Məhkəmə qərarları › İş №2(103)-8918/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8918/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8918/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “yaşayış sahəsinə görə cavabdehdən iddiaçının xeyrinə kompensasiya tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdehin isə nümayəndəsi (atası) X2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı keçmiş əri olan cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, özünün və azyaşlı övladlarının yaşayış yeri olmadığından cavabdehdən 15.000 manat məbləğində kompensasiyasının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 06.10.2015-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahdan onların 2 övladları var: 20.06.2016-cı il təvəllüdlü Dilarə və 28.02.2018-ci il təvəllüdlü Arif. İddiaçı ilə cavabdeh birgə nikah dövründə, yəni 2016-cı ilin oktyabr ayında, Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, ev 47 “B” ünvanında yerləşən fərdi yaşayış evini almışlar. Həmin evin alınması üçün iddiaçının bacısı X1 7.000 manat və 4.500 ABŞ dolları miqdarında pulu cavabdehə onun iştirakı ilə vermişdir. Evi aldıqdan sonra iş üzrə tərəflər evə köçmüş və yaşayış yeri üzrə özləri və övladları evə qeydiyyata düşmüşlər. Təqribən 2018-ci ilin əvvəlində cavabdeh iddiaçını evdən qovmuş və iddiaçını, habelə uşaqları bir daha evə buraxmamışdır. Bu səbəbdən də, iddiaçı, həmin vaxtdan etibarən uşaqları ilə birlikdə valideynlərinin evində yaşamaq məcburiyyətində qalmışdır. Valideynlərinin ev kiçikdir və yaşayış üçün yararsızdır. Buna görə də iddiaçı hesab edir ki, onun və uşaqların mübahisəli evdən istifadə hüquqlarının əvəzi olaraq cavabdehdən 15.000 manat məbləğində kompensasiya tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddianın tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən bəlli olur ki, iddiaçı ilə cavabdeh 06.10.2015-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahdan onların 2 övladları var. Birgə nikah dövründə iş üzrə tərəflər və onların övladları Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, ev 47 “B” ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Həmin ev özbaşına tikilidir. İddiaçı bildirir ki, onunla cavabdehin münasibətləri təqribən 2018-ci ilin əvvəlində pozulmuş və cavabdeh onu uşaqları ilə birlikdə evdən qovmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli qətnaməsindən (İş № 2(001)-8105/2019) görünür ki, həmin qətnamə ilə İddiaçı iddiasının təmin edilməsi, onunla Cavabdeh2 arasında 06.10.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra azyaşlı uşaqların İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.02.2020-ci il tarixli, AZ-İ seriyalı, 348107 saylı “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə cavabdehin arasındakı nikahın ləğv edilməsi müvafiq akt qeydləri kitabında 13.02.2020-ci il tarixdə 76 № ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qərarından (İş № 2(102)-3930/2019) görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 və sonuncunun anası Dilarə Mirzəzadəya qarşı “uşaqlar ilə birlikdə mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.12.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikilidir; ev İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunsa da, onların birgə vəsaiti hesabına alınması sübuta yetmir; sübuta yetir ki, ev Cavabdeh2 atası tərəfindən əldə olunmuşdur; İddiaçı evin alınmasına, təmirinə və ya yaxşılaşdırılmasına vəsait xərcləməmişdir. Bunları müəyyən etmiş məhkəmələr hesab etmişlər ki, İddiaçı evə istifadə hüququ yaranmamışdır, buna görə də, onun “uşaqlar ilə birlikdə mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilə bilməz. İşi hallarının kassasiya icraatı zamanı da öz əksinin tapmasını nəzərə almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsi işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni dəyişdirilmədən saxlamaqda haqlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli qərarından (İş № 2-1(112)- 2679/2020) görünür ki, həmin qərarla İddiaçı ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli qərarı (İş № 2-1(103)- 1130/2021) ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə aktları qanuni qüvvəsini almışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuş halları nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması işin mübahisəsiz halını təşkil edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev buna lazimi icazələr alınmadan inşa edilmiş tikilidir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının mübahisəli tikilidən istifadə etmək hüququ mövcud deyil və ümumiyyətlə yaranmamışdır. Bundan başqa Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli və bir sıra digər qərarlarına əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, mübahisəli ev özbaşına tikili olmasa idi və iddiaçının evdən istifadə hüququ mövcud olsa idi belə, hazırki iş üzrə iddiaçı bu kimi, yəni “yaşayış sahəsinə görə cavabdehdən onun xeyrinə kompensasiya tutulması tələbi barədə” iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi üçün kompensasiyanın ödənilməsi tələbini irəli sürmək hüququ istifadəçiyə deyil, yaşayış sahəsinin mülkiyyətçisinə aiddir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsaslar ilə iddianı təmin etməməklə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar