Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8912/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(004)-3245/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh xeyli müddət əvvəl tanımış, münasibətləri olduğundan cavabdehin xahişi ilə 13.07.2019-cu il tarixdə notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən 50000 manat pulu ona borc vermişdir. Həmin müqaviləyə görə cavabdeh kredit məbləğini 13.07.2020-ci il tarixədək iddiaçıya qaytarmalı idi. Lakin müəyyən edilmiş müddət başa çatdıqda cavabdeh maliyyə çətinliyi ilə əlaqədar bir qədər gözləməsini, tezliklə borcunu ödəyəcəyini bildirmiş, iddiaçı ona vaxt versə də, cavabdeh öhdəliyini icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(004)- 3245/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 50.000 (əlli min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(004)- 3245/2021 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli yanaşmış, sübutlara birtərəfli qiymət verərək maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə prosesində cavabdeh X1 iştirakı təmin edilməmiş, bununla da işin məhkəmədə ədalətli araşdırması üçün cavabdeh tərəfindən veriləcək sübutların qarşısı alınmışdır. Cavabdehin məhkəmə barəsində heç bir məlumatı olmamış, ona hər hansı bildiriş və ilkin olaraq iddiaçı tərəfindən pretenziya verilməmişdir. Bununla yanaşı, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. İddiaçı Bakıda tanınmış lombard və digər şəkildə pul dövriyyəsi ilə gəlir əldə edən şəxsdir. Həmçinin cavabdeh də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir və iddiaçıdan götürdüyü pulun böyük miqdarını geri qaytarmışdır. Məhkəmə işə baxarkən aidiyyət qaydasını pozmuş, kommersiya məhkəməsinin adiyyətinə aid olan işə baxıb qərar vermişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 13 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh 50.000 (əlli min) manat məbləğində pul borc vermiş, borc alan aldığı borcu 13 iyul 2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh İddiaçı 13.07.2019-cu il tarixdə 50.000 manat məbləğində pul vəsaiti alaraq həmin məbləği 13.07.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borc məbləği üzrə ödəniş etməmiş və buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin əmələ gəlməsinə səbəb olan 13 iyul 2019-cu il tarixli kredit müqaviləsinin müvafiq müddəalarında cavabdeh aldığı borcu bir il müddətində iddiaçıya qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, o, iddiaçıdan götürdüyü pulun böyük miqdarını geri qaytarmışdır. Qeyd edilən halı sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı bu halı sübuta yetirə bilməmiş, borclu olduğu pul məbləğinin hər hansı bir hissəsini iddiaçıya qaytarmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi, həmçinin SMS bildiriş göndərilmiş, məhkəmə iclasının 22 iyun 2021-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi qanunvericiliyin tələbinə əsasən cavabdehə çatdırılması üçün Bakı şəhəri Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Bundan başqa, Kollegiya hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mülki işin məhkəmə aidiyyəti pozulmaqla baxılması, işə kommersiya məhkəməsində baxılmalı olması barədə dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Lakin tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və tərəflər arasındakı hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması barədə müvafiq sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir və əsassızdır, cavabdeh apelyasiya şikayətində hər hansı dəlilə əsaslanmamış, fikrini ümumi sözlərlə ifadə etməyə çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(004)- 3245/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8912/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8912/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver