Məhkəmə qərarları › İş №2(103)-886/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-886/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-886/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Məhsəti Hüseynovanın, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqviləsi üzrə borcun ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, kredit müqaviləsi üzrə əsas borcu kimi 12.052,42 ABŞ dolları, faiz borcu kimi 11.127,98 ABŞ dolları, cərimə borcu kimi 1.201 ABŞ dolları cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh (kredit alan) Cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Məhsəti Hüseynova apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh2 isə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 08.05.2012-ci il tarixli kredit xətt müqaviləsi, 27.05.2015-ci il tarixli kredit razılaşması və həmin kredit razılaşmasına dəyişikliklər edilməsi barədə 30.03.2016, 21.09.2016, 12.06.2017, 31.10.2017 və 16.11.2017-ci il tarixli sazişlər üzrə 01.05.2020-ci il tarixinə kredit alanın borcu birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilən məbləğdədir. Bu, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 13.10.2021-ci il tarixli, 9/5615 nömrəli rəyi ilə təsdiq olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi kredit alandan həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin mübahisələndirilən hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Digər cavabdehlər apellyasiya şikayəti vermədiklərinə görə qətnamənin onlara aid hissəsi apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar