Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8839/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi X1 və cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə Cabir oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-50/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-50/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 17.03.2015-ci il tarixli 143559-114169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 239.931,89 manat məbləğində əsas borc, 21.454,35 manat məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 266386,24 manat məbləğində, 22.04.2015ci il tarixli, 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 476.823,59 manat məbləğində əsas borc, 39.529,94 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 517353,53 manat məbləğində, 30.11.2015-ci il tarixli, 143559-1-14169/5 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən Banka 667.553,05 manat məbləğində əsas borc, 68.425 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 737978,05 manat məbləğində pulun alınaraq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; tutulacaq məbləğin Bank qarşısında girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində 92 ünvanında yerləşən anbarda girov qoyan Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, 17.03.2015-ci il tarixli, 143559-3-196 saylı “dövriyyədəki malların girov müqaviləsi”nin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı1 ASC-yə ödənilməsi; ilkin iddia tələbinin qalan hissəsinin təmin edilməməsi; birləşdirilən iddia tələbinin isə təmin olunması- yəni, İddiaçı2 ilə İddiaçı1 ASC arasında 11.06.2015-ci il tarixdə bağlanmış 308052 saylı, 308103 saylı, 308105 saylı, 308114 saylı, 308121 saylı və 308127 saylı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi; ipoteka ilə yüklü edilmiş və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 332.9 kv.m ümumi sahədən ibarət, qapı 17, 18 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 37.0 kv.m ümumi sahədən ibarət, qapı 9 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 59.3 kv.m ümumi sahədən ibarət, qapı 3 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 45.8 kv.m ümumi sahədən ibarət, qapı 4, 5 nömrəli qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 61.5 kv.m ümumi sahədən ibarət, qapı 49, 50 nömrəli qeyri yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində, 92A ünvanında yerləşən, 49.3 kv.m ümumi sahədən ibarət, qapı 13, 16 nömrəli qeyri yaşayış sahəsinin ipoteka yüklülüyünün ləğv edilməsi və iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı1 ASC-nin iddia tələblərinin təmin edilməsi, birləşdirilən iddia üzrə İddiaçı2 iddiasını rədd olunması barədə yeni qətnamə qəbul xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ilə Ağaddin Abusət (bundan sonra Cavabdeh1) oğlu İsmayılov arasında bağlanmış 17.03.2015-ci il tarixli 143559- 1- 14169 saylı “Baş kredit razılaşması”na əsasən Bank tərəfindən ona 120 ay müddətinə 5.000.000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə borc alanın yaxın qohumu İddiaçı2 özünə məxsus əmlakları yüklü etmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, 17.03.2015-ci il tarixli 143559-1-14169 saylı “Baş kredit razılaşması”na əsasən “Kredit alan” “Bank” tərəfindən açılmış 5.000.000 (beş milyon) manat və ya USD/EUR/RUB ekvivalenti məbləğində kredit xəttini 120 ay müddətində istifdə etməyi və müvafiq ödəniş cədvəllərinə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Hesab edir ki, kredit və ipoteka müqavilələrinin bütün şərtlərinin ipoteka qoyan İddiaçı2 məlum olması, buna etiraz etməməsi, əksinə, iradə ifadəsini bildirərək, müqaviləni imzalaması -ipoteka qoyanın razılığını əks etdirir. Kredit müqaviləsində faiz dərəcəsi barədə məlumatın və ya razılığın olmaması ilə əlaqədar zamin və ipoteka qoyan Banka müraciət etməmiş və buna öz etirazını bildirməyərək, öz razılığını ifadə etmişdirlər. AzərbaycanRespublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında kredit müqaviləsində faiz dərəcəsi barədə zamin və ipoteka qoyanın razılığının alınması ilə bağlı hər hansı bir qayda və ya forma müəyyən olunmamışdır. Plenumun qərarında kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə razılığının olması qeyd olunmuşdur. Hesab edir ki, belə olan halda, zaminin və ipoteka qoyanın razılığı həm ayrı bir ərizə formasında, həm zaminlik müqaviləsinin özündə də ifadə oluna bilər. Göründüyü kimi, Bank ilə ipoteka qoyan arasında bağlanmış kredit xətti müqaviləsinin mühüm şərtləri - məbləğ, müddət və valyuta müqavilədə yetərli dərəcədə aydın göstərilmişdir. Bağlanmış kredit müqaviləsində faiz dərəcəsi barədə borc alanın yaxın qohumu olan digər cavabdehin məlumatı olmuş və bu hal Bankla onun arasında bağlanmş ipoteka müqavilələrində öz əksini tapmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi Bankın cavabdehdən 17.032015-ci il tarixli 142559-1-14169/1 saylı “Bərpa olunan kredit xətti müqaviləsi” cərimə üzrə 348.352 (üç yüz qırx səkkiz min üç yüz əlli iki) manat məbləğində pul vəsaitinin dəyişdirərək 5.000 (beş min) manat məbləğində və 22.04.2015-ci il tarixli 143559-1-14169/2 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən 19.298 (on doqquz min iki yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitinin tutulmasına dair tələbini dəyişdirərək 2.000 (iki min) manat cərimə borcunun İddiaçı1 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qənaətinin səbəbləri, əsasları, məhkəmənin bu qənaətə hansı sübütların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmiş, qətnamənin əsaslandırıcı hissəsində formal cümlələrlə cərimənin tənasübsüz sürətdə yüksək olduğunu qeyd etməklə kifayətlənmişdir. Məhkəmə iclasında İddiaçı1 ASC-nin nümayəndəsi X2 bildirdi ki, tərəflər arasında barışıq əldə olunması üçün danışıqlar gedir və bunun üçün vaxt verilməsini xahiş etdi. Tərəflər arasında şifahi razılaşma var, lakin bank xarici şirkət olduğu üçün Rusiyada yerləşən baş ofislə sənədləşmə edilməlidir. Apellyasiya şikayətində xahiş etdiklərinin təmin edilməsini xahiş ediblər. Lakin hal-hazırda mövqelərini bildiriblər, çünki tərəflər arasında barışıq olması üçün danışıqlar gedir. Cavabdeh İddiaçı2 faiz borcu barədə məlumatı olmasa da, əsas borc barədə məlumatı olub. Məhkəmə iclasında cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə Cabir oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, barışıq barədə onun məlumatı yoxdur, yəqin digər cavabdehlə bu barədə danışıqlar gedir. Ona görə də o, hazırda etiraz etməli olur. Hesab edir ki, hazırki işə baxılmalıdır, barışıq məsələsi isə qətnamədən sonra da həll edilər. Təmsil etdiyi şəxsin borc məbləği barədə məlumatı olmayıb. Əgər borcludursa, borc barədə tam məlumatı olmalı idi. Analoji işlər üzrə Ali Məhkəmənin qərarlarını mövqelərini əsaslandırmaq üçün məhkəməyə təqdim edir. Mülki işə baxılması vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiya məhkəməsi, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 11.02.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 143559-1-14169/1 saylı, 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 239931,89 manat, faiz borcu 21454,35 manat və cərimə borcu 348352 manat olmaqla cəmi borcu 609738,24 manat; 143559-1-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 476823,59 manat, faiz borcu 39529,41 manatı və cərimə borcu 19298 manat olmaqla cəmi borcu 535651 manat; 143559-114169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borcu 667553,05 manat, faiz borcu 68425 manat və cərimə borcu 34416 manat olmaqla cəmi borcu 770394,05 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2021-ci il tarixli 9/4228 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 17.03.2015-ci tarixli 143559-114169/1 saylı kredit müqaviləsi üzrə 17.03.2018-ci il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 77.088,92 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 239.783,08 manat, faiz borcu üzrə 105.143,54 manat; 22.04.2015-ci il tarixli 143559-114169/2 saylı kredit müqaviləsi üzrə 22.04.2018-ci il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 149.435,68 manat, 11.02.2019cu il tarixə əsas borc üzrə 476.180,46 manat, faiz borcu üzrə 199.130,40 manat; 30.11.2015-ci il tarixli 143559-114169/5 saylı kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 338.425,36 manat, 11.02.2019-cu il tarixə əsas borc üzrə 667.553,05 manat, faiz borcu üzrə 360.806,83 manat. Rəydə həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən 11.02.2019-cu il tarixdən sonrakı dövrdə kredit müqavilələri üzrə ödəniş aparılmamışdır. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2021-ci il tarixli 9/1805 saylı rəyinə görə isə, 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 17 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 76989,21 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 239931,89 manat kimi; 22 aprel 2015-ci il tarixli 143559- 1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 22 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 149026,04 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 476823,59 manat kimi; 30 noyabr 2015-ci il tarixli 143559-114169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və həmin müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh1 30 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 336586,81 manat, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) əsas borcu 667553,05 manat kimi müəyyən edilmişdir. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 239931,89 manat əsas borcu, 21454,35 manat faiz borcu və 348352 manat cərimə borcu olmaqla cəmi 609738,24 manat; 1435591-14169/2 saylı, 22 aprel 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 476823,59 manat əsas borcu, 39529,41 manat faiz borcu və 19298 manat cərimə borcu olmaqla cəmi 535651 manat; 143559-1-14169/5 saylı, 30 noyabr 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 667553,05 manat əsas borcu, 68425 manat faiz borcu və 34416 manat cərimə borcu olmaqla cəmi 770394,05 manat məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu – 03 may 2021-ci il tarixli ekspertizanın rəyi ilə isə (əvvəlki ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar natamam cavablandırıldığından mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və məhkəmənin qənaətinə görə, bu səbəbdən məhz sonuncu rəy əsas götürülməlidir) 17.03.2015-ci tarixli 143559-1-14169/1 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 17 mart 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 76989,21 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 239931,89 manat əsas borcunun, 22 aprel 2015-ci il tarixli 143559- 114169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 22 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 149026,04 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 476823,59 manat əsas borcunun, 30 noyabr 2015-ci il tarixli 143559-1- 14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 30 noyabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 336586,81 manat faiz borcunun, 11 fevral 2019-cu il tarixə (iddia tarixinə) 667553,05 manat əsas borcunun olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 239931,89 manat, faiz borcuna görə isə 21454,35 manat; 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 476823,59 manat, faiz borcuna görə isə 39529,41 manat və nəhayət 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə əsas borca görə 667553,05 manat, faiz borcuna görə isə 68425 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə “cərimə borcunun tutulması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir; belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 17 mart 2015-ci il tarixli bərpa olunan kredit xətti müqaviləsi üzrə 5000 manat, 22 aprel 2015-ci il tarixli 143559-1-14169/2 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 1000 manat və nəhayət 30 noyabr 2015-ci il tarixli 143559-1-14169/5 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz hallarına görə, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında 17 mart 2015-ci il tarixli 143559-1-14169 saylı Baş Kredit razılaşması bağlanaraq ona 120 ay müddətinə 5 000 000 (beş milyon) manat və ya USD/RUB/EUR ekvivalenti məbləğində kredit xətti açılmış, müqavilənin 2.1-ci bəndində həmin razılaşmanın bankın kredit vermək öhdəliyini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. Qeyd olunan Baş Kredit razılaşmasının və borcalanın həmin razılaşmanın ayrılmaz hissəsi olan müxtəlif formada bağlanmış müqavilələrdən əmələ gələn öhdəliklərin təminatı kimi Bankla ilə İddiaçı2 arasında 11.06.2015-ci il tarixdə 308052, 308103, 308105, 308114, 308121 və 308127 saylı ipoteka müqavilələri bağlanmışdır. Lakin kredit vəsaitinin verilməsi ilə bağlı müqavilələr bağlanarkən ipoteka qoyanın (İddiaçı2) razılığı alınmamışdır. Belə ki, bank ilə Cavabdeh1 arasında üç ayrı kredit müqaviləsi bağlanmış və ona illik 13% olmaqla, 36 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində, yenə illik 13% olmaqla, 36 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində və illik 17% olmaqla, 36 ay müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kreditlər verilmiş, hər üç müqavilə üzrə hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Göründüyü kimi, kreditin verilməsinə dair müqavilələrdə borc verilən vəsaitin konkret məbləği, valyutası, müddəti və faiz dərəcəsi qeyd edilsə də, ipoteka qoyan İddiaçı2 ilə bağlanmış müqavilələrdə müqavilənin həmin mühüm şərtləri razılaşdırılmamış və ya sonradan buna dair onun razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019cu il tarixli Qərarının nəticə hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün deyil, cərimənin məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni birinci iddianın təmin edilməyən hissəsi, birləşdirilən iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadını nəzərə alınmadığını, yəni həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğunu və hazırki mübahisəyə tətbiq oluna bilməzliyini vurğulasada bu dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarlarındakı hüquqi mövqelərin həmin qərarların qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğu göstərilmiş, hazırki iş də məhkəmənin icraatına 05 mart 2019-cu ildə daxil olmuşdur. Tərəflər arasındakı münasibətlərin də 2016-cı ildə, yəni qeyd olunan qərarlardan əvvəl yaranmasının da iddianın əsaslılığına yaxud qeyd olunan qərarların bu işə şamil olunmamasına heç bir təsiri ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərmşdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarında göstərmşdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumu 25 iyul 2019-cu il tarixli Qərarında bir daha vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq Plenum qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə istinadən bir daha qeyd edir ki, məhkəmələr öz qərarlarını Konstitusiya Məhkəməsi tərəfindən iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olmayan qərar qəbul etməklə Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinin və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozmuş olurlar. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki iş üzrə olan baş kredit razılaşması kredit verənlə kredit alan üçün hər hansı bir öhdəlik və ya məsuliyyət yaratmadığı halda, ipoteka qoyan üçün də həmin müqavilə öhdəlik yaratmamalıdır. Çünki, kredit verən və kredit alan kreditin verilməsi ilə əlaqədar ayrıca bağlanmış kredit razılaşmalarına görə, ipoteka qoyan isə özündə mühüm şərtləri nəzərdə tutmayan bu baş kredit razılaşmasına görə məsuliyyət daşımamalıdır. Borcalan üçün iddia müddəti konkret kredit razılaşmalarının müddətinin bitdiyi vaxtdan, ipoteka qoyan üçün isə baş kredit razılaşmasının müddəti bitdiyi vaxtdan başlamamalıdır. Buna görə də bu münasibətlər üzrə də mülki hüquq münasibətlərinin iştirakçılarından vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsi tələb olunur ki, əksər hallarda bu baş vermir. Göründüyü kimi, hazırki iş üzrə olan baş kredit razılaşmasının təminatı kimi bağlanmış ipoteka müqavilələrində zəruri şərtlər (faiz dərəcəsi və s.) göstərilmədiyindən və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadığından, ipoteka müqavilələri həmin kredit müqavilələrinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Qeyd olunanlara əsasən İddiaçı2 iddiasının rədd olunması üçün də əsas müəyyən edilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmasa da, tənasübsüz olmuşdur. Çünki, tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə 17 mart 2015-ci il tarixli müqavilə üzrə 348352 manat, 22 aprel 2015-ci il tarixli müqavilə üzrə 19298 manat, 30 noyabr 2015-ci il tarixli müqavilə üzrə 34416 manat olmuş, məhkəmə də yuxarıda qeyd olunan qaydada cərimələri azaltmışdır. Belə ki, azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləğləri də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilələr üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ona görə də cərimə hissəsində apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan cərimənin məbləği artırılaraq 17 mart 2015-ci il tarixli müqavilə üzrə 10000 manat, 22 aprel 2015-ci il tarixli müqavilə üzrə 2000 manat, 30 noyabr 2015-ci il tarixli müqavilə üzrə 3000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni cərimənin məbləği hissəsində dəyişdirilməli, cərimənin məbləği artırılaraq 17.03.2015-ci il tarixli müqavilə üzrə 10000(on min) manat, əsas və faiz borcun və cərimənin cəmi isə 271386,24(iki yüz yetmiş bir min, üç yüz səksən altı manat, iyirmi dörd qəpik) manat, 22.04.2015-ci il tarixli müqavilə üzrə 2000(iki min) manat, əsas və faiz borcun, cərimənin cəmi isə 518353,53 (beş yüz on səkkiz min üç yüz əlli üç manat, əlli üç qəpik) manat, 30.11.2015-ci il tarixli müqavilə üzrə 3000(üç min) manat əsas və faiz borcun və cərimənin cəmi isə 738978,05(yeddi yüz otuz səkkiz min, doqquz yüz yetmiş səkkiz manat, beş qəpik) manat müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə t e t d i: İddiaçı1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-50/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni cərimənin məbləği hissəsində dəyişdirilsin. Cərimənin məbləği artırılaraq 17.03.2015-ci il tarixli müqavilə üzrə 10000(on min) manat, əsas və faiz borcun və cərimənin cəmi isə 271386,24(iki yüz yetmiş bir min, üç yüz səksən altı manat, iyirmi dörd qəpik) manat, 22.04.2015-ci il tarixli müqavilə üzrə 2000(iki min) manat, əsas və faiz borcun, cərimənin cəmi isə 518353,53 (beş yüz on səkkiz min üç yüz əlli üç manat, əlli üç qəpik) manat, 30.11.2015-ci il tarixli müqavilə üzrə 3000(üç min) manat əsas və faiz borcun və cərimənin cəmi isə 738978,05(yeddi yüz otuz səkkiz min, doqquz yüz yetmiş səkkiz manat, beş qəpik) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8839/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8839/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver