Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8904/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1678/2021 saylı, 03 may 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.053 (on iki min əlli üç) ABŞ dollarının birdəfəlik və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qohumluq əlaqələri vardır, münasibətləri əvvəllər normal olmuşdur. 2015-ci ilin əvvəllərində cavabdeh ona zəng edərək bildirdi ki, ona təcili pul lazımdır, əlində bir ev məsələsi var, həmin evi satıb onun pulunu qaytaracaqdır. Həmin ilin əvvəllərində, yəni yanvar ayından başlayaraq müntəzəm olaraq onun adına bank vasitəsi ilə cəmi 12053 (on iki min əlli üç) ABŞ dolları göndərmişdir. Bu fakt bank sənədləri ilə tam təsdiq olunur. Belə ki, 2015-ci ilin 20 yanvarında cavabdehə 5.203 ABŞ dolları, 21 yanvarda 2.093 ABŞ dolları, 06 martda 1578 ABŞ dolları, 30 apreldə 597 ABŞ dolları, 09 iyunda 2 dəfəyə hər dəfə 900 ABŞ dolları, 16 iyunda 450 ABŞ dolları və 15 iyul 2015-ci il tarixdə 329 ABŞ dolları, cəmi 12.053 ABŞ dolları faizsiz borc vermişdir. Bir müddətdən sonra o, cavabdehdən borcu istədikdə o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmağa başladı. Türkiyədə yaşadığı üçün cavabdehlə hər hansı yazılı borc müqaviləsi bağlamamışdır, həm də aralarında qarşılıqlı inam və etibar var idi. Hər dəfə pul göndərdikdə pulu alandan sonra ona minnətdarlıq edirdi və söz verirdi ki, evi tezliklə satacaq hətta pulunu artıqlaması ilə qaytaracaqdır. Bildirirdi ki, artıq pul ona lazım deyil evi satan kimi hissə-hissə deyil, borcu tam birdəfəlik bank vasitəsi ilə göndərsin. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona verdiyi pulu qaytarmır, hətta telefon zənglərimə cavab vermir, elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində oldu. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1678/2021 saylı, 03 may 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 3650 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı baldızıdır və biz bir-birinə dəfələrlə bank vasitəsi ilə nağd şəkildə borc verib almışlar. Hesablamasına görə bu günə İddiaçı qızının ona 7430 ABŞ dolları borcu var. Belə ki, İddiaçı bacısına - onun mərhum həyat yoldaşına göndərdiyi pulları çıxandan sonra ona ümumilikdə 7430 (yeddi min dörd yüz otuz)ABŞ dolları borcu qalmışdır. Məhkəmə nəzərə almamışdır ki, həyat yoldaşı dünyasını dəyişmişdir və verdiyi pulların qəbzlərini mərhum həyat yoldaşı saxlayırdı, belə halda məhkəmə banka sorğu verib ödədiyi pulu müəyyən edə bilərdi. İddiaçı ağır günlərində ona dəfələrlə özü və ailəsi tərəfindən pullar göndərilsə də, qohumluğa görə həmin pulları iddiaçıdan tələb etməmiş, əvəzində isə "qara məni basınca mən qaranı basım" atalar sözü yadına düşür. Baldızının bu tələbinə görə İddiaçı qarşı o, da ümumilikdə 7430 (yeddi min dörd yüz otuz)ABŞ dolları pul tələbi barədə iddia tələbi irəli sürəcəkdir. Tərəflər arasındakı borc münasibətləri 2015-ci ilin əvvəllərində yaranmışdır. Əslində aralarında həmişə alver olmuşdur və ağlınada da gəlməzdi ki, bacı bacıya qarşı böhtan ata bilər. İddiaçı məhkəməyə gəlib sifətinə baxan zaman borclu olduğunu vicdanından utanıb etiraf edəcəkdir. Ona görə hesab edir ki, belə bir təşəbbüs qayınanası Nümayəndə psixi durumu normal olmadığı üçün tez-tez məhkəmələrdə ona qarşı əsassız iddialar irəli sürür və məhkəmələr tərəfindən onun iddiaları araşdırmadan sonra rədd edilir. Hazırda belə iddialardan biri də ona qarşı 40.000 (qırx min) manat iddia tələbi birinci və ikinci instansiya məhkəmələri tərəfindən rədd edilsə də, kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Əslində isə İddiaçı qarşısında qohumluğa görə mənəvi borcdan başqa heç bir öhdəliyi olmamışdır. Eyni zamanda, aralarında heç bir borc müqaviləsi də olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili X3 ayrı-ayrılıqda apellyasiya şikayəti ilə eyni məzmunlu verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirdilər və məhkəmədən təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək məhkəmədən təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı 2015-ci ilin yanvar ayından başlayaraq cavabdehə bank vasitəsilə borc olaraq pul göndərmişdir. İddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Tərəflər şifahi olaraq razılaşmışdırlar ki, cavabdeh pulu birdəfəlik bank vasitəsilə qaytaracaq. İddiaçı qeyd edir ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh onun pulunu ödəməkdən imtina edir. Cavabdeh isə ilkin olaraq iddiaçıdan borca heç vaxt pul almadığını daha sonra isə ödənişə dair qəbzləri təqdim edərək, bütün borcunu geri qaytardığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi şifahi borc müqaviləsi üzrə ödənilməmiş borcun tutulması hissəsində qismən əsaslıdır, yəni 3650 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 20.01.2015-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən alıcı Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir, həmin vəsaitin göndərilməsi üçün 203 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. 09.06.2015-ci il tarixli qəbzin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən 900 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus bank hesabına göndərilmişdir. Həmin tarixli Western Union vasitəsilə pulun köçürülməsi haqqında qəbzdən görünür ki, Cavabdeh tərəfindən 900 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı göndərilmişdir, pulun köçürülməsi üçün 51 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. 16.06.2015-ci il tarixli qəbzə əsasən, Cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus bank hesabına göndərilmişdir. 11.06.2015-ci il tarixli Western Union vasitəsilə pulun köçürülməsi haqqında qəbzdən görünür ki, Cavabdeh tərəfindən 450 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı göndərilmişdir, pulun köçürülməsi üçün 40 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən cavabdehə cəmi 5000 ABŞ dolları məbləğində pul vəsaitinin göndərildiyi sübut olunur ki, həmin vəsaitdən də 1350 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına göndərildiyi müəyyən olunur. Bundan başqa məhkəmə, tərəflər arasında borc münasibətləri ilə bağlı razılaşma zamanı borc pulun bank vasitəsilə göndərilməsinə dair razılığa gəlsələr də xidmət haqqının cavabdeh tərəfindən ödəniləcəyi barədə razılığın olmasına dair sübutlar təqdim edilməmiş, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən buna dair izahatlar verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 203 ABŞ dolları məbləğində pul vəsaiti borc olaraq cavabdehə verilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır. Bununla belə qeyd edilməlidir ki, yuxarıda sadalanan 20.01.2015-ci il, 09.06.2015-ci il və 16.06.2015-ci il tarixli qəbzlər məhz iddiaçının özü tərəfindən iddia ərizəsinə sübut qismində əlavə edilmişdir. Digər qəbzlərdə isə pul vəsaiti hazırki iş üzrə cavabdehin adına olmamaqla üçüncü bir şəxsin adına göndərilmişdir.(tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin şəxs iddiaçının bacısı, cavabdehin isə arvadı olub) Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin pul vəsaitlərinin məhz cavabdehə borc olaraq göndərilməsi aşkar olunmur, habelə iddiaçı tərəfindən buna dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Üstəlik də cavabdeh öz etirazlarında keçmiş arvadının adına göndərilmiş vəsaitlərin hazırki mülki iş üzrə iddiaçının nümayəndəsinə verildiyini iddia edir və bununla bağlı iddiaçıya göndərilmiş pul vəsaitlərinə dair həmin ödəniş qəbzlərini təqdim edir. Belə olan təqdirdə məhkəmə iddiaçı tərəfindən digər şəxsin (Tahirə Kərimovanın) adına borc olaraq göndərilmiş pul vəsaitinin hazırki cavabdehə aidiyyətini müəyyən etmədiyindən cavabdeh tərəfindən təqdim edilmiş sonuncunun adına olan ödəniş qəbzlərinə də hüquqi qiymət verməyə zərurət görmür. Məhkəmə hesab edir ki, həmin qəbzlər üzrə pul vəsaitlərinin cavabdehə verilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borc pul vəsaitlərini Cavabdeh verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı müvafiq qəbzlər mövcud deyildir, qeyd olunduğu kimi həmin qəbzlərin bir qismi digər şəxsin adına göndərilmiş pul vəsaitlərini özündə əks etdirir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, cəmi 12.053 ABŞ dolları faizsiz borc pul vəsaitini cavabdehə verdiyini bəyan edirsə və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Həmin məbləğdə pul vəsaitinin cavabdehə verilməsinə dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin olunan hissəsi üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə həmin hissədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh aldığı pulu artıqlaması ilə iddiaçıya qaytardığını, əksinə iddiaçının ona 7430 (yeddi min dörd yüz otuz)ABŞ dolları borcu qaldığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu şifahi müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi bağladıqları müqaviləyə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi aldığı pulu qaytardığını və ya borcu qalmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən şifahi borc müqaviləsi bağlansa da cavabdeh gah aralarında borc münasibətləri olduğunu, gah da olmadığını, yəni biri-birinə qohum olduqları üçün təmənnasız pul verdiklərini və ya borcu qalmadığını yaxud da iddiaçının ona borclu olduğunu bəyan edir. Lakin cavabdehin bu cür ziddiyyətli mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, iddiaçı tərəfindən ona göndərilmiş pulun qaytarmasını və borcu qalmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdehin həqiqətəndə təmin edilən məbləğdə borcu olmasaydı bu barədə hansısa sübut təqdim edə bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin cavabdehin izahatı borcun tam qaytarıldığını bilavasitə təsdiq etmir. Çünki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 5000 ABŞ dollarından 1350 ABŞ dollarının qaytarılmasına dair sübut olduğundan məhkəmə də bunu nəzərə alaraq iddianı qismən təmin etmişdir. Əgər cavabdeh aldığı məbləği tam qaytardığını israr edirsə, yetər ki, buna dair məhkəməyə sübut təqdim etsin. Ancaq edə bilmir. Bunun üçün banka sorğu göndərilməsini istəyir. Ancaq bu da əsassız vəsatətdir. Əvvəla, bank vasitəsilə iddiaçıya pul qaytarmışdırsa bu barədə bank tərəfindən ona qəbz verilir və bu qəbzi də özü məhkəməyə təqdim edə bilərdi. İkincisi, cavabdeh yaxud vəkili özü də bu barədə yəni zəruri sübutun əldə edilməsi üçün banka müraciət edə bilərdi, yalnız həmin sübutları müstəqil əldə edə bilmədiyi halda bu barədə məhkəməyə vəsatətlə müraciət edə bilərdi. Üçüncüsü, cavabdeh özü də iddiaçıya borc verdiyini və sonuncunun da ona borcu olduğunu bəyan edirsə məhkəmə müdafiəsindən istifadə etmək hüququna heç bir maneə mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1678/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8904/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8904/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver