Məhkəmə qərarları › İş №2(103)-8870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8870/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8870/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı «xn” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)- 980/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" QSC Cavabdeh qarşı ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 may 2014-cü il tarixli maliyyə arayışına əsasən, əsas borc üzrə 0 manat, faiz borcu üzrə 12.90 manat, cərimə borcu üzrə 0.73 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 164 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2.50 manat, ümumilikdə 180.13 manat gecikdirilmiş borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC ərizəsini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2012-ci il tarixdə kreditor "xxxx" QSC ilə borclu Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürür. Müqaviləyə müvafiq olaraq borcluya bu əməliyyatların aparılması üçün kredit kartı verilmişdir. Lakin borclu üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz borcunu ödəmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli, 2(007)-2743/2014 nömrəli məhkəmə əmrinə əsasən, borclu Cavabdeh kreditor "xxxx" QSC-nin xeyrinə hesablanmış faiz borcu üzrə 12 manat 90 qəpik, cərimə borcu üzrə 73 qəpik, bildirişin göndərilməsinə görə poçt xərcləri üzrə 2 manat 50 qəpik borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 180 manat 13 qəpik məbləğində vəsait tutulmalıdır. Cavabdeh 16 sentyabr 2020-ci il tarixli etirazla məhkəməyə müraciət edərək qeyd edilən məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(007)-2743/2014 nömrəli qərardadına əsasən, həmin Məhkəmənin 13 iyun 2014-cü il tarixli, 2(007)- 2743/2014 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)-980/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 16.10.2012-ci il tarixli müqavilə üzrə "X1 Azərbaycan" QSC-nin xeyrinə 12,90 manat faiz borcu, 0,73 manat cərimə borcu, bildirişlərin (pretenziyanın) göndərilməsi üzrə 2,50 manat və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində vəsait olmaqla, ümumilikdə 36,13 manat (otuz altı manat on üç qəpik) vəsaitin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)-980/2021 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissədə ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bank kartından istifadəyə görə xidmət haqqı, müqavilə ilə nəzərdə tutulmuş digər bütün muzd (haqq) onun tərəfindən həmin müqavilənin şərtlərinə uyğun olaraq vaxtında və tam olaraq iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 16 may 2014-cü il tarixli maliyyə arayışında faiz borcu və cərimə borcu, habelə xərclər və komissiya üzrə borc haqqında məlumat həqiqəti əks etdirmir, həmin məlumat faktiki hallara uyğun deyil, bu borclar yaranmamışdır, qeyd olunan maliyyə arayışı sübut kimi sayıla bilməz. Əsas borc olmadığına görə faiz borcu və cərimə borcu da mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamış, nəticədə maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhv buraxılmış və qanun səhv təfsir edilmişdir, bu da məhkəmə qətnaməsinin təmin olunmuş hissədə ləğv edilməsi üçün əsasdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2012-ci tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, Bank borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 may 2014-cü il tarixli və 21 may 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh banka olan hesablanmış və ödənilməmiş faiz borcu 12.90 manat, cərimə borcu 0.73 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 164 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat, cəmi borc 180.13 manat təşkil edir. İş materiallarında olan 22 mart 2014-cü il tarixli qaimədən görünür ki, Cavabdeh bildirişin göndərilməsi üçün "xxxx" QSC tərəfindən poçt xərci olaraq 2.50 manat ödənilmişdir. İş materiallarında olan 18 mart 2014-cü il tarixli bildirişdən (pretenziyadan) görünür ki, Cavabdeh bank tərəfindən müqavilə üzrə hesablanmış və ödənilməmiş borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş. əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 06 iyun 2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmənin hesabına 20,0 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «YapıKredi Bank Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2012-ci tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən cavabdeh şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Birinci instansiya məhkəməsi mötəbər sübut təqdim olunmadığını əsas gətirərək iddiaçının cavabdehdən müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 164 manat məbləğində pul vəsaiti tələb etməsi hissəsində iddia tələbini əsassız hesab edərək təmin etməmiş, qalan hissədə iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Tərəflər arasında bağlanmış 16 oktyabr 2012-ci tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.14. maddəsindən görünür ki, hesab çıxarışında (bildirişində) müəyyən olunacaq minimum məbləğ son ödəmə tarixinə qədər ödənilmədiyi təqdirdə, bu müqavilənin şərtlərində müəyyən edilən gecikmə/cərimə faizini ödəyəcəyini və əks təqdirdə Bankın xəbərdarlığı ilə bütün borcun ödənilməsinin zəruri hala gələcəyini “kart/əlavə kart sahibi” qəbul, bəyan və təsdiq edir. “Kart/əlavə kart sahibi”nin borca etiraz etməsi onu borcu ödəmək öhdəliklərindən azad etmir. Həmin maddədən görünür ki, müqavilənin ləğvi (xitamı) ilə əlaqədar və/və ya hesab başlanıldığı təqdirdə (müqavilə üzrə borcların geri qaytarılması müddətləri və/və ya şərtləri “kart/əlavə kart sahibi” tərəfindən pozulduqda), ümumi borc məbləğinin qalığına (qalıq borca) gecikmə/cərimə faizi tətbiq edilir və “kart/əlavə kart sahibi” göstərilənlərlə əlaqədar ümumi qalıq borcuna gecikmə/cərimə faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Gecikmə/cərimə faizi illik 42 % təşkil edir. Göründüyü kimi, cavabdehin kreditor qarşısında öhdəliklərinin əmələ gəlməsinə səbəb olan müqavilənin müvafiq müddəalarında cavabdeh üzərinə götürdüyü öhdəliklər üzrə icranı gecikdirəcəyi təqdirdə hesablanmış faizləri və cəriməni ödəməyi qəbul etmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5. maddəsinə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1. maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.6. maddəsinə görə borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.5. maddəsinə əsasən, əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində irəli sürülən, əsas borc olmadığına görə faiz borcu və cərimə borcunun da mövcud olmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək hər hansı əsaslı və mötəbər sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından cavabdeh bank qarşısından öhdəliklərini vaxtında və lazımınca icra etməsini və nəticədə kreditora zərər vurmadığından faiz və cərimə borclarının yaranmamasını sübuta yetirməlidir, həmçinin, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir, 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan, ondan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(007)-980/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar