Məhkəmə qərarları › İş №2(103)-8850/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8850/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8850/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Əziz Hidayət oğluna qarşı «mənzildən çıxarılma və mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair 2(002)-1668/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əziz Hidayət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əziz Hidayət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əziz Hidayət oğlunun iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 5q ünvanda yerləşən 7 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 5q ünvanda yerləşən 7 saylı mənzili 24 fevral 2005-ci il tarixdə ünvan 1torunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına ÖM seriyalı 229332 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vaxtdan mənzil onun şəxsi mülkiyyətindədir. Alqı-satqı zamanı keçmiş mülkiyyətçinin qohumu olan cavabdeh də notarial qaydada alğı-satqıya razılıq vermişdir. Onunla cavabdeh arasında hər hansı başqa razılaşma olmamış və cavabdehin qarşısında hər hansı öhdəlik götürməmişdir. Mənzili aldıqdan sonra həmin dövrdə mənzilə ehtiyacı olmadığı üçün keçmiş mülkiyyətçinin xəstəliyini və xahişini nəzərə alaraq, onun və cavabdehin mənzildə yaşamasına etiraz etməmişdir. Lakin keçmiş mülkiyyətçi vəfat etdikdən sonra da, cavabdeh orada yaşamağa davam edir. Hazırda mənzilə ehtiyacı olduğu üçün cavabdehin mənzildən çıxmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Eyni zamanda cavabdehin sözügedən mənzildə qeydiyyatda qalması ona sonradan məlum olmuşdur. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır, həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Əziz Hidayət oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5 «q» saylı evin 7 saylı mənzili mərhum bibisi Həqiqət Dövlətovaya məxsus olmuşdur. Bibisi həmin evin satılması barədə İddiaçı etibarnamə vermişdir. Qanunvericiliyin tələbinə görə adına etibarnamə olan şəxs həmin etibarnamədən öz mənafeyinə uyğun olaraq istifadə edə bilməz. Lakin iddiaçı həmin etibarnamədən istifadə edərək evi öz adına rəsmiləşdirmişdir. O, həmin mənzildə bibisi ilə birlikdə yaşamışdır. İddiaçı ilə aralarında razılaşma olmuşdur ki, onlar həmin mənzildə yaşayacaqlar, iddiaçı onlara baxacaq və onlar vəfat edəndən sonra isə ev iddiaçıya keçəcək. O, İİ qrup əlildir, işləmək qabiliyyəti yoxdur. Ona kiminsə baxmasına ehtiyacı olduğu üçün iddiaçının ona və bibisinə baxması üçün evi iddiaçıya verməyə razı olmuşlar. Bibisi 09.03.2014-cü il tarixdə vəfat etmiş, mənzildə o, tək yaşamaqda davam etmişdir. Lakin iddiaçı razılaşmanı pozaraq onu mənzildən çıxarmaq istəyir. X1 iflic xəstəsi olmuş və hərəkət etmək imkanı məhdud olmuşdur. İddiaçı bibisinin xəstəliyindən istifadə edərək, ondan etibarnamə almışdır. Bütün bunlar məhkəmə iclasında araşdırılmamışdır. Həmin mənzil onun yeganə yaşayış yeridir. İddiaçı onları aldatmışdır. Evə dair alqı-satqı müqaviləsi bağlansa da, nə ona, nə də bibisinə heç bir pul verməmişdir. Ümumiyyətlə alqı-satqı müqaviləsindən onların xəbəri olmamışdır. Bibisi yalnız İddiaçı etibarnamə vermiş, həmin etibarnamə ilə iddiaçı qanunsuz olaraq evi adına rəsmiləşdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Qaradağ rayon MKTB-nin 123 saylı MKİS tərəfindən verilmiş 05.02.2005-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5q saylı evin 7 saylı mənzili X3 şəxsi mülkiyyətindədir, həmin mənzildə özü və qardaşı oğlu Əziz Hidayət oğlu qeydiyyatdadırlar. X5 05.02.2005-ci il tarixli, ƏN-İ seriyalı 021001 saylı etibarnamə ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5q saylı evin 7 saylı mənzilinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X7 etibar etmişdir. Mənzilin keçmiş mülkiyyətçisi X5 24.02.2005-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5q saylı evin 7 saylı mənzilini İddiaçı satmışdır. Əziz Hidayət oğlunun ünvan 2 ünvanladığı 05.02.20005-ci il tarixli ərizədən göründüyü kimi, Əziz Hidayət oğlu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5q saylı evin 7 saylı bir otaqlı mənzilin satılmasına razılıq vermiş, ərizənin notarius tərəfindən oxunduğunu və heç bir etirazının olmadığını qeyd etmişdir. Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən verilmiş 07.04.2005-ci il tarixli, ÖM seriyalı 229332 saylı qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 16,59 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5q saylı evin 7 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 302 saylı reyestr kitabında 30/7279 nömrəsi ilə 07.04.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 28.04.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. Həmin mənzildə İddiaçı başqa Əziz Hidayət oğlu, X8, X6 və X10 qeydiyyatdadırlar. Ölüm haqqında tibbi şəhadətnamədə qeyd olunmuş məlumatlara əsasən X5 09.03.2014-cü il tarixdə vəfat etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq müvafiq hüquqi qiymət verilmiş sübutlardan (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 229332 saylı qeydiyyat vəsiqəsi, Dövlət Notariat Arxivindən daxil olan notariat işinin surəti) göründüyü kimi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi 5q saylı evin 7 saylı mənzilini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır, hazırda həmin mənzil onun mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisinin qohumu olan cavabdeh də həmin alqı-satqı müqaviləsinin bağlanmasına notarial qaydada razılıq vermişdir. İddiaçı özünə məxsus mənzildən onun ailə üzvü olmayan və daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmayan cavabdehin çıxarılmaqla istifadə hüququna xitam verilməsini tələb etmişdir. Cavabdeh tərəf həmin mənzildə ömürlük yaşaması barədə iddiaçı ilə razılığının olduğunu bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16.12.2014-cü il tarixli Qərarda qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verib, iddia tələbini təmin edərkən haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Əziz Hidayət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(002)- 1668/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar