmişdir. Qeyd olunmuşdur ki, borc müqaviləsi bağlanarkən Cavabdeh2 heç bir iştirakı olmamış, ümumiyyətlə o, Cavabdeh2 heç vaxt tanımamış, yalnız onu məhkəmə islasında görmüşdür. Onun qeydiyyatı Naxçıvan Muxtar Respublikasında olduğu üçün, iddia ərizəsini Bakı şəhəri Yasamal rayon məhkəməsinə vermək məqsədi ilə, Yasamal rayonunda qeydiyyatı olan Cavabdeh2 cavabdeh qismində qoyulmuş, bu hal məhkəmədə aşkar edilmişdir. Cavabdeh2 tez-tez Yasamal rayon məhkəməsində şahid, hal şahidi, zərərçəkən, cavabdeh və iddiaçı qismində iştirak etdiyini məhkəmə özü məhkəmə iclasında bildirmişdir. Cavabdeh2 əsl tərəf olmadığı müəyyən edilmiş, aidiyyat qaydalarının pozulduğuna görə mülki işin qeydiyyatı üzrə Babək rayon məhkəməsinə göndərilməsi barədə verdikləri şifahi vəsatət təmin edilməmişdir. İddiaçı məhkəməyə müraciyyət etməmişdən qabaq, 39.000 manat borcunu tələb etdiyinə görə, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən, dəyəri 100.000 manat olan 40 km-lik ticarət obyektini İddiaçı adına rəsmiləşdirilməsi, həmin obyektin satılaraq 39.000 manat borcun götürülməsi və 61.000 manat pulun ona verilməsi barədə aralarında razılıq olmuşdur. Həmin obyekt ona məxsus olsa da, müqavilə üzrə X1 adına olmuş, həmin şəxs rəhmətə getmiş, qanuni varisləri ilə danışaraq, həmin obyekt, yəni X2 aid olan № MİM/153-46-0503 nömrəli müqavilə 15.04.2011-ci il tarixli müqaviləyə əsasən Sədərək Ticarət Mərkəzi 1-ci zona, 5-ci sira 3-cü korpus, M46-ünvanında yerləşən 40 kv.m. obyekt dair verilmiş 08 iyul 2019-cu il tarixli, 806449 saylı etibarnaməyə əsasən İddiaçı müqavilə üzrə adına keçirilmişdir. Bu barədə notariat ofisində rəsmiləşmiş, həmin müqavilənin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilərək mülki işin materiallarına əlavə edilmişdir. Lakin məhkəmə öz qətnaməsində qərəzli olaraq bu sənədə və bu hallara qiymət verməmiş, həmin obyekt halhazırda da İddiaçı Mamməd oğlunun adınadı və onun istifadəsindədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırlmış iddiaçı və cavabdeh məhkəməyə gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 28.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı (borc verən) Cavabdeh1 (borc alan) 50.000 manat məbləğində pul vermişdir. Borcalan 01.11.2018-ci il tarixədək borcverənə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı izahatında bildirmişdir ki, qeyd edilən 50.000 manat məbləğində borcdan ona ödəniş olunmayıb, borcu notariusda deyil əlbəəl ondan əvvəl vermişdir, notariusda isə sadəcə daha sonra müqavilə bağlanılmışdır. Əlavə olaraq 28000 dollar məbləğində pulu Ceyhuna vermişdir və bunu rəsmiləşdirməmişdir. Həmin pul 50 mindən əvvəl iş qurulması üçün verilib və cavabdeh iş gedə-gedə gəlirdən 11 min manat ödəniş etmişdir. İş materiallarında olan 10.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda İddiaçı izahatında bildirmişdir ki, 2017-ci ildə o, Cavabdeh1 ilə şifahi qaydada razılaşaraq şərikli iş görmək qərarına gəlmiş və bu məqsədlə tikiş avadanlıqları alaraq özünün icarəyə götürdüyü sexdə yerləşdirmiş, sözügedən sex fəaliyyətə başladıqdan sonra isə oranın idarə olunmasını Cavabdeh1 həvalə etmişdir. İşlədikləri müddət ərzində o, avadanlıqların və malların alınmasına, işçilərin maaşlarının verilməsinə və işlə əlaqədar olan digər məsrəflərə ümumilikdə 50000 manata yaxın pul xərcləmiş və bu müddət ərzində 11000 manata yaxın qazanc əldə edilərək Cavabdeh1 ona təqdim etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı tələbi tərəflər arasında yaranmış borc münasibətlərindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdehə, 50000 manat borc pul verdiyini və sonuncunun qaytardığı 11000 manat pul məbləğinin məhz başqa bir razılaşma əsasında və ya gəlir əldə etdikləri puldan verildiyini sübut etməlidir, çünki Cavabdeh1 tərəfindən 11000 manat iddiaçıya verilməsi artıq işin mübahisəsiz halıdır. Cavabdeh1 isə öz növbəsində qalan 39000 manat məbləğin əvəzinə iddiaçıya qeyd etdiyi qeyri-yaşayış sahəsinin veridiyini sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş materialları ilə iddiaçının Cavabdeh1 50000 manat pul verildiyi sübut olunur. Lakin məhkəmə kollegiyası yalnız iddiaçının şifahi bildirdiklərinə istinadla Cavabdeh1 iddiaçıya 50000 manat borcunun qaldığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı həmin halı sübut edə bilməmişdir. Belə ki, iddiaçı Cavabdeh1 tərəfindən 11.000 manat pulun məhz qazancdan ona qaytardığını bildirsə də, bunu sübut edə bilməmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır . Bu isə o deməkdir ki, Cavabdeh1 iddiaçıya geri ödəməli olduğu qalıq məbləğ – 39.000 manat həddində məsuliyyət daşıya bilər. Cavabdeh1 iddiaçıya ümumiyyətlə hər hansı borcunun qalmaması ilə bağlı apellyasiya şikayətində irəli sürülən arqumentlə bağlı isə kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə bu hal da yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır; lakin məhkəməyə bu cür sübutlar təqdim edilməmişdir. Bu halla bağlı məhkəməyə sübut qismində təqdim olunan yeganə sənəd - digər şəxlər tərəfindən ticarət obyektinə dair iddiaçıya verilmiş etibarnamədir ki, həmin sənədə görə də Cavabdeh1 tərəfindən qalan 39000 manat məbləğin iddiaçıya qaytarılması və ya həmin pulun əvəzləşdirilməsi ilə bağlı nəticəyə gəlmək mümkün deyil. İddiaçının birinci instansiya məhkəməsinə verdyini iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə verilməsinə dair apellyasiya şikayətində irəli sürülən arqumenti də kollegiya əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulan pul məbləği hissəsində dəyişdirilməlidir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2502/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 50.000 (əlli min) manat pul tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 39.000 (otuz doqquz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apelyatorun ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8815/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8815/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver