Məhkəmə qərarları › İş №2(103)-885/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-885/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "X4 Edilməsi Agentliyi" MMC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddiası, Cavabdeh "X4 Edilməsi Agentliyi" MMC-yə qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-270/2020 nömrəli qətnaməsindən "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "X4 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-61 saylı, xx xxxxxx 2018- ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx” QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə № 540/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ona ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Müqavilənin 4.4-cü bəndinə əsasən “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh hazırda banka faiz borcu üzrə 7956.02 ABŞ dolları məbləğində borcu qalmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ilə müraciət edərək, «X4 Edilməsi Agentliyi» MMC-nin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «xxxx» ASC-nin Xaçmaz filialı ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 3 540/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, o cümlədən həmin müqavilə üzrə hesablanmış qanunsuz və ədalətsiz əlavə faiz (digər) məbləğlərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “X4 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” ASC-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən onun 7956.02 ABŞ dolları məbləğində faiz borcu qaldığını bildirmişdir. Sözügedən kredit müqaviləsi barəsində onun heç bir məlumatı olmamışdır. Həmin müqavilə onun iştirakı və məlumatı olmadan qanunazidd şəkildə bağlanmışdır. Belə ki, o, 2005-ci ildə “xxxx” ASC-nin Xaçmaz filialından kredit götürmüş və həmin kredit borcunu 2 (iki) ay ərzində bağlamışdır. Daha sonra şəxsiyyət vəsiqənin surəti bankda qaldığı üçün sözügedən bankın əməkdaşı saxtakarlıq yolu ilə onun adına xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən 101.025 ABŞ dolları məbləğində kredit götürmüşlər. Daha sonra, təxminən 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, orada onun imzası yoxlanılaraq sübuta yetirilmişdir ki, sözügedən kredit müqaviləsi onun tərəfindən imzalanmamışdır. Əlavə olaraq bildirir ki, borc müqaviləsinin onun adına aid olan hissəsi tam ödənilmiş və onun adına heç bir borc məbləği qalmamışdır. Buna görə də, hesab edir ki, məhkəmə ilkin iddia tələbini təmin etməməli, kredit müqaviləsini və ondan irəli gələn bütün hüquqi nəticələri ləğv etməli, qarşılıqlı iddia tələbini təmin etməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-270/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, «xxxx» ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-270/2020 nömrəli qətnaməsindən "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "X4 Edilməsi Agentliyi" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin gedişatı zamanı məhkəmə tərəfindən yenidən xətşünaslıq ekspertizası təyin edilməli, kredit və kassa məxaric orderlərində olan imzaların Cavabdeh məxsus olmasına dair yeni ekspert rəyi alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 540/06 saylı, xx xxxx 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 15 faizlə 101025 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 007-6898-1220 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə kassa məxaric orderində “Borc alan” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən deyil, filialın Kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X2 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə “xxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə kassa məxaric orderində “Borc alan” sözünün qarşısındakı imza X2 tərəfindən icra olunmuşdur. İş materiallarını araşdıran apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İş materiallarından müəyyən olunur ki, iddia ərizəsinə əlavə olunmuş “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 540/06 saylı, xx xxxx 2006-cı il tarixli kredit müqaviləsində əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 15 faizlə 101025 ABŞ dolları məbləğində kredit verilməsi göstərilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyi ilə həmin xüsusat təkzib olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Cavabdeh “xxxx” ASC-nin Xaçmaz filialı ilə göstərilən müqaviləni bağlamamış, həmin müqavilə üzrə üzərinə öhdəliklər götürməmiş, müqaviləni və bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderini onun adından başqa şəxs imzalamaqla həmin sənədləri saxtalaşdırmışlar. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Bu isə özlüyündə müqavilənin etibarsızlığına səbəb olan haldır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı yenidən ekspertizanın keçirilməsini xahiş etsə də, ekspert rəyinin hansı səbəbdən düzgün olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmiş halı şübhə altına alan və ya təkzib edən hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan "X4 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar