Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8869/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Paşalı Ehtiram Şahid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-334/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı TuranBank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızma qarşı «kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, TuranBank ASC ilə borclu Cavabdeh1 arasında 22.08.2014-cü il tarixli İK Nə 1196/F-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.2, 1.6 və 1.11-ci maddələrinə əsasən 22% olmaqla 36 aylıq müddətə cavabdeh 30 000 manat məbləğində istehlak məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 bankdan aldığı kredit və ona hesablanmış faizləri müqaviləyə əsasən sərbəst ödəniş cədvəlinə uyğun ödəməklə qaytarmalıdır. Lakin kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq bu günə kimi cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla digər Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 22 avqust 2014-cü il tarixli Nə 1196/F-14 saylı ipoteka müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh2 qızma məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.09.2011-ci il tarixdə qeydiyyata alınmış seriya MA Nə ******* Reyestr Nömrəsi **********86-05101-093030, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m. ümumi, 29.47 kv.m. yaşayış, 11.9 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdehlər müvafiq qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı yuxarıda göstərilənləri və AR MPM-nin 275-278ci maddələrinin tələblərini rəhbər tutaraq 22 avqust 2014-cü il tarixli, İK Nə 1196/F-14 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 Banka olan 13 507.86 (on üç min beş yüz yeddi manat 86 qəpik) manat əsas, 354.38 (üç yüz əlli dörd manat 38 qəpik) manat faiz, 10 295.67 ( on min iki yüz doxsan beş manat 67 qəpik) manat cərimə faiz borcu olmaqla, cəmi 24 157.91 (iyirmi dörd min bir yüz əlli yeddi manat 91 qəpik) manat pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 "Bank"-ın xeyrinə tutulması; həmin məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh2 qızma məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.09.2011-ci il tarixdə qeydiyyata alınmış seriya MA Nə ******* Reyestr Nömrəsi **********86-05101-093030, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m. ümumi, 29.47 kv.m. yaşayış, 11.9 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə yönəldilərək, həmin əmlakın açıq hərracda satılmasından əldə edilən vəsait hesabına TuranBank ASC-nə ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-334/2019 saylı, 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 22 avqust 2014-cü il tarixli, İK N° 1196/F-14 saylı kredit müqaviləsinə əsasən Banka olan 13 507.86 (on üç min beş yüz yeddi manat 86 qəpik) manat əsas, 354.38 (üç yüz əlli dörd manat 38 qəpik) manat faiz, 1029 (min iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 14891.24 (on dörd min səkkiz yüz doxsan bir manat iyirmi dörd qəpik) manat pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 30 manat məbləğində rüsumunun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 “Bank”-ın xeyrinə tutulması, həmin tələb ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.09.2011-ci il tarixdə qeydiyyata alınmış seriya MA Nə ******* reyestr nömrəsi **********86-05101- 093030, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m, ümumi, 29.47 kv.m, yaşayış, 11.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməsi, artıq qalan məbləğin ipoteka qoyana qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 145 (yüz qırx beş) manatın 62%-i, yəni 90 (doxsan) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, qalan 38 %-i, yəni 55 (əlli beş) manatın "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia qismən təmin edildiyindən, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 62%-i, yəni 18 (on səkkiz) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 38 %i, yəni 12 (on iki) manatın isə İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, yenidən qiymətləndirmə və ekspertiza təyin edilməklə, qalıq borcun müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, o dəyişdirilməlidir. Məhkəmə ipotekaya qoyulan əmlakın qiymətləndirilməsini "xxxx" MMC şirkətinə həvalə edib. Həmin şirkət ipotekaya qoyulan əmlakla bağlı qiymətləndirmə hesabatını təqdim edib. Bu hesabatda yaşayış sahəsinin bazar qiyməti müəyyən edilib. Hesabatda əmlakın dəyərinin müəyyən edilməsi üçün yaşayış sahəsinin yerləşdiyi ərazidə mövcud olan yaşayış sahələrinin qiymətləri ilə müqayisə aparılmayıb, digər sahələrin qiymətləri barədə hər hansı fikir əksini tapmayıb. Bundan əlavə, yaşayış sahələrinin bazar qiyməti müəyyən edilib, likvid qiyməti müəyyən edilməyib. Göründüyü kimi, qiymətləndirmə hesabatları qanunvericiliyin tələblərinə zidd olaraq hazırlanıb, ipotekaya qoyulan əmlakların likvid qiyməti müəyyən edilməyib, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlili aparılmayıb, satış qiymətinin hansı kriteriya əsasında müəyyən edildiyi izah edilməyib. Buna görə də iş üzrə təkrar qiymətləndirmə həyata keçirilməlidir. Həmçinin iddia məhkəməyə daxil olduqdan sonra da cavabdeh tərəfindən kredit üzrə Banka müəyyən ödənişlər həyata keçirilib. Lakin həmin ödənişlər nəzərə alınmayıb, buna görə də ekspert rəyi ilə iddiaçının iddia tələblərində göstərilən məbləğlər arasında əhəmiyyətli fərqlər ortaya çıxıb. Məhkəmə bu ziddiyyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməli idi və bu yolla fərqlər aradan qaldırıla və cavabdehin həqiqətən banka hansı məbləğdə borcunun qaldığını bilərdi. Digər tərəfdən, məhkəmə 1029 manat cərimə borcunun tutulmasını müəyyən edib. Hesab edir ki, bu məbləğdə cərimə borcunun tutulması da cavabdehi çətin vəziyyətə salır, onun maddi vəziyyətini ağırlaşdırır. O, məhkəmə iclaslarında iştirak etməmişəm və məhkəmə iclasları onun iştirakı olmadan keçirilib. Buna görə də onlar öz arqumentlərini məhkəmə iclasında səsləndirə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Paşalı Ehtiram Şahid oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qərarınını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-334/2019 saylı 12 iyul 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m ümumi, 29.47 kv.m yaşayış, 11.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə hərracdan ilkin satış (likvid) qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan “Turan Bank Açıq Səhmdar Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2014-cü il tarixli, İK Nə 1196/F-14 saylı kredit müqaviləsinə əsasən məlum olur ki, illik 22% olmaqla 36 (otuz altı) ay müddətinə 30 000 (otuz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 22 avqust 2014-cü il tarixli Nə 1196/F-14 saylı ipoteka müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh2 qızma məxsus olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 02.09.2011-ci il tarixdə qeydiyyata alınmış seriya MA N2 ******* Reyestr Nömrəsi **********86-05101-093030, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m. ümumi, 29.47 kv.m. yaşayış, 11.9 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıq məktubuna əsasən məlum olur ki, cavabdehlər banka olan borclarını ödəməsi barədə xəbərdar edilmişdirlər. Əks təqdirdə müvafiq dövlət orqanlarına müraciət olunacağı cavabdehlərə bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13561 saylı, 11 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən məlum olur ki, Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu iddia ərizəsi verilən tarixə, yəni 13.03.2018-ci il tarixə 22,025.50 manat, faiz borcu 2 430.41 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2018-ci il tarixli, C- 6580 saylı rəyinə əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m. ümumi, 29.47 kv.m. yaşayış, 11.9 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 45 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materialları ilə müəyyən edilir ki, “Turan Bank Açıq Səhmdar Yasamal” filialı ilə Cavabdeh1 arasında 22 avqust 2014-cü il tarixli, İK Nə 1196/F-14 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh1 30 000 (otuz min) manat məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 36 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 22 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13561 saylı, 11 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən məlum olur ki, Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 22,025.50 manat, faiz borcu 2 430.41 manat təşkil etmişdir. Lakin iddiaçı cavabdehdən 13 507.86 (on üç min beş yüz yeddi manat 86 qəpik) manat əsas, 354.38 (üç yüz əlli dörd manat 38 qəpik) manat faiz borcu tələb etdiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspert rəyində hesablanmış əsas və faiz məbləği iddia tələbindən artıq hesablandığından, MPM-nin 218.3-cü maddəsinə əsasən məhkəmə iddia tələbindən artıq həddə vəsaiti tuta bilmədiyindən ekspert rəyi nəzərə alınmamalı, iddia tələbi əsas borca və faiz borca aid hissədə iddia tələbinin həcminə uyğun olaraq əsas borc 13 507.86 (on üç min beş yüz yeddi manat 86 qəpik) manat, faiz borcu isə 354.38 (üç yüz əlli dörd manat 38 qəpik) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən 10 295.67 manat dəbbə pulu məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən 1 029 (min iyirmi doqquz) manat cərimə borcu həddinədək azaldılmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 5 9.3-cü madddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, tələb əsas, faiz və cərimə borcu cavabdehdən tutulmalı və tələb həmin məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh2 qızma məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m. ümumi, 29.47 kv.m. yaşayış, 11.9 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, artıq qalarsa həmin məbləğ ipoteka qoyana qaytarılmaldır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas, faiz və cərimə pulunun tutulması hissəsində və tələbin ipotekaya qoyulmuş mənzilə yönəldilməsi hissəsində düzgün nəticəyə gəlmiş olsa da, ipoteka predmetinin ilkin satış (likvid) qiymətini müəyyənləşdirməməkdə haqlı olmamışdır. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetini qiymətləndirmiş olsa da, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini qətnaməsində müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli MB 14/1203 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən, 47 nömrəli mənzilin likvid dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda ilkin satış qiymət tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə rəyi əsas götürülməkə ipoteka predmeti olan əmlakın likvid dəyəri 65000 (altmış beş min) manat məbləğində müəyyənləşdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəyi ilə razı olmadığını qeyd etsə də, bu halın nədən ibarət olmasını və bu halı təsdiq edəcək əsaslı dəlili məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli MB 14/1203 nömrəli məktubundan göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 tutularaq, "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 334/2019 saylı 12 iyul 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m ümumi, 29.47 kv.m yaşayış, 11.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə hərracdan ilkin satış (likvid) qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-334/2019 saylı 12 iyul 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-n, 22 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37 kv.m ümumi, 29.47 kv.m yaşayış, 11.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzilə hərracdan ilkin satış (likvid) qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8869/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8869/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver