Məhkəmə qərarları › İş №2(103)-8872/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8872/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8872/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 12.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 12 saylı notariat kontorunda 03.12.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 42500 manat pulun dollar ekvivalenti olan 25000 ABŞ dolları və ona vurduğu maddi və mənəvi zərərə görə 10000 manat pulun Cavabdeh onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 3 dekabr 2018-ci il tarixdə rəsmi olaraq Bakı Şəhəri 12 saylı Notariat kontorunda Cavabdeh ilə 1 il müddətə olmaq şərti ilə kredit müqaviləsi bağlamaqla notariusun vasitəsi ilə cavabdehə 85000 manat, yəni 50000 ABŞ dolları ekvivalentində pul vermişdir. Cavabdeh həmin pulun 25000 ABŞ dollarını 18.11.2020-ci il tarixdə ona geri qaytarmışdır. Bundan sonra bir neçə dəfə cavabdehə yazılı olaraq poçt vasitəsi ilə 07.10.2020-ci il və 02.02.2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, 3 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona olan borcunu tam ödəsin, lakin cavabdeh bugünə qədər ona olan 25000 ABŞ dolları borcunu ödəmək üçün lazımı hərəkətlər etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 42500 (qırx iki min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçı ilə arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc 26.350 (iyirmi altı min üç yüz əlli) manat pulun (15.500 ABŞ dolları ekvivalentində) ondan tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçılə ortaq dostunun vasitəsilə tanış olmuşdur. Otel yönətimi ilə məşğul olur və bu məqsədlə də tanışı Ələsgərov Cavanşir Müseyib oğlu ilə şərik olaraq ünvan 1 ünvanında yerləşən binada bir neçə mənzili kirayəyə götürmüşdü. Həmin sahənin təmiri üçün pul lazım idi. 2018-ci ilin payız ayları olardı, bir dostunun otelində olarkən, hansı ki, iddiaçı da orda idi, söhbət zamanı bildirdi ki, otel kimi işlətmək üçün yer götürmüşdür və təmir üçün bir az pul lazımdır. Həmin vaxtı İddiaçı bildirmişdir ki, o, 50.000 ABŞ dolları məbləğində pul verə bilər və bunun müqabilində onu da otelə şərik etsin və verdiyi pul da otel fəaliyyətə başlayana qədər ayda bir faiz olmaqla, sonradan isə gəlirdən tam qaytarılar. Onlar razılaşmışlar və 03 dekabr 2018-ci il tarixdə onunla iddiaçı arasında notarial qaydada kredit müqaviləsi imzalanaraq, iddiaçı tərəfindən 85.000 manat, yəni 50.000 ABŞ dolları ekvivalentində pul ona verilmişdir. Onun tərəfindən iddiaçının özünün də bildiyi kimi həmin vəsait otelin təmiri üçün xərclənmişdir və təmirlə paralel olaraq da, hər ay iddiaçıya 850 manat olmaqla pul ödənilmişdir. Otelin təmiri uzun müddət çəkdiyi üçün və sonradan da pandemiya səbəbindən oteli işə sala bilməmişdir. 2020-ci ilin yay aylarından artıq iddiaçı verdiyi pulun qaytarılmasını tələb etməyə başlamışdır və həmin vaxta qədər, yəni 19 ay müddətində hər ay iddiaçıya 850 manat olmaqla 16150 manat pul ödəmişdir. Lakin, iddiaçı 19 ay müddətində hər ay ödədiyi 850 manat pulu faiz kimi qəbul etdiyini bildirmişdir. O isə bununla razılaşmamış və ondan sonra verdiyi 25000 ABŞ dolları məbləğində pulu notarial qaydada iddiaçiya ödəmişdir. O hal-hazıra kimi iddiaçıya 34500 (25000+9500\16150) ABŞ dolları məbləğində pul qaytarmış və onun iddiaçıya 26.350 (iyirmi altı min üç yüz əlli) manat (15.500 ABŞ dolları ekvivalentində) məbləğində borcu qalmışdır. Lakin, iddiaçı iddia ərizəsində işin bu hallarını göstərməmişdir. Halbuki, işin bu hallarını, yəni onun tərəfindən iddiaçıya 19 ay müddətində hər ay 850 manat olmaqla pulun ödənilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilmişdir. İddiaçıya 19 ay müddətində hər ay 850 manat pulun ödənilməsini təsdiq edən yazılı sübutu və şahidləri də var. Belə ki, otel kimi istifadə edəcəyi obyektin tərtib olunmuş investisiya balansından görünür ki, 2018-ci ilin dekabr ayından 2020-ci ilin iyul ayına kimi hər ay İddiaçı 850 manat pul ödənilmişdir. Hər ay ödənilən pulu bəzi vaxtlar iddiaçı özü gələrək oteldən götürmüş, bəzən də otelin əməkdaşları tərəfindən iddiaçı ilə görüşərək ona təqdim edilmişdir. Məhkəmə iclası zamanı dindirilən 2 şahidi də iddiaçıya hər ay 850 manat pulun verilməsini təsdiq etmişlər. Lakin, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozularaq, şahidlərin ifadələrinə obyektiv qiymət verilməmiş və əsassız olaraq şahidlərin ifadələri borcun ödənilməsinin sübut olunması üçün yetərli olmaması hesab edilmişdir. Bundan əlavə, iddiaçının 19 ay müddətində hər ay ödədiyim 850 manat pulu faiz kimi qəbul etməsi və ödənilən pulu əsas borcdan çıxmaması tam qanunsuzdur. Belə ki, iddiaçı ilə aralarında bağlanan müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Bu o deməkdir ki, iddiaçı tərəfindən heç bir faiz alına bilməz və 19 ay müddətində hər ay 850 manat olmaqla ödənilən 16150 manat pul əsas borcdan çıxılmalıdır. Göründüyü kimi onun tərəfindən öhdəlik vicdanla yerinə yetirilmiş və qalan borcu da qısa zaman ərzində ödəməyi öz üzərimə götürürmüşdür. Lakin, iddiaçı tərəfindən ona qanunsuz tələb irəli sürülərək, ondan faizlər tələb olunmuş və ödədiyi pulun bir hissəsi iddiaçı tərəfindən faiz kimi hesab olunaraq, ümumi məbləğə əlavə edilmir. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, onun tərəfindən təqdim edilmiş sübutlara, şahid ifadələrinə düzgün qiymət verilməmiş və nəticədə işin hallarına uyğun olmayan, əsassız qətnamə qəbul edilmişdir. Odur ki, qeyd olunan qətnamə ləğv edilməli və verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.12.2018ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh 03.12.2019-cu il tarixədək qaytarmaq şərti ilə 85000 manat, dollar ekvivalenti ilə 50000 ABŞ dolları məbləğində borc verilmişdir. İş materiallarında olan İddiaçı 18.11.2020-ci il tarixli, **********911 saylı notarial qaydada yazılmış ərizəsinin surətinə əsasən 03.12.2018-ci il tarixli, 3M-1169 reyestrli kredit müqaviləsinə əsasən Abdulayev İlqar Fazil oğlu ona olan 50000 ABŞ dolları borcundan 25000 ABŞ dolları məbləğini qaytarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İmamquliyev Orxan Şaiq oğlu ifadəsində bildirir ki, cavabdeh onun müdiri olmuşdur. İmdadla İlqar arasında otelin təsis olunmasına pul qoyulması və aylıq 1% ödənilməsi barədə razılıq olmuşdur. İlqar iki maşınını sataraq cəmi 25000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hər ay 850 manat olmaqla İmdada ödəniş olunmuşdur. O özü də pulu qəbul otağına qoyur, İmdad pulu oradan götürürdü. Sonra isə pandemiya səbəbəindən otellər fəaliyyətini dayandırmışdır. 19-20 ay ərzində cavabdeh İmdada hər ay 850 manat ödəmiş, sonra isə iki maşınını sataraq 20000 ABŞ dolları və 5000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Abdullayev Elməddin Fazil oğlu ifadəsində bildirir ki, cavabdehin qardaşıdır. Otelin baş mühasibi olmuşdur. İmdada hər ay 850 manat məbləğində pul verildiyini oteldə hamı bilirdi. 2020-ci ilin mart ayına kimi zərfdə 850 manat məbləğini o şəxsən İmdada vermişdir. Hər ay 850 manatın verilərkən bu rəsmiləşdirilməmiş, imza ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında münasibətlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci il tarixli kredit müqaviləsindən yaranmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında 85000 manat verilməsi barədə borc müqaviləsinin bağlanması və 25000 ABŞ dolları borcdan ödəniş olunması işin mübahisəsiz halıdır. Hazırki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh 25000 dollardan əlavə 16510 manat ödədiyini bildirir və həmin məbləği mübahisələndirir. Cavabdeh iddiaçıya əlavə 16510 manat ödədiyini iş materiallarına əlavə etdiyi F.Ş Ələsgərov Cavanşir Müseyib oğlu tərəfindən tərtib edilmiş “İnvestisya Balansı” cədvəli və şahid ifadələri ilə sübuta yetirilidiyini bildirir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş sübutla bağlı qeyd edir ki, həmin sənədin mötəbərliyi sübut edilsə belə həmin sübut məhz cavabdeh tərəfindən götürmüş olduğu kredit borcunun ödənilməsini təsdiq edə bilməz. Belə ki, tərəflər arasında bağlanmış 03.12.2018-ci il tarixli kredit müqaviləsinin 6-cı bəndindən görünür ki, “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə əbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməldir. Göründüyü kimi, cavabdeh həqiqətən idiaçıya olan borcundan əlavə 16510 manat ödəmiş olsaydı, həmin qeydi də kredit müqaviləsində qeyd etdirməyi tələb etməli idi. İş materiallarında olan kredit müqaviləsində isə cavabdeh tərəfindən yalnız 25000 dollar borcun qaytarıldığı qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin iş üzrə dindirilmiş şahid ifadələri ilə bağlı qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, cavabdeh borcundan 16500 manat qaytarılmasını əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Birinci instansiya məhkəməsi icraatı zamanı dindirilmiş şahidlərdən biri cavabdehin qardaşı, digəri isə işçisidir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız həmin şahidlərin ifadəsi notariat qaydada bağlanmış müqavilə üzrə borcun ödənilməsinin sübut olunması üçün yetərli deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar