Məhkəmə qərarları › İş №2(103)-8840/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8840/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8840/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani Hüseynovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kreditin qaytarılmasının gecikdirilməsinə görə faiz ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: 1-ci cavabdeh kredit alan, 2-ci və 3-cü cavabdehlər zaminlərdir. 24.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank 1-ci cavabdehə 145.000 manat kredit verib. Kredit 60 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 7 faiz müəyyən olunub. Kreditin qaytarılmasının təminatı kimi 24.12.2015-ci il tarixdə bank ilə 2-ci və 3-cü cavabdehlərin arasında zaminlik müqaviləsi bağlanıb. Kredit öhdəliyi pozulduğuna görə bank bundan əvvəl bir dəfə məhkəməyə müraciət edib. Başqa iş üzrə Xətai Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsi ilə qət olunub ki, kredit müqaviləsi ləğv edilsin, 04.04.2019-cu il tarixinə əsas borc kimi 135.789,36 manat, faiz borcu kimi 546,87 manat, cərimə kimi 766,56 manat, cəmi 137.102,79 manat cavabdehlərdən tutularaq banka verilsin və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Qətnamə qanuni qüvvəyə minib. Bundan sonra bank hazırkı iddia ilə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində cavabdehlərdən tələb olunub: 1) 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının 30.12.2020-ci il tarixdən 04.02.2021-ci il tarixədək gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 467,8 manat əldən çıxmış fayda; 2) əsas borc üzrə gecikdirilmiş 136.530,05 manat məbləğində pula 13.11.2019-cu il tarixdən başlayaraq qətnamənin icra olunduğu günə qədər aylıq 0,6 faiz dərəcəsi ilə hesablanmış faiz məbləği. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: İddia ərizəsində 2 tələb var. Məhkəmə həmin tələblər barədə ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci tələb barədə: Bu tələb əsassızdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək əldən çıxmış faydanın ödənilməsini tələb edir. Əldən çıxmış fayda zərərin növlərindən biridir. Zərərin 2 növü var: real zərər və əldən çımış fayda, yəni şəxsin hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir. Lakin 445.7-ci maddənin göstərişinin əldə çıxmış fayda (zərər) ilə heç bir əlaqəsi yoxdur. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır, gecikməyə görə ödənilən pul isə dəbbə pulu sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. “5 faiz” qanunla müəyyənləşdirilmiş dəbbə puludur. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı əldən çıxmış faydanın (zərərin) əvəzi kimi 467,8 manat ödənilməsini tələb edib. Ona görə də məhkəmə 467,8 manatı dəbbə pulu kimi tuta bilməz. 2-ci tələb barədə: Bu tələb əsassızdır. Belə ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək gecikdirilmiş borca görə aylıq faiz (0,6 faiz) tələb edib, tələbində faizin hesablanması dövrünü (13.11.2019-cu il tarixdən qətnamənin icra olunduğu günə qədər) və gecikdirilmiş borcun məbləğini (136.530,05 manat) göstərib. İddiaçının istinad etdiyi aylıq faiz dərəcəsi (0,6 faiz) kredit müqaviləsində kreditdən istifadəyə görə müəyyən olunmuş aylıq faiz dərəcəsidir. Kredit müqaviləsinin müddəti (60 ay) bitib, habelə kredit müqaviləsinin ləğv edilməsi barədə 14.11.2019-cu il tarixdə qətnamə qəbul olunub. Kredit müqaviləsində göstərilən faiz (kreditdən istifadəyə görə faiz) kredit müqaviləsinin müddəti (yəni kreditdən istifadə hüququnun qüvvədə olduğu müddət) üçün etibarlıdır. 449-cu maddədə nəzərdə tutulan ödəniş zərərin (əldən çıxmış faydanın) əvəzi deyil, maliyyə sanksiyasıdır, bank uçot dərəci ilə müəyyənləşdirilir. Həmin sanksiyanın tətbiq edilməsi üçün kreditalanın pulun qaytarılmasını gecikdirməklə ondan faydalandığı sübut olunmalıdır. Lakin işdə bu barədə heç bir sübut yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar