Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8866/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), CƏfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Fərəh Fərhadovanın iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(010)-114/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə 15.05.2019-cu ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, 1217,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 18173,55 manat məbləğində borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 15.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 12750 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçı Bank qarşısında həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə Bank ilə cavabdeh arasında 15.05.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış, avtomobilin ipoteka ilə yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən reyestrdə qeydiyyata alınmış və bu barədə 15.05.2013-cü il tarixdə AB seriyalı, 997293 saylı şəhadətnamə verilmişdir. Qeyd edilən müqavilələrin şərtlərinə baxmayaraq, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, Banka olan borcu kredit müqaviləsi və müqavilənin tərkib hissəsi olan razılaşdırılmış ödəniş qrafiki üzrə aybaay, hissə-hissə ödəməmişdir. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən onun iddiaçı Banka 8029,81 manat məbləğində əsas borcu, 1212,62 manat məbləğində faiz borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış Bank, cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtinə uyğun olaraq cavabdehə 7713,68 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bundan başqa Bank, onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq müqavilənin müddətinin tarixdən sonrakı müddət üçün illik 5 faiz ilə cavabdehə gecikdirilmiş faiz borcu hesabalamışdır ki, həmin borcun məbləği 1217,44 manat təşkil edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(010)- 114/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış 15.05.2013-cü il tarixli, 120/01/12026/13 saylı kredit müqaviləsinə əsasən 7978,02 manat (yeddi min doqquz yüz yetmiş səkkiz manat iki qəpik) əsas, 1212,62 manat (min iki yüz on iki manat altmış iki qəpik) faiz bоrcu və 200 manat (iki yüz) məbləğində cərimə olmaqla, cəmi 9390,64 manat (doqquz min üç yüz doxsan manat altmış dörd qəpik) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus “Mercedes Benz E320” markalı, 2004-cü il buraxılışlı, qara metal rəngli, ban WDB2110651A503229 olan **-OE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 15800 (on beş min səkkiz yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiаnın qаlаn hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni cərimənın (dəbbənin) azaldılması və gecikdirilmiş günlər üçün 5 faiz ilə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbin təmin edilməməsi hissəsində dəyişdirilməsi və həmin tələblərin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(103)-7307/2020 nömrəli qətnaməsi ilə iddiaçı QSC “Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı iddiasının “öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi və “Kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması barədə” hissəsi qismən təmin edilməsi, tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 797 (yeddi yüz doxsan yeddi) manat, Kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı zaman üçün hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 153 (yüz əlli üç) manat 86 (səksən altı) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı QSC “Bank Standart” KB-yə ödənilməsi, apellyasiya baxışının predmetini təşkil edən həmin tələblərin qalan hissəsinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, bu məqsədlə Cavabdeh 15 (on beş) manat məbləğində pulun tutularaq iddiaçı QSC “Bank Standart” KB-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçı Bankın ləğvedicisi olan Fondun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qətnaməsi borcun illik 5 faiz məbləğinin ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçı bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, məhkəmələr tərəfindən tutulmuş əsas və müqavilə faizi, habelə cərimə üzrə borc məbləğləri iddia tələbinin həcminə, ekspertizanın rəyinə və qanunvericiliyə uyğun olduğuna görə həmin hissələrdə kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə olan halda, hazırki apellyasiya baxışının predmetini iddianın illik 5% məbləğinin ödənilməsi hissəsi təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, həmin tələbin hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir. Normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğvedicinin hazırki apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan borcun illik 5% məbləğinin ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. İş üzrə məhkəmə qətnaməsi qəbul edən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi iddianın borcun illik 5% məbləğinin ödənilməsi hissəsində təmin etməmiş, gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faizə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edilməməkdə haqlı olmamışdır. Çünki qanunverici, borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyini pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bankın ləğv prosesində olması mülki hüquq münasibətlərinin subyekti kimi onun qanunla müəyyən edilən alacaq (tələb) hüquqlarına malik olmaq imkanını aradan qaldırmır. Bank ləğv prosesində olsa da, bankın mülki hüquq qabiliyyətinə malik olan kreditor kimi borcun gecikdirilməsinə görə illik 5 faizini faydalanma şərtinə bağlı olmadan borcludan tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan borcun illik 5% məbləğinin ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1217,44 manat pul (günlük faiz məbləği və gecikdirilmiş gün sayısı - 1.12 (bir) manat (on iki) qəpik x1087) Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli, 2(010)-114/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan borcun illik 5% məbləğinin ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1217,44 (min iki yüz on yeddi manat, qırx dörd qəpik) manat pul Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8866/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8866/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver