Məhkəmə qərarları › İş №2(103)-8884/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8884/2020

02.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8884/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Qasımova Mahirə Nəbi qızının nümayəndəsi (əri) Məmmədov Yalçın Nazim oğlunun, həmçinin onun vəkili Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə, İddiaçı Məmmədov Dadaş Nazim oğlunun cavabdeh Qasımova Mahirə Nəbi qızına qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Məmmədov Dadaş Nazim oğlu cavabdeh Qasımova Mahirə Nəbi qızına qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evdə aparılmış təmir-tikinti işlərinə və həmin evə alınmış əşyalara görə ödəmiş olduğu 25 min manat vəsaitin və məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumunun Qasımova Mahirə Nəbi qızından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Məmmədov Dadaş Nazim oğlu iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi həll oluna qədər Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilməmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, üzərinə həbs qoyulması xahiş edilən evdən başqa cavabdehin digər yaşayış sahəsinə malik olması ilə bağlı sübut təqdim edilməmişdir, qanunvericiliyə görə isə, icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə və ya evə tələbin yönəldilməsinə yol verilmir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh onun qardaşı arvadıdır. İddiaçı bilirki cavabdehin digər şəxslərə borcu vardır və tez bir zamanada ona məxsus evi satıb borclarını bağlamaq istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, həmçinin vəkili şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmeti pul tələbindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdeh iddiaçıya pul ödəməli olacaqdır. O halda, evin üzərinə yalnız o zaman həbs qoyula bilər ki, gələcəkdə cavabdeh pulu ödəməyəcəyi halda həmin evi satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi mümkün olsun. “İcra haqqında” Qanunun 49-cu maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 89 saylı, xx xxxx 2002-ci il tarixli qərarında isə təsbit olunmuşdur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı evindən başqa cavabdehin digər hər hansı yaşayış sahəsinin mövcudluğu barədə sübut təqdim edilmədiyinə əsaslanmaqla ərizəni təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar