Məhkəmə qərarları › İş №2(103)-8821/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8821/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8821/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)-3828/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASCnin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029- 15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 07.05.2021-ci il tarixinə ödənilməmiş 3065.75 manat əsas borc, 22.03 manat faiz borcu, ümumilikdə 3087.78 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında 14 avqust 2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3065.87 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP- 01354-16/14A saylı 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 14 avqust 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00029-15/19A saylı 14.08.2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 14.08.2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00029-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3065.75 manat əsas borc, 22.03 manat faiz borcu vardır. Beləliklə, cavabdehlərin 07.05.2021-ci il tarixinə ümumi borcu 3087.78 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)- 3828/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Bank "xxxx" ASCnin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2019-cu il tarixli RPF-00029- 15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 07.05.2021ci il tarixə ödənilməmiş 3065 (üç min altmış beş) manat 75 (yetmiş beş) qəpik əsas, 22 (iyirmi iki) manat 03 (üç) qəpik faiz, cəmi 3087 (üç min səksən yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)-3828/2021 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilərək borcun ondan tutulması hissəsində iddianın rədd edilməsi və tutulacaq məbləğin yalnız əsas borcludan tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnamə ilə razı deyil, onu əsassız və ədalətsiz hesab edir. Belə ki, o, Cavabdeh1 götürdüyü kredit üzrə zamin durmuşdur, lakin pulu ödəyə bilmir. Onun özünün maddi sıxıntıları var, evdə 1-ci qrup əlil qardaşı vardır. Bundan əlavə atası da, rəhmətə getmiş, anası isə yaşlı işsiz qadındır. Qardaşının övladı da onun himayəsindədir. O, cəmi 400 manat maaş alır və borcun onun maaşından tutulması ilə razılaşa bilmir. Çünki borc onun əmək haqqına yönəldiləcəkdir. Anası və qardaşının pensiyaları ancaq özlərinin dərmanına xərclənir. O, zamin duran zaman Cavabdeh1 işi var idi, sürücülüklə məşğul idi, pul qazanırdı, lakin sonradan o, xərçəng xəstəliyinə tutulduğundan işləyə bilmədi. Borc onun maaşından tutularsa, o, Cavabdeh1 pulunu tələb edə bilməyəcəkdir. Kredit məbləğini o, xərcləməmişdir, ona görə də pulun ondan tutulması ədalətsizlikdir. Onun hazırda pulu ödəmək imkanı yoxdur, borclu özü sag olduğundan pul da ondan tutulmalidir. Məhkəmə onun hazırki maddi vəziyyətini və himayəsində yaşlı anasının olmasını, əmək haqqının azlığını nəzərə almamış, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, yalnız bir tərəfin mənafeyini üstün tutaraq iddiaçının mənafeyinə uyğun şəkildə qətnamə çıxarmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə 3065.87 manat məbləğində kredit vermişdir. Qeyd edilən müqavilənin şərtlərindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 13 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay banka hissə-hissə ödəməklə, ümumilikdə 3159,78 manat qaytarmalıdır. İş materiallarında olan, Cavabdeh2 ilə Bank "xxxx" ASC-nin «Xətai» filialı arasında bağlanmış 14 avqust 2019-cu il tarixli RPFZ-00029-15/19A saylı zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 14 avqust 2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin bank qarşısında əsas borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 07 may 2021-ci il tarixə Banka olan əsas borcunun miqdarı 3065.75 manat, faiz borcu 22.03 manat, ümumilikdə borcu 3087.78 manat təşkil etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə cavabdehlərin bank qarşısında birgə məsuliyyət daşıyaraq, müştərək qaydada borcları yaranmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 3065.75 manat, faiz borcu üzrə 22.03 manat, ümumilikdə isə 3087.78 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu tutulmalı, həmçinin iddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli RPF-00029-15/19A saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3. maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0. maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Bank "xxxx" ASC-nin «Xətai» filialı ilə Cavabdeh2 arasında bağlanmış 14 avqust 2019-cu il tarixli RPFZ-00029-15/19A saylı zaminlik müqaviləsinin 2.2. bəndindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.3. və 3.2.1. bəndlərindən görünür ki, borcverən borcalan tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borcalana, həm də zaminə qarşı öz tələblərini irəli sürmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh-zamin Cavabdeh2 kreditor bank qarşısında öhdəliklərinin əmələ gəlməsinə səbəb olan zaminlik müqaviləsinin müvafiq müddəalarında Cavabdeh2 borcalan digər Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi halda borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüş, borcverən bank da müqavilə və qanunvericiliyin şərtlərinə və ona verdiyi imkanlara müvafiq olaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borcalanla yanaşı zaminə qarşı da hazırki iddia tələbini irəli sürmüşdür. Zaminliyə xitam verilməsi üçün əsaslar da hazırki iş üzrə müəyyən edilməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(004)- 3828/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar