Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-887/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manatın, məhkəmə üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9030 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 900 manat pul və 3 manat dövlət rüsumu olmaqla, cəmi 903 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə o, cavabdehə 9000 manat məbləğində borc vermişdir, cavabdeh də həmin pulu xx.xx.2019-cu il tarixə kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Rayon məhkəməsi iddia tələbindən kənara çıxaraq həmin kredit müqaviləsini etibarsız hesab etməkdə haqlı olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 842/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-2213/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 9000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 manatın tutulması qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-842/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə göndərdiyi teleqramda üzrlü səbəbdən gələ bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəblə bağlı hər hansı sübut əlavə etməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixdə 42 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 9000 (doqquz min) manat məbləğində borc pul verir və borc alan Cavabdeh krediti xx.xx.2019-cu il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürür. xx xxxxxx 2017-ci il tarixdə 42 saylı notariat kontorunda təsdiq edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında ƏN-İV No 198335 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi (təmsil edilən) İddiaçı xüsusi mülkiyyətində olan 90- OL733 dövlət qeydiyyat nişanlı FORD TRANSİT YÜK markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2019-cu il tarixədək Cavabdeh vermişdir. AC No 963135 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OL-*** dövlət qeydiyyat nişanlı FORD TRANSİT YÜK markalı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. xx xxxxxx 2017-ci il tarixli tərəflər arasında razılaşma protokolundan görünür ki, Məcidov X1 Azər Xanlar oğluna Ford Tranzit maşınını (dövlət qeydiyyat nişanı **-OL-***) 9000 manat məbləğində qiymət edərək saz vəziyyətdə təhvil vermişdir. Cavabdeh bu razılaşmanın müqabilində onun istehsal etdiyi məhsulun (zavod çörəyinin) bazar qiyməti 0,20 qəpikdən hesab olunmaqla ondan götürülməsini təmin etmək barədə öhdəlik götürmüşdür. İddiaçı öz növbəsində istehsal etdiyi məhsulu (zavod çörəyini) ona bazar qiymətindən aşağı 0,19 qəpikdən vermək barədə öhdəlik götürmüşdür. Arada olan fərq mütəmadi olaraq hesablanacaq və yuxarıda göstərilən Ford Tranzit markalı **-OL-*** dövlət qeydiyyat nişanlı maşının məbləğindən Cavabdeh xeyrinə silinəcəkdir. Bu razılaşma əsasında sonda Cavabdeh tərəfindən maşına ödənilmiş pullar 9000 manat məbləğində olduqda İddiaçı Ford Tranzit markalı **-OL-*** dövlət qeydiyyat nişanlı maşını Cavabdeh adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bu razılaşmanı tərəflər öz imzaları və möhürlə təsdiq etmişlər. Protokolun altında X2 yazıb bildirmişdir ki, Cavabdeh ona yuxarıda göstərilən məbləğdən 8100 manat ödəyib və bunu öz imzasıyla təsdiq edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Apellyasiya instansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında ....apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə **-OL-*** dövlət qeydiyyat nişanlı «FORD TRANSİT YÜK» markalı nəqliyyat vasitəsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə etibarnamə verilməsi, həmin tarixdə tərəflər arasında kredit müqaviləsinin bağlanması, qeyd edilən sənədləşmələrdən eyni notariat kontorunda həyata keçirilməsi, bu sənədləşmələrdən qısa müddət sonra, yəni xx.xx.2017-ci il tarixdə tərəflər arasında razılaşma protokolunun imzalanması, kredit və razılaşma protokolu üzrə məbləğlərin eyni məbləğ təşkil etməsi apellyasiya kollegiyasının qeyd etdiyi kimi, ayrı-ayrı münasibətlərin tənzimlənməsini həyata keçirməmiş, əksinə, əlaqəli olmasını göstərmişdir. Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5-ci maddə). Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Diqqət yetirmək lazımdır ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan həmin normaların tələbləri imperativdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, ...tərəflər arasındakı xx xxxxxx 2017-ci il tarixli razılaşma protokolu, birgə fəaliyyətin başa çatması və avtomobilin iddiaçıya qaytarılması da təsdiq edir ki, tərəflərin iradə ifadəsinin həqiqi mənası xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ilə deyil, xx xxxxxx 2017-ci il tarixli razılaşma protokolu ilə əlaqədar birgə fəaliyyət nəticəsində 9000 həddində yerinə yetirilməli öhdəliklə bağlı olmuş, həmin öhdəliyin isə 8100 manat hissəsi icra olunmuşdur. Belə olan halda, iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara, yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir, ona görə də məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu səbəbdən tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunmaqla iddia qismən təmin olunmalı, xx xxxxxx 2017-ci il tarixli razılaşma protokolunda birgə fəaliyyət ilə bağlı icra edilməmiş öhdəlik üzrə qalan 900 manat (9000-8100=900) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə açıq-aşkar əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2213/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-887/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-887/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver