Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-884/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndələri (atası) İddiaçı və (vəkili) X2 iştirakları açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 187.000 manat, borc məbləğinin vaxtında qaytarılmaması səbəbindən əldən çıxmış faydanın əvəzinin - 7.916 manat, borc məbləğinin vaxtında qaytarılmaması səbəbindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 187.000 manat, borc məbləğinin vaxtında qaytarılmaması səbəbindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətində cavabdeh bildirir ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da onun prosessual hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Amma Rayon Məhkəməsi nəzərə almamışdır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387.2.2-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və həmin tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən reyestrdə 3M-789 nömrə altında qeydə alınmış “Kredit müqaviləsindən” görünür ki, cavabdeh, hissə-hissə, yəni hər ay 13.500 manat, sonuncu ay (2021-ci ilin oktyabr ayında) isə 14.500 manat ödəmək şərti ilə 190.000 manat məbləğində pulu iddiaçıdan borc alır. Borc, notariusun bankda olan depozit hesabı vasitəsi ilə verilir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı həmin məktubla cavabdehə müraciət edərək bildirmişdir ki, sonuncu ona olan borcunu hər ay hissə-hissə ödəməli olduğu halda bunu etməmişdir. Odur ki, o, 7 gün ərzində borcun tam həcmdə qaytarılmasını tələb edir. Əks halda o, borcun qaytarılması və əldən çıxmış faydanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edəcək. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi (“tələbin dəqiqləşdirilməsi barədə” ərizə nəzərə alınmaqla) onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2020-ci ilin avqust ayında iddiaçıya müraciət edərək 190.000 manat pula ehtiyacının olduğunu bildirmiş və həmin məbləğdə ona borc verməyi xahiş etmişdir. Cavabdeh əvvəllər də iddiaçıdan borc alaraq sonradan borcu problemsiz qaytardığı üçün, iddiaçı bu dəfə də cavabdehə borc vermək qərarına gəlmişdir. Onlar razılığa gəlmişlər ki, borc xx.xx.2021-ci il tarixədək, hissə-hissə, yəni hər ay bərabər paylar ilə ediləcək ödənişlə qaytarılacaq. xx.xx.2020-ci il tarixdə onlar 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə gedərək orada fəaliyyət göstərən Notariat Ofisində “Kredit müqaviləsi” bağlamışlar. Cavabdeh, müqavilənin şərtlərinə və aralarında olan razılığa əsasən borcunu hissə-hissə, yəni hər ay 13.500 manat, sonuncu ay isə 14.500 manat ödəməli olduğu halda, bunu etməmiş, iddiaçı qarşısında həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçı cavabdehə yazılı qaydada müraciət edərək öhdəliyin pozulmasını nəzərinə çatdıraraq borcun qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yalnız bundan sonra cavabdeh tərəfindən iddiaçıya 3.000 manat ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 187.000 manat məbləğində pul cavabdehdən onun xeyrinı tutulmalıdır. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh ona olan borcu qaytarmamaqla ona kifayət qədər maddi zərər yetirmişdir. Belə ki, cari ilin avqust ayında 190.000 manat məbləğində vəsait ölkə üzrə istənilən bankda depozit olaraq qoyulmuş olsaydı bir ilə bank 10% depozit gəlir verəcəkdi. Beləliklə 190.000 manat məbləğində pulun illik depozit faizi 19.000 manat, 5 aya isə bu məbləğ 7.916 manat edir və bu məbləği o, əldən çıxmış fayda hesab edir. Bu səbəbdən də, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı əsəb gərginliyi keçirmiş, ona mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. İddiaçının nümayəndələri olan atası və vəkili apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak etməsə də, iddia tələbinə qarşı apellyasiya şikayətində onun ifadə olunmuş etirazı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan borc almamışdır. İddiaçı cavabdehə bildirmişdir ki, cavabdehin ərinin ona borcu var və cavabdehə hədə-qorxu gələrək, cavabdehi notariat ofisinə aparmış və cavabdeh, öz iradəsinin ziddinə müqaviləni imzalamaq məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Borc məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi notarial qaydada təsdiq edilmiş müqavilə əsasında və notariusun bank hesabı vasitəsi ilə həyata keçirildiyindən cavabdeh apellyasiya şikayətində göstərdiyi xüsustaları, yəni müqaviləni iddiaçının ona etdiyi hədə-qorxu nəticəsində imzalamasını, habelə borc məbləğinin iddiaçı tərəfindən ona verilməməsini sübuta yetirmək vəzifəsini daşıyır. Lakin cavabdeh, bu kimi sübutlarını Məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı iclasına ümumiyyətlə gəlməmiş, nə də ki, sübutlarını Məhkəmənin ünvanına göndərməmiş, apellyasiya şikayətinə əlavə etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin bildirdiyi xüsusatlar formal mülahizə xarakteri daşıyır. Yuxarıda qeyd edilən müqavilənin etibarlı olmasını şübhə altına ala biləcək xüsasatlar apellyasiya baxışı zamanı müəyyən edilmədiyindən qəbul edilməlidir ki, cavabdeh iddiaçıdan 190.000 manat məbləğində borcu almış, borcundan 3.000 manatı qaytarmış, qalan 187.000 manat məbləğində borcu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçıya olan 187.000 manat məbləğində borcunu ödəməlidir. İddianın müzakirə edilən bu hissəsi əsaslıdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb 7.916 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədədir. Bu tələbin hüquqi əsası yuxarıda qeyd edildiyindən Məhkəmə həmin əsasları bir daha qeyd etməyi zəruri bilmir. Cavabdehin yuxarıda təsvir edilmiş mövqeyi nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh hesab edir ki, o, iddiaçıdan borc almadığı üçün iddiaçının qeyd edilən faydadan məhrum olması baş verməmişdir. Bu iddia tələbinin həlli ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə 5 məsuliyyət müəyyən edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilən maddi hüququ normasının tələbindən, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında təsbit edilmiş hüquqi mövqedən və MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, müzakirə edilən iddia tələbi sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pulun tutulması barədədir. Bu tələbin hüquqi əsası yuxarıda qeyd edildiyindən Məhkəmə həmin əsasları bir daha qeyd etməyə lüzum görmür. Cavabdehin yuxarıda təsvir edilmiş mövqeyi nəzərə alındıqda isə müəyyən edilir ki, cavabdeh hesab edir ki, o, iddiaçıdan borc almadığı üçün o, iddiaçıya mənəvi zərər vurmamışdır. Bu iddia tələbinin həlli ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 8 №-li qərarına görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə, mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Göstərilən ölkədaxili və beynəlxalq hüquq normalarının tələblərindən və MPM-nin yuxarıda qeyd edilmiş 77.1 və 14.2-ci maddələrinin tələblərindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, müzakirə edilən iddia tələbi də sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. Beləliklə qeyd edilənləri, MPM-nin 119.1 və 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 187.000 (yüz səksən yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-884/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-884/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver