Məhkəmə qərarları › İş №2(103)-8919/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8919/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8919/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(004)- 3738/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, 28 nömrəli mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1300 manat pulun cavabdehdən onun xeyrinə tutulmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(004)- 3738/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin 03.08.2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİ 107523 seriya nömrəli 10 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh 07.07.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə və s.) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinin tələbinə görə isə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göründüyü kimi, qanunun mənasına görə, prosessual hüquq varisliyinə yalnız o halda yol verilir ki, tərəf işə baxılarkən sıradan çıxmış (hazırki halda vəfat etmiş) olsun. Cavabdeh isə İddiaçı iddia ilə məhkəməyə müraciət etməzdən xeyli əvvəl vəfat etmişdir, belə ki, cavabdeh 07.07.2020-ci il tarixdə ölmüş, iddiaçı isə iddia ərizəsi ilə 19.05.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1 m.). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1 m.), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1 m.). Belə olan halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(004)-3738/2021 saylı tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar