Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8820/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 641,95 manat əsas borc, 1727,92 manat faiz borcu, 52,62 manat cərimə borcu olmaqla, cəmi 8170,13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və 13.05.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev, iş № 2(004)-3892/21) iddia təmin edilmişdir. Hazırda cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin qismən - 1727,92 manat faiz borcu və 25,26 manat cərimə borcunun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 13.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. 08.05.2020-ci il tarixli əlavə sazişə əsasən müqavilənin bitmə tarixi 13.10.2021-ci il müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.04.2021-ci ilədək Cavabdeh banka 13.05.2019cu il tarixli kredit müqaviləsi üzrə 6416,95 manat əsas borc, 1727,92 manat faiz borcu, 52,62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8170,13 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə qeyd olunan 1727,92 manat faiz borcu və 25,26 manat məbləğində cərimə borcunun yaranmasını düzgün əsaslandırmamış və qiymət verməmişdir. O, 19 mart 2020-ci il tarixli məktubla iddiaçı Bankın İdarə heyətinə müraciət etmiş, koronavirus pandemiyası ilə əlaqədar biznes fəaliyyətinin dayandırılmasını bildirmişdir. Məhz ümumbəşəri bəlanın fəsadları nə bank, nə də birinci instnsiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. 13.10.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda cavabdeh məhkəmə qətnaməsini yalnız 1727,92 manat faiz borcu və 25,26 manat cərimə borcunun tutulması hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB və Cavabdeh arasında 13.05.2019-cu tarixli kredit müqaviləsinə əsasən ona illik 28 faiz ödəmək şərtilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 08 may 2020-ci il tarixdə tərəflər arasında bağlanmış sazişə əsasən müqavilənin müddəti 13 oktyabr 2021-ci ilədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh əsas borcdan cəmi 3583,05 manat, faiz borcundan isə 2176,95 manat pul ödəmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi maliyyə arayışında göstərilən borc məbləğinin – 8170,13 manatın (6416,95 manat əsas, 1727,92 manat faiz, 25,26 manat cərimə olmaqla) cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən müqavilə üzrə 8170,13 manat (6416,95 manat əsas, 1727,92 manat faiz, 25,26 manat cərimə olmaqla) məbləğində borcu yaranmışdır və həmin borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445-ci və s. maddələrinə istinad etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz borcunun və cərimə borcunun tutulması hissəsində mübahisələndirmiş, həmin hissədə borcun düzgün hesablanmadığını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayr. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh faiz və cərimə borcunun düzgün hesablanmadığını göstərdə də, apellyasiya şikayətinə bununla bağlı hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, kredit müqaviləsi 13.05.2019-cu tarixdə 24 ay müddətinə bağlansa da, sonradan 08 may 2020-ci ildə tərəflər arasında bağlanmış sazişə əsasən müqavilənin müddəti 13 oktyabr 2021-ci ilədək uzadılmış və faiz məbləği də uzadılmış müddətə uyğun olaraq hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Mübahisələndirilən hissədə iddianın qiyməti cəmi 1753,18 manat olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsnin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 24 iyun 2021-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8820/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8820/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver