Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-889/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-491/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətli üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamı ilə M.B.Əhmədzadə küçəsi 4 nömrəli binanın həyətində yerləşən, 26 kv.m sahəsi olan daş qarajın, həmin binanın 19-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Sərəncamdan müəyyən edilir ki, sözügedən qarajdan vətəndaş İddiaçı uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını mütəmadi ödəyir. Sərəncam ilə həmçinin qərara alınmışdır ki, vətəndaş İddiaçı xəbərdarlıq edilsin ki, tikinti və abadlıq işləri ilə bağlı lazım gəldikdə qaraj sökülə bilər.
2. Həmin qaraja dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli Texniki Pasport tərtib edilmişdir.
3. Cavabdeh2 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 nömrəli, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinə əsasən, tərəflər arasında Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və ya qeyri-yaşayış sahələri ilə təmin olunması məqsədilə, vətəndaş İddiaçı Ağa Neymətulla küçəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunması barədə zəmanət müqaviləsi imzalanmışdır.
4. Müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək “Sifarişçi və zəmanət verən” Cavabdeh2in öhdəlikləri kimi müəyyən edilmişdir.
5. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən, nəzərdə tutulan mənzilin və ya qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək “Podratçı” Cavabdeh1 MMC-nin öhdəlikləri olaraq müəyyən edilmişdir.
6. “Sifarişçi” Cavabdeh2 ilə “Podratçı” Araz-2011 A” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”nə əsasən sifarişçi Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanda bir ədəd 7 mərtəbəli, 132 mənzilli yaşayış binasının inşa olunması və ətraf ərazidə abadlıq işlərinin aparılmasının satın alınması üçün icraçının 18.732.210 manat məbləğində tender təklifini qəbul etmişdir.
7. Cavabdeh2in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, Heydər Əliyev prospektinin yenidənqurulması layihəsi çərçivəsində söküntüyə məruz qalmış fərdi qarajın müqabilində qonşu sahədə sökülüb yenidən tikilmiş yaşayış binasının zirzəmisindəki qaraj sahəsinin bir hissəsi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Lakin sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədlərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı (Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmış, qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh2 daşımır.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50.000 manat maddi kompensasiyanın və ötən 9 ildən çox müddət ərzində iddiaçının əsassız olaraq incidilməsi nəticəsində onda yaranmış stres və əsəb gərginliyi nəticəsində vurulmuş mənəvi ziyana görə isə 10.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində mülki işə cəlb edilmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binası (qaraj) ona məxsusdur. Buna dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən köçürülmə prosesinin sifarişçisi və zəmanət verəni Cavabdeh2, podratçı şirkət isə Cavabdeh1 MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2 podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış, ona hər hansı məlumat verilmədən və faktiki olaraq müqavilə öhdəliyi pozularaq inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. Dəfələrlə Cavabdeh2ə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə İddiaçı etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hadisənin törədilməsindən 7 il keçməsinə baxmayaraq hər hansı bir əməli tədbir həyata keçirilmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra, həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən hallardan müəyyən edilir ki, müqavilə öhdəlikləri icra edilməyərək İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının altında qaraj sahəsi inşa edilməmişdir. Faktiki olaraq İddiaçı aldadılmışdır və müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən də İddiaçı hazırda qarajı yox, qarajın dəyərini tələb edir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 4205/2023 nömrəli qərardadı ilə mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 27.000 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 491/2024 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiq olunan obyektə baxış keçirilmiş, lakin iş üzrə tədqiqat obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 491/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27.000 manat pul və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul, cəmi 29.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirilən ünvanda yerləşən və cavabdehlər tərəfindən sökülmüş qaraja mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin qeyri-yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Cavabdehlər isə onunla müqavilə bağlayaraq iddiaçıya məxsus qarajın sökülməsi müqabilində 30 kv.m. avtomobil yeri üçün qeyri-yaşayış sahəsi verməyi öhdələrinə götürmüşlər.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus qarajın sökülməsi və əvəzinin hər hansı bir formada ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində dəyişiklik edilməsi və qaraj sahəsinin nəzərdə tutulmaması göstərilmişdir. İddiaçı Cavabdeh2ə qarşı kompensasiya ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin iddiaya cavab verməli olan subyekt Cavabdeh2 ola bilməz, belə ki, tikintini həyata keçirən şirkət Cavabdeh1 MMC olmuşdur. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış mülki hüquqi müqavilənin icra edilməməsi məsələsi araşdırıldığından həmin qərardad hazırki iş üzrə preyudisial xarakter daşıya bilməz.
20. Cavabdeh2in məsuliyyəti ilə əlaqədar qeyd olunmuşdur ki, o, müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, yalnız işlərin maliyyələşdirilməsi üzrə deyil, eyni zamanda “Podratçı” tərəfindən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna baxmayaraq, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənn tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə vurğulanmalıdır ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir.
21. Digər Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilinin, MMC-nin hər hansı bir təqsirinin olmaması, onların sadəcə onlara verilmiş layihə əsasında tikintini həyata keçirmələri dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin dəlillər əsassız olmaqla, müqavilə öhdəliklərinin icra edilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, qeyd olunduğu kimi, tikinti müddətində söküntüyə məruz qalan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək podratçı olan Cavabdeh1 MMC-nin öhdəliklərindən biri olmuşdur. Lakin həmin öhdəlik onun tərəfindən icra edilməmişdir.
22. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus əmlakın sökülməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməməklə sökülmüş əmlakın əvəzinin iddiaçıya verilməməsi qanunsuz olmuşdur. Cavabdehlər müqavilənin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini icra etməmiş, onların icrasından yayınmışlar. İddiaçının isə müqavilə ilə ona verilməsi nəzərdə tutulan əmlak mövcud olmadığından onun dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
23. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 saylı müqavilə üzrə həm “Sifarişçi və zəmanət verən” Cavabdeh2in, həm də “Podratçı”nın Cavabdeh1 MMC-nin müqavilə ilə müəyyən edilən öhdəlikləri olmuş və müqavilənin icra edilməməsi ilə hər iki tərəf müqavilə öhdəliklərini pozmuşdur, bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
24. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Hazırki mülki iş üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bu səbəbdən də iddiaçının mülkiyyətində olan qaraj sahəsindən məhrum olunması müəyyən edildiyindən və yeni inşa edilmiş binada qaraj sahəsi nəzərdə tutulmadığından, həmin avtomobil yeri üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri iddiaçıya ödənilməlidir.
25. Müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli qiymətləndirmə rəyi ilə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) mövcud tarixə bazar dəyəri 27.000 manat olaraq müəyyən edilmişdir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərə görə qarajın dəyəri olan 27.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
26. Ekspert rəyində də qeyd edildiyi kimi, qiymətləndirilməsi tələb olunan qeyriyaşayış sahəsi (qaraj) mövcud olmadığından, o cümlədən təqdim edilən sənədlərdə obyektin bəzi texniki göstəriciləri barədə dəqiq məlumatlar verilmədiyindən ekspert, müaqvilədə verilməsi nəzərdə tutulmuş 30 kv.m. sahəsi olan qarajların qiymətini araşdıraraq, internet resurslarına, bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən analoji bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinadən obyektin nəzəri olaraq qiymətləndirilməsini həyata keçirmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin qeyd edilməlidir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.
28. Həmçinin qeyd edilməlidir ki, iddiaçının vəsatətinə əsasən, məhkəmə əmtəəşünaslıq eksrpertizası təyin edilsə də, əmlakın ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
29. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən məhrum olması, müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq onun icra edilməməsi, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, xüsusilə müqavilənin bağlanmasından uzun müddət keçməsini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2.000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli, “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarına, həmçinin Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı”, Mülki Məcəlləsinin 5.3, 6, 21.1, 21.2, 152.1, 385, 425.1, 442, 443.1, 443.2-443.3, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, -cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də qeyd edir ki, dəfələrlə Cavabdeh2ə və Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hər hansı bir tədbir görülmədiyindən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin qətnamə qismən – "xxxx" MMC-yə münasibətdə tam qanunsuz və əsasssızdır. Cavabdeh2 müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, öhdəliyini yerinə yetirməmiş, qaraja görə kompensasiyanı vətəndaşa ödəməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənin tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə qeyd edir ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir. "xxxx" MMC-nin öhdəliyi təqdim edilmiş layihə üzrə dövlət sifarişinin yerinə yetirilməsi olmuş və həmin layihə üzrə "xxxx" MMC öhdəliyini yerinə yetirmiş, binaları inşa edərək sifarişçi – Cavabdeh2ə təhvil vermiş və sifarişçi öz mülahizəsinə görə həmin binalarda olan mənzil və qeyri-yaşayış sahələrinə dair sərəncam vermişdir. "xxxx" MMC-nin layihədən kənara çıxmaq, əlavə qeyri-yaşayış sahələri inşa etmək və ya onlara dair hər-hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan səhv edərək "xxxx" MMC-nin guya öhdəliklərin icrasından yayındığı nəticəsinə gəlmişdir. Mənəvi zərərin ödənilməsi məsələsinə gəldikdə isə hesab edir ki, iddiaçının qarajdan məhrum olunmasında, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması və nəticədə müəyyən mənəvi iztirablar keçirməsi "xxxx" MMC-yə heş bir aidiyyatı yoxdur. Müraciətlərin özündən də görünür ki, iddiaçı bu illər ərzində qarajla bağlı birdəfə də olsun ki, "xxxx" MMC-yə yox, yalnız İcra hakimiyyəti orqanlarına müraciət edib və İcra Hakimiyyəti orqanları tərəfindən hüquqlarının pozulmasını göstərib. Beləliklə hesab edir ki, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək iddiaçının mülkiyyət hüquqlarını pozmamış və ona maddi və mənəvi zərər yetirməmişdir.
33. Qətnamədən həmçinin cavabdeh Bakı şəhəri Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Bakı şəhəri Cavabdeh2in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntularına yol verilməklə çıxarıldığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması səbəbindən qanunsuz və əsassızdır, buna görə də qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sifarişçi və zəmanət verən cavabdeh (Cavabdeh2), podratçı (Cavabdeh1 MMC) və zəmanət alan iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 nömrəli üçtərəfli zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə ünvan 4 ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin məlumat üçün bildirilir ki, yaşayış binasının (A.Neymətulla prospekti 29/89) zirzəmisində qaraj sahəsinin tikintisi layihədən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Qeyd olunmalıdır ki layihədə olunan dəyişiklik Cavabdeh2 ilə razılaşdırılmamışdır. Həmin Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyətçiyə təhvil verilməsi “Podratçı”nın (Cavabdeh1 MMC) öhdəliyi kimi qeyd olunmuşdur.” Göründüyü kimi, İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinə əsasən, nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi Cavabdeh2 deyil, məhz Cavabdeh1 MMC-yə aid olan öhdəlikdir. Qeyd olunanlara əsasən Cavabdeh2 cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hər hansı tələb yönələ bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlük məsələsinəbaxılan zaman Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(112)-517/2023 nömrəli Qərardadını nəzərə almamışdır. Halbuki, Bakı İnzibati Məhkəməsində İddiaçı Cavabdeh2ə qarşı və hazırki iş üzrə Cavabdeh1 MMCvə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyətində olan Bakı şəhəri, Nərimanovrayonu, M.B.Əhmədzadə küçəsi, 4 saylı binanın həyətində yerləşən və ümumisahəsi 23.6 kv.m. olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona verilməli olan 30 kv. metrlik qaraja görə ümumilikdə 50 000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10 000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyünə baxılarkən, Bakı İnzibati Məhkəməsi bütün halları düzgün qiymətləndirərək iddianı mümkün saymamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü i ltarixli, 2-1(103)-2427/2023 nömrəli qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Nərimanov İcra Hakimiyyəti deyil, Cavabdeh1 MMC daşıyır. İddia tələbinin əsasını da müqavilə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Müqavilənin şərtlərinə əsasən, “Sifarişçi və zəmanətverən” öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı deyildir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi olduğundan, tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən mənəvi zərərlə bağlı iddianın da tam əsassız olması təsdiq olunur. Odur ki, 2.000 manat məbləğin cavabdehlərdən, o cümlədən Cavabdeh2dən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Bu hissədə də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 21-ci maddəsini iş üzrə səhv tətbiq edərək maddi hüquq pozuntularına yol vermişdir. bu tələb də Cavabdeh2ə qarşı hissədə təmin edilməzdi. Beləliklə, Nərimanov Rayon Məhkəməsi 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2in iddiaçıya qarşı ziyanın vurulması hansı hərəkətlərdə ifadə olunmasının mötəbər sübutlarla təsdiq edilməli olmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Cavabdeh1 MMC-nin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Heydər Əliyev prospektində saatlı binadan X3 doğru yerləşən binalar dövlət tərəfindən və dövlət hesabına renovasiya olunmuşdur. Belə ki, icra hakimiyyəti tərəfindən qərara alınmışdır ki, həmin ərazi yerləşmə yerinin əhəmiyyəti nəzərə alınaraq, orada yerləşən qəzalı vəziyyətdə olan binalar sökülərək sakinlərə yeni mənzillər verilsin. Bu, pilot layihə olmamış, torpaq sahəsi təmsil etdiyi təşkilata verilməmiş, dövlət layihəsi olmuşdur. Tender keçirilmiş və həmin tenderi təmsil etdiyi təşkilat qazanmışdır. Məsələ burasındadır ki, nə köhnə, nə də hazırki qanunvericilik aktlarında dövlət vəsaiti hesabına evlərin sökülərək tikilməsi qaydası nəzərdə tutulmamışdır. Bu səbəblə onlar tərəfindən tenderdə qalib gəldikdən sonra Cavabdeh2də bununla bağlı komissiya yaradılmış və komissiyanın sədri icra başçısının birinci müavini seçilmiş və müqavilə tərtib olunmuşdur. Həmin müqavilə əsasında vətəndaşların evləri sökülmüş və yenisi tikilmişdir. Onlar görülən işlər üzrə podratçı olmuşlar. DTX tərəfindən Cavabdeh2in fəaliyyəti yoxlanılan zaman Cavabdeh1 MMC-dən də müəyyən sənədlər alındı, hazırda həmin sənədlər geri qaytarılmamışdır. Onların ayrıca pilot layihəsi olmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında mübahisə yarananda İcra Hakimiyyəti onlara müraciət etmişdir. Belə ki, pilot layihə qonşu binada yerləşdiyi üçün Cavabdeh2 onlara pul ödəyəcəklərini və əvəzində iddiaçıya qaraj sahəsi verilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin iddiaçı həmin qaraj sahəsini qəbul etmədi və öz həyətindən sahə istədi. Qeyd edir ki, əvvəlcə layihədə qaraj sahələri var idi. Lakin həmin yolun xüsusi əhəmiyyəti, həmin magistral yoldan Prezidentin keçdiyi nəzərə alınaraq və təhlükəsizlik baxımından qarajlar çıxarıldı. Cavabdeh1 MMC müqavilə üzrə podratçı olaraq işi təhvil vermişdir. Başqa bir öhdəliyi yoxdur. Layihədən kənara çıxmamışlar. Cavabdeh2in balansında olan mənzillərə münasibətdə, sökülmüş əvəzində dövlət hesabına tikilmiş vətəndaşlarla bağlanılmış müqavilələr əsasında vətəndaşlar köhnə çıxarışları təhvil vermiş və reyestr xidməti tərəfindən yeni çıxarış verilmişdir. Cavabdeh2ə bir neçə dəfə müraciət etmişlər ki, mənzillər onların balansındadır və Cavabdeh1 MMC-yə heç bir aidiyyəti yoxdur. Rəsmi olaraq mənzillərim kimin balansında olması məlum deyil. Birinci layihədə zirzəmi var və həmin zirzəmi inşa olunub, ancaq qaraj kimi nəzərdə tutulmayıb. Dövlət hesabına həmin prospektdə yerləşən evlərin sökülməsi və yenidən inşa edilməsi və sakinlərə verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı İcra Hakimiyyətində komissiya yaradılmış və icra hakimiyyətinin birinci müavini komissiyanın sədri olmuşdur. Komissiyanın üzvlərinin siyahısı onlar tərəfindən məhkəməyə təqdim olunmuşdur. "xxxx" MMC komissiyanın üzvləri siyahısında yoxdur. Binanın sifarişçisi Cavabdeh2dir. Bu hal ilk olmuşdur və icra hakimiyyətinin əməkdaşları müqaviləni bu formada tərtib ediblər. Hesab edir ki, MMC hazırki iş üzrə cavabdehlik daşımır və onlardan hər hansı pul tutula bilməz. İş materiallarında icra hakimiyyəti başçısı və iddiaçı arasında yazışma mövcuddur. Orada qeyd olunub ki, layihə dövlət layihəsidir və qaraj nəzərdə tutulsa da layihədə yoxdur, dövlət büdcəsindən pul ayrılacağı təqdirdə iddiaçıya ödəniləcək. Hesab edir ki, digər iş üzrə qərar hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Nərimanov RİH-in nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, digər cavabdehin dəlilləri ilə razılaşmırlar. Belə ki, onların dəlilləri müqavilə öhdəliklərindən birbaşa yayınmağa xidmət edir. "xxxx" MMC müqavilə üzərinə öhdəlik götürmüşdür. Belə ki, "xxxx" MMC həmin binanın zirzəmisində qaraj sahəsinin sənədlərinin iş üzrə iddiaçıya təqdim edilməsini təmin etmək öhdəliyi götürüb. İddiaçı etiraf etmişdir ki, binanın layihə smeta sənədlərində dəyişiklik olduğu üçün həmin binada qaraj sahəsinin tikilməsi çıxarılmışdır. Digər başqa ərazidə, yəni yolun əks hissəsində iddiaçıya qaraj sahəsi öhdəliyi götürülüb. Eyni zamanda, hazırda binanın balans saxlayıcısı "xxxx" MMC-dir. O, vətəndaşalara xidmət etmiş və xidmət haqları yığmışdır.
38. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.5. müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-889/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-491/2024 nömrəli qətnaməsi Bakı şəhəri Cavabdeh2ə aid hissədə ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
45. Hazırkı işdə iddia qismən təmin edildiyindən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-889/2025 nömrəli qərardadı nəzərə alınmaqla, Cavabdeh1 MMC apellyasiya şikayətində qətnaməni iddianın ona münasibətdə təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. İşdən görünür ki, istismar müddəti keçmiş yaşayış binasının sökülərək yerində yeni yaşayış binasının inşa olunması prosesi çərçivəsində, İddiaçı qanuni əsaslarla məxsus olmuş ünvan 2nın həyətində yerləşən qaraja münasibətdə xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2, podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur.
48. Hazırda iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və qarajla təmin olunmamasına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir.
49. İşdən və cavabdehlərin nümayəndələrinin izahatları ilə müəyyən edilir ki, həmin ünvanda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş yeni yaşayış binasında zirzəmi mövcud olsa da, qaraj kimi istifadə olunması nəzərdə tutulmamışdır.
50. Beləliklə, cavabdeh MMC tərəfindən xx.xx.2014-cü il tarixli müqavilədə nəzərdə tutulan qarajın iddiaçıya təhvil verilməsi mümkün olmamışdır.
51. Belə ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən göründüyü kimi, nəzərdə tutulan qarajın iddiaçıya verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək Cavabdeh1 MMC-nin öhdəliyidir və mülki qanunvericiliyin tələblərinə əsasən MMC onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Apellyasiya araşdırması zamanı Bakı Şəhəri İcra Hakimiyyətinə və Bakı Şəhəri Cavabdeh2ə sorğu ünvanlanmış, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanında Nərimanov RİH-in sifarişi əsasında icraçı (podratçı) Cavabdeh1 MMC tərəfindən tikilib istifadəyə verilmiş yaşayış binası Cavabdeh1 MMC-nin balansındadır. Sözügedən binanın yaşayış və qeyri-yaşayış sahələrinin icarədarlarına və mülkiyyətçilərinə xidmətlərin göstərilməsi, xidmətlər üzrə haqların toplanması MMC tərəfindən həyata keçirilmişdir. Son məlumatlara görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin yığıncağı qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirir. Sözügedən 7 mərtəbəli, 132 mənzilli yaşayış binasının layihəsində dəyişiklik edilməsindən Nərimanov RİH məlumatsız olmuşdur.
54. İşdən görünür ki, iddiaçıya dəymiş maddi zərərin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü tarixli mütəxəssis rəyi alınmış, müqavilə üzrə iddiaçıya təhvil verilməli olan qarajın mövcud tarixə bazar dəyəri 27.000 manat müəyyən edilmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin bu hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.
56. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 2.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya tutmaqda haqlı olmuşdur.
57. Belə ki, iddiaçı qanuni sahibliyində olan qarajdan məhrum edildikdən sonra uzun müddət cavabdeh tərəfindən ona yeni qaraj və ya onun dəyəri təqdim edilməmiş, iddiaçı bununla bağlı dövlət qurumlarına müraciət etməyə, o cümlədən inzibati məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bunun nəticəsində onun tərəfindən mənəvi iztirablar keçirməsi şübhə doğurmur.
58. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində kompensasiya ağlabatan və ədalətlidir.
59. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
60. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 491/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh1 MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: