Məhkəmə qərarları › İş №2(103)-8832/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8832/2021

23.11.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8832/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı daşınmaz əmlaklara mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(010)- 690/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə iddiaçı olaraq hər birinin bərabər qaydada mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin daşınmaz əmlaklar anaları Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar azyaşlı dövrlərindən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında mülkiyyətçinin mülkiyyətində olan yuxarıda göstərilən əmlaklardan ailə üzvü kimi bərabər şəkildə davamlı olaraq istifadə etmiş və bu gün də istifadə edirlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(010-175/2019 saylı qətnaməsi ilə onların həmin mənzillərdən və fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. İddiaçılar hesab edirlər ki, etibarlı ailə əlaqələri əsasında mülkiyyətçi ilə birgə istifadələrində olan yuxarıda göstərilən əmlaklar üzərində qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə istifadə hüquqları tanındığından həmin əmlaklara gözlənilən (potensial) mülkiyyət hüquqları yaranmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, birgə iddiaçıların mülkiyyət hüquqlarını tanınmasını tələb etdikləri daşınmaz əmlaklar onunla İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının ümumi paylı mülkiyyətindədir. Qüvvədə olan məhkəmə qərarlarına əsasən həmin daşınmaz əmlaklardan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49-un ¼ hissəsi ona, ¾ hissəsi isə Şəfaqət Cəfərovaya məxsusdur. Digər iki daşınmaz əmlaklar üzərində isə onların ½ hissədə payları tanınmışdır. İddiaçılar qəsdən həmin əmlakların yalnız Şəfaqət İsmayılovanın (Cəfərova) tam mülkiyyətində olmasına dair sənədləri məhkəməyə təqdim edərək iddianın təmin olunmasına nail olmaq məqsədi daşımışlar. Hesab edir ki, iddiaçıların həmin daşınmaz əmlaklardan istifadə hüququnun olması mülkiyyət hüququnun tanınmasına əsas vermir. Bundan əlavə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumiyyətlə onun ailə üzvü deyillər. İddiaçıların hazırkı iddianı qaldırmaqda məqsədləri qeyd olunan daşınmaz əmlaklar üzərində onun mülkiyyət hüququnu məhdudlaşdırmaqdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(010)- 690/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırmamışdır. Birgə iddiaçılar hesab edirlər ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verdiyi və istifadə hüququnun mülkiyyət hüququnun mühüm tərkib elementi olduğu halda, məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Bundan əlavə, qeyd olunan daşınmaz əmlaklarla bağlı X4 İsmayılova (Cəfərova) arasında olan məhkəmə proseslərində hazırkı iddiaçılar tərəf və ya üçüncü şəxs olmadıqlarına görə onların paylı mülkiyyət hüququnun tanınması barədə məhkəmə qərarlarının hazırkı iddiaçılar üçün preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş birgə iddiaçılar və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(010)- 690/2021 saylı qətnaməsi birgə iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçılar Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m yaşayış, 45.68 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi anaları Cavabdeh xüsusi mülkiyyətində olduğuna və iddiaçıların azyaşlı dövrlərindən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında mülkiyyətçinin mülkiyyətində olan yuxarıda göstərilən əmlaklardan ailə üzvü kimi bərabər şəkildə davamlı olaraq istifadə etmələrinə istinad edərək, qeyd olunan mübahisəli əmlakların üzərində mülkiyyət hüquqlarının tanınmasını iddia edirlər. Mülki iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin daşınmaz əmlaklar üzərində Cəfərova (Sərdarova) Şəfaqət Səmədxan qızının və X1 1/2 hissədə payları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" y/s, 28 saylı evin 49 saylı mənzilinin üzərində 1/2 hissədə X1, ½ hissədə isə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin mənzilin 1/4 hissəsi üzərində X1, 3/4 hissəsi üzərində isə İsmayılova (Cəfərova, hazırda Sərdarova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktları əsasında mübahisəli daşınmaz əmlaklar üzərində müstəqil tələb irəli sürməyən X1 və cavabdeh Sərdarova (İsmayılova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüqüqları müəyyən edilmişdir. Həmin məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Belə ki, birgə iddiaçıların Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 49, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28 mənzil 6 və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması onların həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınmasına əsas vermir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qərarı ilə qeyd olunan daşınmaz əmlakların X2 ilə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının birgə nikahı dövründə əvəzli əqdlər əsasında əldə olunması müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-403 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(010)- 690/2021 saylı qətnaməsi birgə iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar