Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8871/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2903/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğılundan 3700 manat məbləğində pul, dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən üç ilə yaxındır ki, tanıyır və 2018-ci ildə tikinti-təmir işləri və orta məktəb şagirdlərinin təlim-tərbiyəsi haqqında tövsiyə xarakterli məqalə çap etdirmək istədiyini bilən Cavabdeh nəşriyyatda tanışının olduğunu bildirərək bu işi həll edəcəyini vəd vermişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təmir-tikinti işlərinin aparılması üçün əlaqələrinin olduğunu, bu işi ona verdirəcəyini bildirərək bununla bağlı da ondan pul almışdır. Belə ki, təmir-tikinti ilə bağlı isə 2018-ci ilin fevral ayında 2000 manat, 2018-ci ilin mart ayında 1000 manat, həmçinin mart ayının axırında iki dəfəyə 500 manat olmaqla 1000 manat cavabdeh ondan almışdır və bu işi həll edəcəyini bildirmişdir. Məqalənin çap edilməsi ilə bağlı 500 manat məbləğində pulu 2018-ci ildə may ayı ərəfəsində ondan almış və məqaləni çap etdirəcəyinə söz vermişdir. Cavabdeh ondan ümumilikdə 4500 manat pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq verdiyi vədləri yerinə yetirməmişdir və o, sonda cavabdeh tərəfindən aldadıldığını anlamış və cavabdehdən pulu qaytarmasını tələb etmiş, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır və sonda qaytarmaqdan imtina etmişdir və onunla əlaqə saxladıqda onu təhqir etməklə hədə-qorxu gəlmişdir. Cavabdehin onu aldatması və pullarını ələ keçirərək mənimsəməsi barədə 2019-cu ilin avqust ayında DİN “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Nəsimi RPİ-də 25 noyabr 2020-ci il tarixdə fakta görə AR Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılaraq istintaqı aparılmışdır və 10 yanvar 2021-ci il tarixdə Cavabdeh barəsində axtarış elan edilmişdir, 15 fevral 2021-ri il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar çıxarılmış və cavabdehin ondan qeyd edilən pullan alması sübuta yetirilmişdir. İstintaq müddətində cavabdeh tərəfindən ona 800 manat pul qaytarılmışdır, qalan pulları isə qaytarmamışdır. O, cavabdehə dəfələrlə müraciət etsə də müxtəlif bəhanələr gətirərək ona məxsus pulları qaytarmaqdan yenə də boyun qaçırmışdır. Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, işin həqiqi hallarına məhkəmə qiymət verməmişdir. Tərəflər daha əvvəl cinayət təqibi orqanının yekun qərarında (15 fevral 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərar) göstərildiyi kimi borcun məbləği və ödənilməsi barədə razılığa gəlmişlər, həmçinin məhkəmə baxışında eyni qaydada razılıq olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edəcəyini bəyan etmiş, cavabdeh məhz buna görə iddianı qismən qəbul etmiş, məhz razılaşdırılmış məbləği müəyyən olunmuş qaydada ödəməyi qəbul etmişdir. Yəni 2000 manat məbləğin 10 ay müddətində hissə-hissə olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbi qəbul edilmişdir. Məhkəmədə qarşılıqlı razılıq belə olmuşdu ki, istintaqda da eyni məzmunda razılaşma olmuşdu) iddiaçı iddia tələbini dəyişdirərək “10 ay müddətində hər ay 200 manat olmaqla cəmi 2000 manat ödənilməsi” tələbi irəli sürürsə iddiaçı bu hissədə iddia tələbini qəbul edir, yaxud bu məzmunda bir barışıq sazişi bağlanır. O, iddiaçının bu barədə iddia tələbini dəyişdirdiyini zənn edərək həmin hissədə iddianı qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. İddiaçı şikayətə etiraz edərək əsassız olduğunu bildirmiş Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh şikayət verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin 15.02.2021-ci il tarixli Qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarda Cavabdeh istintaqa verdiyi ifadəsindən görünür ki, Eminağaya məqalənin də pulunu qaytarmalı olmasını, lakin, bunu da qaytarmadığını və onu aldadaraq pulu qaytaracağını dediyini, ona ümumilikdə 3000 manat pul qaytarmalı olmasını, istintaq zamanı atasının 800 manat pulu geri qaytardığını, hazırda Eminağaya 2000 manat qaytarmalı olmasını, 10 ay ərzində hissə-hissə Eminağaya qalan 2000 manatı da qaytaracağını bildirmişdir. Bundan başqa birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək bildirmişdir ki, oğlu iddiaçıdan cəmi 2800 manat pul alıb. Həmin pulun 800 manatını istintaq dövründə iddiaçıya ödəyib. İddiaçıya cəmi 2000 manat borcu qalıb. Həmin məbləği də 10 ay ərzində qarşı tərəfə ödəyəcəkdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia 2000 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bu qənaətə gələrkən kollegiya cavabdehin nümayəndəsinin birinci instansiya məhkəmə iclasında iddia tələbini qismən etiraf etməsini nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırki işlə birbaşa bağlı olan Nəsimi Rayon İdarəsində toplanmış araşdırma materialında iddiaçıya olan borcunu qismən etiraf etmiş, bu barədə araşdırmanın nəticəsinə dair sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında 15.02.2021-ci il tarixli qərarın hazırki mülk iş materiallarına da əlavə edilmişdir Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2903/2021 saylı, 10 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8871/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8871/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver