Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8832/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2664/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment tələbi üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)-2584/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği dəyişdirilib-artırılaraq, himayəsində qalan xx xxxxxx 2008-ci il təvəllüdlü Əhməd və xx xxxx 2011-ci il təvəllüdlü Böyükağa adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşağa 170 manat - cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx xxx 2007-ci il tarixdə, 480 saylı akt qeydi əsasında Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsində rəsmi dövlət qeydiyyatlı nikaha daxil olmaqla ailə qurmuşdur. Onların həmin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Əhməd, xx.xx.2011 -ci il tarixdə isə Böyükağa adlı 2 nəfər uşaqları doğulmuşdur. Belə ki, ailə qurduqdan sonra təxminən 6-7 il müddətində cavabdeh Əhədovla münasibətləri çox normal, qarşlıqlı anlaşma və səmimi şəraitdə olmuş, heç bir problem yaşamamışlar. Sonradan isə - 2014-cü ildə heç bir əsas və səbəb olmadan qəflətən ona və ailələrinə qarşı münasibəti kəskin surətdə dəyişmiş və nəticə etibarilə nə qədər ailəni qoruyub saxlamaq istəsə də, bu, mümkünsüz olduğundan gənc ailələri dağılmışdır. Cavabdeh uşaqlarına baxmadığı və onların maddi təminatı ilə qətiyyən maraqlanmadığı üçün, sonda o, məcbur olub aliment tələbi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etmiş və həmin iddia üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdeh Əhədovun aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq himayəsində qalan 2 nəfər - Əhməd və Böyükağa adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh aliment vermək istəmədiyi üçün həmin vaxt məlum qətnamədən apelyasiya şikayəti versə də, qətnamə qüvvəsində saxlanıldığından, sonda o, başqa yola əl atıb yüksək məvacibli işindən çıxmışdır. Beləliklə də, qət olunmuş alimenti ondan almaq müşkülə çevrilmiş və cavabdeh illərlə, aylarla alimenti qəsdən ödəməyib bundan yayınmış və o, çox çətinliklə uşaqları təkbaşına və atasıgilin köməkliyi ilə saxlamalı olmuşdur. Nəhayət cavabdeh Əhədov uzun fasilədən sonra 2018-ci ilin noyabr ayında uşaqlarına 500 manat, həmin ilin dekabr ayından bəri isə nə qədər qəribə və paradoksal görünsə də, qanunun tələbi üzrə yox, özü istədiyi vaxtda və miqdarda - hər ay 2 uşağa cəmi 100 manat məbləğində aliment göndərməyə başlamışdır. Belə vəziyyət eynilə bu ilin - 2020-ci ilin mart ayınadək davam etmiş və aprel ayının 01-dən cavabdeh ümumiyyətlə öz doğma uşaqlarına göndərdiyi vəsaiti - həmin o cüzi məbləğdə olan alimenti də birdəfəlik dayandırdı. Qəribidir ki, cavabdeh, indiki dözülməz iqtisadi inflyasiya şəraitində, hələ üstəlik çətin Karantin dövrində 2 məktəbli uşağın saxlanılmasının nə qədər çətin və əziyyətli olduğunu bilmirmi? Əgər aliment rəsmi qaydada qət olunan vaxtdan - xx.xx.2016-cı ildən bəri hesablanarsa, cavabdeh Əhədovun hələ sabit pul məbləği üzrə hesablanacaq məbləğlə son 3 ildəki ödədiklərin çıxandan sonra, cavabdehin, himayəsindəki uşaqların saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixə 14.240 (on dörd min iki yüz qırx) manat məbləğində ödənilməmiş aliment borcu qalır ki alınıb öz doğma uşaqlarına ödənilməsində ona müvafiq köməklik göstərilməsini xahiş edir. Həmin borclar müvafiq illərə və illər üzrə 2 uşağa hesablanacaq hər il üçün aşağıdakı kimidir: 2016-cı il üzrə 2800 manat, 2017-ci ildə 3200 manat, 2018-ci ildə 3100 manat, 2019-cu ildə 2640 manat, 2020-ci ilin 8 ayında isə 2420 manat-cəmi 14.240 manat. Onun növbəti iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdeh Əhədovla aralarında Binəqədi rayon Qeydiyyat Şöbəsində xx xxx 2007-ci il tarixdə 480 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. O, hazırda himayəsində 2 nəfər məktəbli uşağın saxlanılmasında çox çətinlik çəkir, hazırki çətin iqtisadi şəraitdə Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsi ilə himayəsində qalan həmin ulaqların saxlanılması üçün cavabdehdən qət edilmiş, əslində isə demək olar ki, özü tərəfindən müəyyən etdiyi və hərdənbir ödədiyi 2 uşağa cəmi 100 manat pul onların heç 1 həftəsinə də çatmır. 2 məktəbli uşağın geyimi, dərs-məktəb ləvazimatları, qidalanması, tibbi və s. başqa təminatları çoxlu vəsait tələb edir ki, bütün bu təminatları da təkbaşına ödəmək təbii ki, onun imkanı xaricindədir. Yeganə gəlir mənbəyi müəllimə kimi çalışıb aldığı əmək haqqıdır. Qiymətli - daşınar- daşınmaz əmlakı da yoxdur. Cavabdeh Əhədovun isə şəhərdə harada işləməsi barədə heç bir məlumatı yoxdur. Yəqin ki, o, hazırda hansısa obyektdə fərdi qaydada işləyib gəlir-qazanc əldə edir və buna baxmayaraq 5-6 aydır ki, öz doğma uşaqlarına heç bir maddi yardım göstərmir. Qanuna görə, alimentin ödənilməsi hətta valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, onlar mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, həm də vacib vəzifələridir. Göründüyü kimi o, hazırda 2 uşağını saxlamaqda çox əziyyət çəkir. Hazırkı çətin şəraitdə cavabdeh Əhədovun sonuncu məlum məhkəmə aktına əsasən, əslində isə öz istədiyi kimi ödədiyi cəmi 100 manat pulla 2 məktəbli uşağı 1 ay saxlamaq təbii ki, ağlasığmaz və inanılmaz bir haldır. Hazırda ölkə üzrə yaşayış minimumu artırılmış, uşaqlar üçün bu məbləğ 170 manat müəyyənləşdirilmişdir. Təbii ki, buna müvafiq olaraq uşağın da tələbatları artmışdır. Ona görə də məcbur olub hazırki iddianı qaldıraraq bütün yuxarıda göstərdikləri ilə əlaqədar Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(001)-2584/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsindəki 2 nəfər uşağın saxlanması üçün hər ay hər bir uşağa 170 manat - cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına böyük ehtiyacı vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2664/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016- cı il tarixli, 2(001)-2584/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş,. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (bir üç yüz) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin dəyişdirilməsini, ondan tutulacaq alimentin məbləğinin azaldılaraq hər uşağa görə hər ay 50 manat olmaqla, ümumilikdə 100 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və ədalətsiz olduğundan dəyişdirilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə İddiaçı məhkəmədə iddia qaldıraraq azyaşlı uşaqlarının saxlanılması üçün cavabehdən tutulan alimetin miqdarının artırılmalı olması maddi vəziyyətinin pis olması və ölkə üzrə yaşayış minimumunun artırılaraq uşaqlar üçün 170 manat müəyyən edilməsini göstərsə də, qeyd olunan hallar alimentin miqdarının artırılması üçün əsas ola bilməz. Əvvəla, yaşayış minumumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və bununla əlaqədar, uşağın saxlanılması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vlideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan əlavə, qanununun tələbi baxımından valideynlər öz uşaqlarının saxlanılmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh ilə valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşaqlarını saxlamağa borcludur. Məhkəmə kollegiyası iclasında Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı müəyyən xəstəlikdən əziyyət çəksə də, işləyir. O isə çörək zavodundan işləyir və cəmi 250 manat məvacib alır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmiş, cavabdeh yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2664/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016- cı il tarixli, 2(001)- 2584/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı ‘‘aliment tələbinə dair” iddia ərizəsi təmin edilmiş, Cavabdeh tərəflərin birgə nikahından olan övladları - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T 097931 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əhədov Böyükağa Məmmədəli oğlu xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-T 097932 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İ 268151 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah xx xxxx 2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanılması ilə bağlı əməmk müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh 250 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016- cı il tarixli, 2(001)-2584/2016 nömrəli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlu adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı ‘aliment tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh tərəflərin birgə nikahından olan övladları - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016cı ildə müəyyən edilmiş cavabdehin əməkhaqqı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin hazırki əməkhaqqı olan 250 manat təşkil edir. Hazırda isə yaşayış minimumu məbləği artırılmış, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2020-ci il üçün uşaqlar yaşayış minimumunu və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərini nəzərə almaqla xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Əhədov Böyükağa Məmmədəli oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Alimentin məbləği ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, cavabdeh maddi gəlirinin aşağı olduğu qeyd etmişdir. Cavabdehin qeyd etdiyi hallar qəbul edilsə belə, sonuncunun uşaqlarının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayəti yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və şikayətdə göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2664/2020 saylı iş üzrə xx xxxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2664/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8832/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8832/2020
09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver