Məhkəmə qərarları › İş №2(103)-891/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-891/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-891/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi zərərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Mover“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4351/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh “Mover“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Mover” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 199,98 ABŞ dolları məbləğində dəymiş maddi zərərin əvəzinin və 250 manat məhkəmə xərclərinin tutulması barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4351/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, "Mover” Məhdud Məsuliyyətli Cəmiyyətindən 199,98 ABŞ dolları məbləğində dəymiş maddi zərərin (ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə) və 250 manat məhkəmə xərclərinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 442, 850.1, 859.1, 859.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.4 maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən Amazon.com onlayn mağazasından 199,98 ABŞ dolları dəyərində «Apple AirPods Pro» markalı qulaqlıq sifariş edilmiş, malın dəyəri iddiaçı tərəfindən ödənilmiş və çatdırılma ünvanı cavabdeh tərəfindən iddiaçıya verilmiş 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanı göstərilmişdir. Amazon.com onlayn mağazası tərəfindən mal xx.xx.2022-ci il tarixdə göstərilən ünvana çatdırılmış və mal Jashawan adlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, onun sifariş etdiyi mal cavabdehin ona təqdim etdiyi ünvana çatdırılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan malın cavabdeh tərəfindən qəbul edilmədiyi göstərilsə də, Amazon.com onlayn mağazasının çatdırılma məlumatlarından görünür ki, mübahisə predmeti olan malın daşınma üçün çatdırıldığı ünvan cavabdehin iddiaçıya təqdim etdiyi 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanıdır. Bu halda, kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq, mal daşınma üçün cavabdehə təqdim edilmiş hesab olunur. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaya qəbul edilmiş mal iddiaçıya 3 aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, həmin mal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən itirilmiş hesab edildiyindən onun tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakılar sübut qismində müəyyən edilmişdir: - Sifarişdən məlum olur ki, iddiaçıya məxsus bağlama xx.xx.2022-ci il tarixdə birbaşa resepsiyonistə və ya resepsiyondakı birinə verilmişdir, imzalayan: Jashawan; - Amazon.com onlayn mağazasının sifariş məlumatlarından məlum olur ki, iddiaçı tərəfindən dəyəri ödənilmiş 199,98 ABŞ dolları dəyərində «Apple AirPods Pro» markalı qulaqlıq sifariş edilmiş, çatdırılma ünvanı 601 CORNELL DR|VE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON ünvanı göstərilmişdir; - Cavabdehin iddiaçıya ünvanlanmış məktubundan məlum olur ki, cavabdehin ABŞ-dakı bağlamanın çatdırılmalı ünvanı 601 CORNELL DRİVE, STE G11 b 174817 MVR, 19801, b174817 MVR, WİLMİNGTON qeyd edilmişdir; - FŞ/020/22 nömrəli, 22 avqust 2022-ci il tarixli Hüquqi xidmətlər haqqında müqavilədən və FRB seriyalı 325056 saylı 22 avqust 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquq xidmətlərinə görə 250 manat məbləğində ödəniş edilmişdir; - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, iddiaçının təqdim etdiyi yazışmada bağlamanın Signned by Jashawan tərəfindən təhvil alındığı qeyd olunmuşdur. Cavabdehin Jashawan adlı işçisi yoxdur. Cavabdeh tərəfdən təhvil alınan bağlamalar Signned by Fox tərəfindən imzalanır. Daşınma şərtlərində qeyd olunduğu üzrə: 4. Sifariş edilən malların sığortalanması "Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcının xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır. Belə olan hallarda iddiaçıya dəymiş maddi zərərin kompensasiya edilməsi müvafiq hesab edilməmişdir (iş səh 8, 9, 12, 14, 27). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(006)-4351/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1; Mülki Prosessual Məcəlləsinin 385ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən təklif edilən və iddiaçı tərəfindən qəbul edilən Daşıma şərtlərinin 4-cü bəndinə əsasən, sifariş edilən malların sığortalanması “Daşıyıcı”, yəni cavabdeh tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcının xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır. İddiaçı sifariş verən zaman qeyd edilən daşıma şərtləri ilə razılaşır və qəbul edir ki, cavabdeh o halda mallara görə məsuliyyət daşıyır ki, həmin mallar xarici anbara daxil olsun. İddiaçı Jashawan adlı şəxsin malları təhvil aldığını iddia edir. Lakin qeyd edilən ünvanda Jashawan adlı şəxs işləmir və malların mövcud olmayan şəxsə təhvil verildiyi iddia edildiyinə görə həmin bağlama xarici anbara təhvil verilmiş hesab edilə bilməz. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, bağlamanın “Jashawan” adlı şəxs tərəfindən təhvil alındığını, onların “Jashawan” adlı əməkdaşlarının olmadığını, bağlamanın ABŞ-da onların əməkdaşlıq etdiyi “Fox Logistics” şirkətinə deyil, bəlli olmayan şirkətə təhvil verildiyini, ekspertizanın keçirilməsinə etiraz etmədiyini, ekspertizaya sual təqdim etməyi məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və kompüter-texniki ekspertizası təyin edildiyindən işin icraatı dayandırılmışdır. Mülki iş ekspertiza idarəsində olarkən ekspert tərəfindən vəsatət verilmiş, “Amazon.com” və “Mover.az” veb saytlarının serverlərinə girişin təmin olunması, “Amazon.com” və “Mover.az” veb saytlarında iddiaçıya aid hesaba girişi təmin edən istifadəçi adı və parolun təqdim edilməsi xahiş edilmişdir. Vəsatətin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi heç bir nəticə vermədiyindən (tərəflər vəsatətdə qeyd edilən məlumatları təqdim etmədiyindən) ekspertiza aparılmasından imtina edilmişdir. Ekspertizanın aparılmasından imtina edilməsi barədə məktub xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi.

8. Məlumatlandırılmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”

11. Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Mülki Prosessual Məcəllənin 77 və 106-cı maddələrinin tələblərinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

13. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 97, 101, 103-cü maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nəticə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında məhkəmə çəkişmələri ilə müşayiət edilməmiş, xüsusi biliyə malik şəxslərin cəlb edilməsi ilə sübutların araşdırılması təmin edilməmişdir. Elektron mübadilə vasitəsilə ticarətin və alış-verişin aparılması informasiya texnologiyaları və maliyyə mühasibat sahəsində xüsusi biliyə malik olan şəxslərin cəlb edilməsiylə işin araşdırılmasını tələb etdiyi halda təqdim edilən sübutlar mötəbərliyi baxımından qiymət verilmədən sübut qismində qəbul edilmişdir. Apellyasiya icraatı zamanı edilən cəhdlərə baxmayaraq, iddiaçı sübutetmə vəzifəsinə rəğmən ekspert vəsatəti üzrə zəruri məlumatların təqdim edilməsini və bununla da tam araşdırmanın aparılmasına şərait yaradılmasını təmin etməmişdir. Belə ki, mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin bilavasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya zərər dəyməsi sübuta yetirilməlidir.

14. Qeyd edilənlərə əsasən, məhkəmə aktının sübutedici əsasları müəyyən edilmədiyindən cavabdehin apellyasiya şikayəti təmin, iddia rədd edilməlidir. Tələb olmadığından iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

15. Həmçinin izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4351/2022 saylı işi üzrə 01 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar