Məhkəmə qərarları › İş №2(103)-8835/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8835/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8835/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kreditor Ləğv Prosesində olan İddiaçı ASC-nin borclu Cavabdeh qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi məhkəmənin 17.10.2016cı il tarixli əmri ilə təmin edilmişdir. Məhkəmənin 25 iyul 2018-ci il tarixli qərardadı ilə borclu Cavabdeh verdiyi etiraza əsasən əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2018 saylı 28 sentyabr 2018ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçı LPO "DəmirBank” ASC-nin xeyrinə 998.04 (doqquz yüz doxsan səkkiz manat dörd qəpik) manat əsas borc, 594.25 (beş yüz doxsan dörd manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla cəmi 1 592.29 (bir min beş yüz doxsan iki manat iyirmi doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh oğlundan dövlət rüsumu olaraq 10 (on) manat məbləğində dövlətin hesabına pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, bank tərəfindən hesablanmış şişirdilmiş faiz borcu sübuta yetirilmədiyi halda hüquqi qiymət vermiş və bankın xeyrinə qətnamə qəbul etmişdir. Bundan əlavə “28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” nəzərə alınmamışdır. Cavabdeh tərəfindən dəfələrlə İddiaçı ASC-yə ərizə ilə müraciət edilməsinə baxmayaraq onlar tərəfindən müraciət ərizələri nəzərə alınmamış və məhkəmənin qət etdiyi qanunsuz qətnamə əsasında cavabdeh üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında 05.08.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə DəmirTaksit kredit kartı vasitəsi ilə illik 27 faizlə 12 ay müddətinə 1000,00 manat məbləğində kredit xətti verilmişdir. İş materiallarında olan 13.08.2014-cü il tarixli qəbzdən müəyyən olunur ki, bankomatlardan istifadə üçün şəxsi məxfi kod Cavabdeh verilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC-nin Nizami filialı tərəfindən Cavabdeh xəbərdarlıq məktubları göndərilərək, yaranmış borcun ödənilməsi ondan tələb edilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 998.04 manat əsas borc, 594.25 manat faiz borcu olmaqla cəmi 1 592.29 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, həmin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində faiz borcunun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin şikayətinin digər dəlili olan “28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” nəzərə alınmaması dəlili də əsassızdır. Belə ki, birinci intsansiya məhkəməsinin qətnaməsi 28 sentyabr 2018-ci il tarixdə qəbul edilmişdir. “28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” isə adından da göründüyü kimi 28 fevral 2019-cu il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, mübahisələndirilən qətnamə qəbul edilərkən qeyd edilən Fərman verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2018 saylı 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar