Məhkəmə qərarları › İş №2(103)-89/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-89/2024

08.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-89/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3) iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X2 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə) “maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 saylı qətnaməsindən iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1A saylı protokolundan görünür ki, ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verilmişdir.

2. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cı il tarixli, 12 nömrəli Sərəncamı ilə xx.xx.2009-cu il tarixli, 1A saylı protokol təsdiq edilmişdir

3. İş materiallarında olan "xxxx" MTK-nın tərtib etdiyi maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur və binanın birinci mərtəbəsində yerləşən 30,0 kv/m olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 30000 manat məbləğində vəsait İddiaçı tərəfindən ödənilmişdir. Həmin arayışa "xxxx" MTK-nın möhürü vurulsa da, arayış MTK-nın səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir-tikinti işlərinin aparılmasına maneəçilik törəməinə görə Cavabdeh, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair” qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai" küçəsi, 2316 saylı məhəllədə 1 B saylı evin, 160 saylı mənzilində yaşayır və orada pasport qeydiyyatında olub. Həmin binanı Mos-Az-1 Mənzil Tikinti Kooperativi tikib başa çatdırmışdır. İddiaşı həmin mənzildə yaşayan zaman 2009-cu ildə "xxxx"-ya ərizə ilə müraciət edərək binanın birinci mərtəbəsində 5-ci girişin sol tərəfində 30,0 kvm. qeyri yaşayış sahəsinin ona verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə "xxxx"-də baxılmış və ondan həmin qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün 30000 manat pul ödənilməsi bildirilmişdir. İddiaçı həmin pulu "xxxx"-ya ödəmiş və MTK-nın sədri İman Cəfərov ona pulun ödənilməsinə dair maliyyə arayışı vermişdir. Həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə dair "xxxx" üzvlərinin xx.xx.2008-ci il tarixdə (13 saylı protokol) qərar qəbul edilmişdir. "xxxx"-nın sözü gedən qərarı baxılmaq üçün Bakı şəhəri İcra Hakiimiyyətinin Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasına çıxarılaraq baxılmış və komissiyanın iclasının 1 A saylı, xx.xx.2009-cu il tarixli protokolu ilə həmin qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsinə razılıq verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli, 12 saylı sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının xx.xx.2009-cu il tarixli, 1 saylı, 1 A saylı protokolları təsdiq edilmişdir. İddiaçıya ayrılan qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilərək ona verilmişdir. Lakin bu günədək qanuni sənədlərlə ona ayrılmış qeyri-yaşayış sahəsində tikinti-təmir işlərini apara bilmir. Belə ki, həmin binanı tikib başa çatdıran "xxxx" ləğv edilmiş, Bakı şəh. S.Ə.Şirvani 1 B, məh. 23/16 saylı binada Cavabdeh Mənzil Mükiyyətçilərinin Müştərək Cəmiyyəti yaranmışdır. İddiaçı həmin Cəmiyyətin sədri Nümayəndə ona ayrılmış qeyri-yaşayış sahəsində təmir-tikinti işləri aparmaq istədiyi ilə bağlı müraciət etmişdir. Cəmiyyətin sədri Nümayəndə, onun səlahiyyətli şəxsləri buna razılıq vermir və qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasına görə maneəçilik törədirlər. Belə ki, onlar iddiaçıya bildirirlər ki, binanın altında yerləşən ona ayrılmış qeyri-yaşayış sahəsi yanğınsöndürən maşınlar üçün nəzərdə tutulmuşdur. Ancaq həmin binanın ayrıca giriş-çıxış yolu vardır. Giriş-çıxış yolunun yanında gözətçi otağı tikilmiş, şlanqbaum qoyulmuş və həmin giriş-çıxış yolundan binanın sakinləri öz avtomobilləri ilə sərbəst surətdə daxil olub çıxa bilirlər. Yanğınsöndürən maşınlar da həmin binanın giriş-çıxış yolundan sərbəst surətdə istifadə edə bilirlər. İddiaçıya ayrılmış qeyri yaşayış sahəsinin eni 2,5 metr-dir, oranın eni dar olduğundan yanğınsöndürən maşın keçib gedə bilməz. Ona ayrılmış qeyriyaşayış sahəsi dəmir barmaqlıqlarla bağlanmışdır, həmin yerdən nə sakinlər, nə də ki avtomaşınlar keçib getmirlər. O hesab edir ki, cavabdehin maneəsi əsassızdır və bu bir bahənədir, belə bir əsassız maneə onun istifadə, sahiblik və mülkiyyət hüquqlarını məhdudlaşdırır və o sərbəst surətdə ona ayrılmış qeyri-yaşayış sahəsindən isitfadə edə bilmir, orada təmir tikinti işlərini apara bilmir və hesab edir ki, belə bir süni maneə aradan qaldırılmalıdır.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(011)- 1899/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan iddiaçının vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2316 saylı məhəllədə 1 B saylı evin 160 saylı mənzilində yaşamışdır. Həmin binanı Mos-Az-1 Mənzil Tikinti Kooperativi tikib başa çatdırmışdır. Həmin mənzildə yaşayan zaman iddiaçı 2009-cu ildə Mos-Az-1 MTK-ya ərizə ilə müraciət edərək, binanın birinci mərtəbəsində 5-ci girişin sol tərəfində 30,0 kv.m qeyri yaşayış sahəsinin ona verilməsini xahiş etmişdir. Onun ərizəsinə Mos-Az-1 MTK-də baxılmış və ondan həmin qeyri-yaşayış sahəsinin əldə edilməsi üçün 30000 manat pul ödənilməsi bildirilmişdir. O, həmin pulu Mos-Az-1 MTK-yə ödəmiş, ona maliyyə arayışı verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə dair Mos-Az-1 MTK üzvlərinin xx.xx.2008-ci il tarixdə (13 saylı protokol) qərar qəbul etmişdir. Mos-Az-1 MTK-nın sözügedən qərarı baxılmaq üçün Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasına çıxarılaraq baxılmış və komissiyanın iclasının 1 A saylı xx.xx.2009-cu il tarixli protokolu ilə həmin qeyri yaşayış sahəsinin ona verilməsinə razılıq verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli 12 saylı sərəncamı ilə Bakı Şəhər İcraHakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yıgıncağının xx.xx.2009-cu il tarixli, 1 saylı, 1 A saylı protokolları təsdiq edilmişdir. Ona təsdiq olunmuş layihə verilmişdir. Lakin bu günə qədər o, həmin qeyri-yaşayış sahəsində təmir-tikinti işlərini apara bilmir. Mos-Az-1 MTK-nın yerinə Xətai-11 MMMC yaranmışdır. Cəmiyyətin sədri ona təmir işlərinin aparılmasına maneəçilik törədir, əsassız olaraq bəhanələr gətirir. Məhkəmə işə düzgün baxmamış, işi hərtərəfli araşdırmamış, işdə olan sübutları nəzərə almamış və xx.xx.2022-ci il tarixdə qanunsuz qətnamə qəbul etmişdir. Həmin qətnamə işdə olan sübutlara əsasən ləğv olunmalıdır. Belə ki, məhkəmə əsassız olaraq iddiaçının iddia tələbini təmin etməmişdir. Məhkəmə belə bir qətnamə qəbul edərkən öz qətnaməsini əsaslandıra bilməmişdir, işdə olan ona aid hüquqmüəyyənedici sənədlərə məhəl qoymamış və iddia ərizəsini rədd edərək, onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə işi hərtərəfli araşdırmamış, işə birtərəfli baxmış, sübutları düzgün qiymətləndirməmiş, hakim qeyriyaşayış sahəsi ilə bağlı iş üzrə məhkəmə ekspertizası təyin edəcəyini bildirsə də, sonradan bunu etməkdən imtina etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1 A saylı protokolundan görünür ki, ünvan 1dəki 1 B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cı il tarixli, 12 nömrəli Sərəncamı ilə xx.xx.2009-cu il tarixli, 1A saylı protokol təsdiq edilmişdir. “MOS AZ-1" MTK-nın tərtib etdiyi maliyyə arayışından isə görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası “MOS AZ-E’ MTK-ya məxsusdur və binanın birinci mərtəbəsində yerləşən 30,0 kv/m olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 30000 manat məbləğində vəsait İddiaçı tərəfindən ödənilmişdir. Həmin arayışa "xxxx" MTKnın möhürü vurulsa da, arayış MTK-nın səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin binanın 5-ci girişinin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud deyil. Həmin ərazidə binanın həyətinə sakinlər üçün iki tərəfli keçid yerləşir. İddiaçı, məhz, həmin sahənin tikilməsi məqsədilə ona satıldığını iddia edir. ünvan 1dəki İB saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud olmadığından və həmin ərazinin iddiaçıya satılması, onun tərəfindən ərazidə təmir-tikinti işlərinin aparılması səlahiyyətini təsdiq edin müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı qanunvericiliyin tələblərinə uyğun olmadığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1A saylı protokolunda ünvan 1dəki İB saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verildiyi göstərilsə də, həmin sənəd iddianın əsaslı olduğunu sübuta yetirmək üçün yetərli deyil. Belə ki, yaşayış kompleksinin ilkin layihə sənədləri, layihə sənədlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklərin edilərək, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin tikintisinin planlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

14. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

15. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

18. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

19. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin binanın 5-ci girişinin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud deyil. Həmin ərazidə binanın həyətinə sakinlər üçün iki tərəfli keçid yerləşir. İddiaçı, məhz, həmin sahənin qeyri-yaşayış sahəsinin tikilməsi məqsədilə ona satıldığını iddia edir.

30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud olmadığından və həmin ərazinin iddiaçıya satılması, onun tərəfindən ərazidə təmir-tikinti işlərinin aparılması səlahiyyətini təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı qanunvericiliyin tələblərinə uyğun olmadığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur.

31. Digər tərəfdən Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının xx.xx.2009-cu il tarixli, 1A saylı protokolunda ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verildiyi göstərilsə də, həmin sənəd iddianın əsaslı olduğunu sübuta yetirmək üçün yetərli deyil. Belə ki, yaşayış kompleksinin ilkin layihə sənədləri, layihə sənədlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklərin edilərək, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin tikintisinin planlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

32. Bundan əlavə apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5829 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində olan 1-ci və 2-ci keçiddən başqa binanın həyətinə sakinlərin daxil olması üçün binanın sağ tərəfindən müstəqil avtomobil və piyada yollarının mövcud olduğu müəyyən edilmişdir. ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində yerləşən binanın altında olan 30,0 kv.m qeyri-yaşayış sahəsinin ikinci keçid ilə üst-üstə düşdüyü və həmin keçiddən hal-hazırda keçid kimi istifadə edilir. Baxış zamanı binanın sol tərəfində olan 1-ci və 2-ci keçiddən başqa binanın həyətinə sakinlərin daxil olması üçün binanın sağ tərəfindən müstəqil avtomobil və piyada yolları mövcud olduğunu nəzərə alaraq, həmin 2-ci keçidlə üst-üstə düşən 30,0 kv.m qeyri-yaşayış sahəsi kimi gələcəkdə fəaliyyət göstərəcəyi halda binanın sakinlərinin binanın həyətinə girişçıxışları məhdudlaşdırmadığı müəyyən olunur. ünvan 1dəki 1B saylı yaşayış binasının layihə sənədlərində mübahisəli 30,0 kv.m qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü qeyd edilən sahə binanın həyətinə olan ikinci keçid kimi nəzərdə tutulmuşdur.

33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

34. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1899/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 (yüz əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar