Məhkəmə qərarları › İş №2(103)-8898/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8898/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8898/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-151/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan bankın xeyrinə 4830,26 manat əsas, 832,76 manat faiz borcu olmaqla, cəmi 5663,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 84 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(009)-151/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 4830,26 manat əsas, 768.98 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pulun tutulması, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 30 manatı "xxxx" ASC-dən, 70 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə, əlavə sübutlar tələb edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə baxışında iştirakı təmin edilməmişdir. Dəfələrlə ona kredit verilmiş, 29.11.2014cü il tarixli müqavilə üzrə borcu tam ödənilmişdir. Kredit borcu üzrə məbləğin ödənilməsinə baxmayaraq digər daxilolmalar və borcların birləşdirilməsi, faiz borcuna faiz hesablanması araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanılmış 29.11.2014-cü il tarixli 3947tkİNG/14 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə, 29.11.2021-ci il tarixinədək illik 28%lə 5000 manat məbləğində kredit limiti ayrılmışdır. "xxxx" KB ASC tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 29.11.2014-cü il tarixli 3947tklİNG/14 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 4830,26 manat əsas, 832,76 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2021-ci il tarixli, 09/1659 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh iddia qaldırılan tarixə ASC-nə 4830.26 manat əsas, 768.98 manat faiz borcu müəyyən edilmişdir. Rəydə həmçinin göstərilmişdir ki, kredit xətti və bank hesab müqaviləsinin müddəti 29.11.2021-ci il tarixdə bitir. Hesabdan çıxarış məlumatından göründüyü kimi, Cavabdeh 13.01.2020-ci il tarixinədək ödənişlər etməsi müəyyən edilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Borcun düzgün hesablanmaması ilə bağlı apelyasiya şikayətində irəli sürülənlərlə əlaqədar olaraq kollegiya qeyd edir ki, bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməmişdır. Ekspert rəyi kifayət qədər əsaslandırımış, onu şübhə altına almağa əsas verən hər hansı hal müəyyən edilməmişdir, təkrar ekspertiza keçirilməsini zəruri edən hal yoxdur. Cavabdehə 5000 manat məbləğində kredit limiti ayırılmış və müvafiq olaraq faizlər hesablanmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırki kredit «kart krediti»dir, yəni borcalan krediti tam və ya hissə-hissə adına açılmış plastik kart vasitəsi ilə çıxarır və faktiki istifadəsində olan kredit məbləğinə görə faiz ödəyir, əsas borc hesaba geri mədaxil edildiyi vaxtdan yenidən məxaric edildiyi vaxtadək faiz hesablanmır. Hesabdan çıxarış və ekspertin tərtib etdiyi ödənişlərə dair cədvəldən müəyyən olunur ki, cavabdeh müxtəlif vaxtlarda kartdan müxtəlif məbləğdə vəsait çıxarmış, sonra onların faizini, eyni zamanda əsas borcu bağlamış və sonradan həmin əməliyyatı bir neçə dəfə təkrar etmişdir. Sonuncu dəfə 11.06.2018-ci ildə 4842,02 manat vəsait çıxararaq istifadə etmiş və sonradan həmin vəsaitin yalnız faizlərini (06.07.2018-13.01.2020) ödəmiş, əsas borcdan isə cəmi 11,26 manat ödəmiş, buna görə də 4830,26 manat əsas borcu qalmışdır. İstifadə olunmuş kredit vəsaitinin geri qaytarıb, sonra yenidən çıxarılması nəticəsində ekspertin ödəniş cədvəlində «ödənilən məbləğ» qrafasında 26100,51 manat göstərilməsi heç də cavabdeh tərəfindən cəmi 5000 manat kreditə görə 26100,51 manat ödəməsi kimi təfsir oluna bilməz, həmin məbləğ ümumi dövriyyəni əks etdirir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi, həmçinin SMS bildiriş göndərilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apelyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-151/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar