Məhkəmə qərarları › İş №2(103)-8916/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8916/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8916/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2021ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.398,40 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.068,73 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin – 30,40 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh iddiaçı Bank ilə aralarında bağlanmış 08.05.2019-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 24 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat məbləğində pulu borc almışdır. Həmin müqavilə ilə cavabdeh iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan kredit borcunu, hesablanmış faizlər ilə birlikdə, aybaay, hissə-hissə, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəlinə” uyğun olaraq Banka ödəyəcək. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunun cüzi bir hissəsini ödəmiş, qalan borcu ödəməmiş, nəticədə onun iddiaçı Banka 13.398,40 manat məbləğində əsas kredit borcu, 2.068,73 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat dövlət rüsumu, habelə rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat məbləğində xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdən görünür ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. İşə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almamış və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Bununla da Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387.2.2-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçı Bankın iddia tələbi təmin edilməlidir. Belə ki, Bank ilə cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh bu müqaviləyə əsasən Bankdan illik 24 faiz dərəcəsi ilə 60 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat məbləğində pulu borc almışdır. Müqavilənin şərtlərindən görünür ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Banka olan kredit borcunu, hesablanmış faizlər ilə birlikdə, aybaay, hissə-hissə, müqavilənin tərkib hissəsi olan “Ödəniş cədvəlinə” uyğun olaraq Banka ödəyəcək. İşdə olan sənədlərə əsasən işin halı kimi müəyyən edilir ki, cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəmiş, qalan borcu ödəməmiş, nəticədə onun borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin Banka 13.398,40 manat məbləğində əsas kredit borcu, 2.068,73 manat məbləğində isə faiz borcu var. Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bank borcun ödənilməsini cavabdehdən tələb etmişdir. “Ödəniş tapşırığından” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat dövlət rüsumu və rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh qətnamənin ləğv edilməsi üçün əsasların mövcudluğuna dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, yuxarıda artıq qeyd edildiyi kimi Bank tərəfindən təqdim edilmiş hesablamalardan isə görünür ki, cavabdehin Banka 13.398,40 manat məbləğində əsas kredit borcu, 2.068,73 manat məbləğində isə faiz borcu var. Cavabdeh isə onun Banka olan borcunun qeyd edilən məbləğlərdə deyil daha aşağı məbləğdə olmasını ümumiyyətlə mübahisələndirmir. Odur qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbi“ barədə iddiası təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.05.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.398 (on üç min üç yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 2.068 (iki min altmış səkkiz) manat 73 (yetmiş üç) qəpik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzinin – 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar