Məhkəmə qərarları › İş №2(103)-884/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-884/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-884/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci tarixli, 2(009)-1520/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci tarixli, 2(009)-1520/2020 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2831.74 (iki min səkkiz yüz otuz bir manat yetmiş dörd qəpik) manat əsas borc, 468.69 (dörd yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu, cəmi 3300.43 (üç min üç yüz manat) manat borc və və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə onun arasında 02 aprel 2019-cu ildə 25 ay müddətinə yəni 02 may 2021-ci il tarixinədək qüvvədə olan kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 2850 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə mütəmadi olaraq ödəniş qrafiki üzrə ödənişləri vaxtlı vaxtında yerinə yetirmişdir. Dünyada hökm sürən COVİD-19 pandemiyasına qarşı mübarizə sayəsində iqtisadiyyatın bir çox sahəsində iş fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılmış və o, da həmin məhdudlaşdırmadan əziyyət çəkən şəxslərdən biri olmuşdur. Bunun nəticəsi olaraq maliyyə sıxıntıları ilə üzləşmiş və ödəniş qrafiki üzrə ödənişlərimi lazımi qaydada yerinə yetirə bilməmişdir. İddiaçı ASC-dən pul götürməyinin səbəbi anasının xəstəliyi ilə əlaqədar olmuşdur. Yaranmış vəziyyət ilə əlaqədar İddiaçı ASC-yə müraciət edərək kredit müqaviləsi üzrə güzəştə getmələrini xahiş etmişdir. Lakin kreditor tərəfindən buna heç bir əhəmiyyət verilməmişdir. Onun bağladığı kredit müqaviləsinin qüvvədə olma müddəti 2021-ci ilin 02 may tarixinə qədər olmasına baxmayaraq Səbail Rayon Məhkəməsi tərəfindən onunla İddiaçı ASC arasında bağlanmış 02 aprel 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmədən ondan İddiaçı ASC-nin xeyrinə 3300.43 manat pulun tutulması qət edilmişdir. Kredit müqaviləsi qüvvədə olduğu təqdirdə ondan İddiaçı ASC-nin xeyrinə pul tutulmağı yol verilməzdir. Belə ki, onun İddiaçı ASC-yə olan borcu qeyd olunan kredit müqaviləsi əsasında yaranmışdır. Məhkəmə iclasında Cavabdeh ekspertiza rəyi ilə razı olduğunu bildirdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 02 aprel 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və 25 ay müddətinə, illik 25 faizlə 2850 manat kredit verilmişdir. İddiaçının maliyyə arayışına görə Cavabdeh 11.06.2020-ci il tarixə 2831.74 AZN əsas, 468.69 AZN faiz, cəmi 3300 AZN borcu manat kredit borcu vardır. Məhkəmə mühasibatlıq ekspertizasının 01 iyun 2021-ci il tarixli 9/3052 saylı rəyi ilə tərəflər arasında bağlanmış 02 aprel 2019-cu il tarixli, **********01944142 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni 11.06.2020-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə olan borcu 3300,43 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2831,74 manat; faiz borcu üzrə 468,69 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... İkincisi, cavabdehin maddi problemlərinin olması qətnamənin ləğv edilməsi üçün əsas deyildir və bu hal onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə məsluyyətdən azad edə bilməz. Kredit müqaviləsinin qüvvədə olduğu müddətdə məhkəmə qaydasında cavabdehdən borc tələb edilməsinin yolverilməz olduğu cavabdehin şəxsi mülahizələrinə əsaslanan fikirləridir. Çünki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsində öhdəliklərini lazımı qaydada icra etməyəcəyi halında ona qarşı bu cür iddianın irəli sürüləcəyindən məlumatlı idi. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmışdır. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur və təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi vəsatətin təmin olunması üçün ciddi zərurət olmalıdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci tarixli, 2(009)- 1520/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar