Məhkəmə qərarları › İş №2(103)-8897/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8897/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8897/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “Para“ Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(001)-4622/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 21.08.2008-ci il tarixli 186/08/PB saylı kredit müqaviləsi üzrə 431 manat əsas, 2248,95 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2679,95 manat, 23.07.2008-ci il tarixli 148/08/PB saylı kredit müqaviləsi üzrə 887,98 manat əsas, 4149,66 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5037,64 manat, 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 402,32 manat əsas, 2044,97 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2447,29 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 21.08.2008-ci il tarixli 186/08/PB saylı, 23.07.2008-ci il tarixli 148/08/PB saylı və 27.08.2008-ci il tarixli kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq 21.08.2008-ci il tarixli 186/08/BP saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 18 faiz olmaqla 500 manat, 23.07.2008-ci il tarixli 148/08/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 18 faizlə 1000 manat və 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 24 ay müddətinə illik 18 faizlə 500 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 3.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə kreditor 36 faiz həcmində dəbbə pulu tələb edir; 3.3-cü bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri 15 faiz dəbbə pulu hesablayıb borcludan tələb edir. Cavabdeh BOKTa 21.08.2008-ci il tarixli 186/08/PB saylı kredit müqaviləsi üzrə 431 manat əsas, 2248,95 manat hesablanmış faiz borcu olmaqla cəmi 2679,95 manat, 23.07.2008-ci il tarixli 148/08/PB saylı kredit müqaviləsi üzrə 887,98 manat əsas, 4149,66 manat hesablanmış faiz borcu olmaqla cəmi 5037,64 manat, 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 402,32 manat əsas, 2044,97 manat hesablanmış faiz borcu olmaqla cəmi 2447,29 manat borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(001)- 4622/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilələrdən irəli gələn iddialar üzrə iddia müddəti 3 il müəyyən edilsə də, ümumi iddia müddəti 10 ildir. Bundan əlavə, cavabdeh məhkəmə prosesində borcunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi bunları nəzərə almadan ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(001)-4622/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 23.07.2008-ci il tarixli, 21.08.2008-ci il tarixli və 27.08.2008-ci il tarixli kredit müqavilələri 24 ay müddətinə bağlanmışdır. Kreditlərin ödənilməli olan son tarixləri 23 iyul 2010-cu il, 21 avqust 2010-cu il və 27 avqust 2010-cu ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. (i.v.83) İcra müddəti 23 iyul 2010-cu il, 21 avqust 2010-cu il və 27 avqust 2010-cu il tarixlərdə bitmiş kredit müqavilələri ilə bağlı iddia müddətinin axımı həmin tarixlərdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 17 may 2021-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə sübutları təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddəti keçdiyi üçün rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 10 il olması barədə apellyasiya şikayətinin dəlili qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Para“ BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(001)- 4622/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar