Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-889/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn öncəki mənzilin əvəzinə yeni tikiləcək hündürmərtəbəli binada iki ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması, həmin mənzillərə köçürülməsi” tələbinə dair 2(006)-4450/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx"MMC-yə qarşı “mənzildən istifadə hüququndan məhrum etməyə yönəlmiş hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüququndan məhrum edilməyə yönələn hərəkətlərin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdən istifadə hüquqlarının olmasının müəyyən edilməsi, həmin hüququn 13 fevral 2021-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən 136,0 kv.m olan mənzilin əvəzinə, yeni tikiləcək hündürmərtəbəli binadan ümumi sahəsi 80,0 kv.m və 65,0 kv.m (cəmi 145,0 kv.m ) olan 2 ədəd tam təmirli mənzillərə keçirilməsi ilə istifadə hüququnun tanınması və həmin mənzillərə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, anası və atası ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı evdə yaşamışlar. 2021-ci ildə "xxxx" MMC qardaşı ilə müqavilə bağlayaraq ona yeni mənzilin verilməsi barədə razılığa gəlmişlər. Halbuki həmin mənzildə onun qardaşı ilə bərabər istifadə hüququ var, o, mənzil alınandan orada yaşayır, onun başqa yaşayış yeri yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən istifadə hüququ da əmlak hüququ hesab olunur və hər cür qəsdlərdən müdafiə olunur. Amma hal-hazırda mülkiyyətçi olan qardaşı özünün mülkiyyətçi hüquqlarından sui-istifadə edərək, onu istifadə hüququndan məhrumetməyə yönələn hərəkətlərə yol verir. Belə ki, "xxxx" MMC ilə razılaşmaya girib, həmin MTK-ya mənzil satıb, lakin ona heç bir kompensasiya ödəmir, MTK isə evi sökür. Evin söküləcəyi halda ona heç bir kompensasiya ödənilmədiyinə görə o, öz mənzilindən məhrum olacaq və onun başqa yaşayış yeri olmayacaq. Lakin heç kim qanunsuz olaraq mənzilindən məhrum edilə bilməz. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nəzərdə tutulan mübahisəli hüquq münasibətinə baxarkən məhkəmə mənzilə istfadə hüququnun olmadığını kifayət qədər əsaslı dəlillərlə əsaslandırmamışdır. İddiaçı mübahisəli fərdi yaşayış evinə 1989-cu ildən, həmin ev onların birgə mülkiyyətlərində olan vaxtdan etibarən köçürülmüşdür və həmin vaxtdan etibarən onun qeyd edilən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Mübahisəli fərdi yaşayış evinə dair müqavilə bağlanarkən Cavabdeh1 51 saylı notariat ofisinə ərizə verməklə mübahisəli mənzilin "xxxx" MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın sökülməsinə razılıq verməklə, gələcəkdə heç bir iddiasının olmayacağını və bu tikili ilə bağlı bütün iddialların məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq qeyd etdi, iddiaçının yaşadığı Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 121 saylı fərdi yaşayış evi artıq sökülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 05 mart 1992-ci il tarixli FM seriyalı 011728 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına 48 saylı reyestr kitabında 7328 saylı səhifədə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli, **********10 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 121 saylı ev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 8 nömrəli, 24.12.2001-ci il tarixli protokolundan çıxarışa, forma 2 arayışına, X1, X5, X2, X3, X4, X6, X7 razılıq ərizələrinə əsasən 05.03.2002-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 13 fevral 2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin MMC tərəfindən ərazidə yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 136 kv.m mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 1 otaqlı 65,0 kv.m mənzili və 2 otaqlı 80 kv.m mənzili sahibinə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 notarial qaydada tərtib və təsdiq olunmuş 13.02.2021-ci il tarixli, **********197 saylı ərizəsindən görünür ki, Cavabdeh1 ona məxsus olan və hal-hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, ev 121, sahəsi 136 kv.m tikilinin "xxxx" MMC-nin nəzdinə keçirilməsinə və sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazı olmadığını, gələcəkdə heç bir iddiasının olmayacağını və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (Cavabdeh1 mülkiyyətinə olan, hazırda sökülmüş fərdi yaşayış evindən istifadə hüququnun olmasına) dair sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi təmin edilməsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası iddiaçının təmsilçisinin bildirdiyinə görə mübahisəli fərdi yaşayış evinin artıq söküldüyünü nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə olan halda iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi artıq mövcud olmadığına görə həmin əmlaka istifadə hüququnun müəyyən edilməsi ilə bağlı hüquqi mübahisənin edilməsi öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21.12.2012-ci il tarixli qərarıda qeyd edilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən sahəsi 136 kv.m. olan 121 saylı fərdi yaşayış evinin yerində gələcəkdə inşa ediləcək çoxmərtəbəli binada Cavabdeh1 verilməsi nəzərdə tutulan mənzillərə hazırda istifadə hüququnun tanınmasını və həmin mənzillərə köçürülməsini tələb etməkdə haqlı olmamışdır, çünki hazırda mövcud olmayan mənzillərə dair qeyd edilən iddianın qaldırılması əsassızdır. Bundan əlavə mövcud qanunvericiliyə əsasən yeni daşınmaz əmlaklara məhdud əşya hüququnun yaranması üçün ayrıca müstəqil əsasların olması tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(006)- 4450/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-889/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-889/2022
18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver