Məhkəmə qərarları › İş №2(103)-892/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-892/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-892/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200 000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 22 ildir tanıdığı Cavabdehla aralarında çox yaxın münasibətlər olmuş, Cavabdeh banka borcunun olduğunu, həmin kredit borclarının onu boğduğunu, əmlakını itirmə təhlükəsinin mövcudluğunu bildirməklə ona borc verməsini xahiş etmiş, ona hörmətlə yanaşdığı üçün 2010-2011-ci illərdə Cavabdeh və onun şəriki (kompanyonu) Ədalət Fəttahova cəmi 930 000 ABŞ dolları məbləğində borc vermişdir. 2012-ci ildə Cavabdeh məsləhəti ilə Ədalət Fəttahovu qorxudaraq pulun qaytarılmasını təmin etmək məqsədilə sonuncunun yaşadığı yer üzrə məhkəmədə (Yasamal Rayon Məhkəməsi) birgə borclular kimi onlara (Cavabdeh və Ədalət Fəttahova) qarşı iddia qaldırmış, bu məsləhəti verərkən Cavabdeh şəriki Ədalət Fəttahovun həmin pullardan başqa əlavə olaraq ondan da 3000 000 ABŞ dolları aldığını bildirmiş, lakin sonradan Cavabdeh onu aldatdığını öyrənmişdir. xx.xx.2012-ci il tarixdə Cavabdeh ondan 200 000 ABŞ dolları borc verməsini xahiş edərək bildirmişdir ki, həmin məbləğdə pulu verməsə, bütün pulları batar və əvvəllər verdiyi 930 000 ABŞ dolları məbləğində borcun qaytarılması da çətinləşər. Nəticədə xx.xx.2012-ci il tarixdə 200 000 ABŞ dolları məbləğindəki borcla ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi barədə müqavilə bağlamışlar. İddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddianı Cavabdeh özünün məsləhəti ilə irəli sürdüyündən, münasibətləri pozulmamış, xx.xx.2012-ci il tarixli müqavilənin bağlanması zamanı sözügedən əmlakın üzərinə məhkəmənin qərardadı ilə iddianı təmin etmə tədbiri kimi həbs qoyulduğu üçün inanmışdır ki, cavabdeh əmlak barədə hər hansı başqa özgəninkiləşdirmə hərəkətləri etməyəcək və həbsdən sonra qeyri-yaşayış sahəsi onun adına rəsmiləşdiriləcəkdir. Lakin məhkəmə prosesi uzun çəkmiş və ona verilən vədlər yerinə yetirilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq Ədalət Fəttahovdan 330 000 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2012-ci il tarixə hesablanmış 33 000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), həmçinin Cavabdeh 120 000 ABŞ dolları məbləğində əsas borcun, xx.xx.2012-ci il tarixə hesablanmış 32 000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) tutularaq ona ödənilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə əmlaklar üzərinə, o cümlədən ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmasına dair iddianı təmin etmə tədbiri ləğv olunmuş, bundan sonra cavabdehə müraciət edərək borc əvəzi kimi ona verdiyi həmin əmlakın adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin cavabdeh İsveçrədə yaşayan şərikinin həmin qeyri-yaşayış sahəsində payının olduğunu və sonuncunun bu yöndə razılığının olmadığını bildirməklə bundan imtina etmiş, söz vermişdir ki, səbr etsin, şərikini razı salaraq qeyri-yaşayış sahəsini onun adına keçirəcəkdir. 2014-cü ilin axırlarında cavabdeh, şərikinin əmlakın onun adına keçirilməsinə razı olmadığını bildirmiş və borcunu 2014-cü ilin dekabr ayında qaytaracağını vəd etmiş, bununla belə vədini yerinə yetirməyərək hər dəfə onunla görüşəndə yenə də vədlər verməyə davam etmişdir. 2015-ci ilin fevral ayında isə cavabdeh, guya ona (iddiaçıya) görə 160 000 manat məbləğində borca düşdüyünü bildirməklə 200 000 ABŞ dolları borcunu qaytarmaqdan və ya qeyri-yaşayış sahəsini onun adına keçirməkdən qəti şəkildə boyun qaçırmış, bildirmişdir ki, onu məhkəməyə verərkən onun sözü ilə hərəkət etmədiyindən bir manat da olsun pul ödəməyəcəkdir. Buna görə də məcbur olaraq məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “200 000 ABŞ dolları məbləğində borcun əvəzinə ünvan 1 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması” barədə ilkin, habelə Cavabdeh ona qarşı “əsassız iddia qaldırılması nəticəsində 160 000 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddiaları təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Əli-zadə Rasimə Əli-Əşrəf qızının ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 82,8 m2 qeyri-yaşayış sahəsinin ona verilməsinə dair Cavabdeh ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxıldığı zaman işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə isə Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq olunmamışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 82,9 m2 qeyri-yaşayış sahəsinin ona verilməsinə dair Cavabdeh ilə arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən, etibarsız əqdin nəticələri tətbiq edilərək onun həmin əqd üzrə Cavabdeh ödədiyi 200 000 ABŞ dolları cavabdehdən alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin işin faktiki hallarını və sübutları düzgün qiymətləndirmədiyini, əvvəlki mübahisələr üzrə qəbul olunmuş qətnamələrə istinad etməklə səhvə yol verdiyini, xx.xx.2012-ci il tarixli müqavilənin bağlanması ilə 200 000 ABŞ dolları borcun naturada ödəniləcəyini zənn etdiyindən əvvəl qaldırdığı iddiada həmin pulu istəmədiyini, lakin cavabdehin sonradan müqaviləni etibarsız hesab etdirməsi səbəbindən hazırkı iddianı qaldırdığını, etibarsız hesab olunmuş sözügedən müqavilənin cavabdehin ondan 200 000 ABŞ dolları pul aldığının etirafı olmasına baxmayaraq məhkəmənin qanunsuz qərarı ilə həmin pul vəsaitindən mərhum olduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Əjdər Cavadov iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin olunmasını; Cavabdeh nümayəndəsi (vəkili) Ənvər Əmirəliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib,apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2012-ci il tarixdə “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilə bağlanmış, müqavilədə göstərilmişdir ki, “Biz aşağıda imza edənlər Cavabdeh və İddiaçı aşağıdakı şərtlərlə razılığa gəldilər: 1. Mən Cavabdeh, vətəndaş İddiaçı aldığım borc pul məbləğlərindən 200 000 (iki yüz min) ABŞ dollarının əvəzinə mənim mülkiyyətimdə olan ünvan 3 ünvanında yerləşən sahəsi 82,8 m2 və dəyəri 200 000 (iki yüz min) ABŞ dolları olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verirəm. 2. Mən İddiaçı vətəndaş Cavabdeh verdiyim borc pul məbləğlərindən 200 000 (iki yüz min) ABŞ dollarının əvəzinə Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən sahəsi 82,8 m2 və dəyəri 200 000 (iki yüz min) ABŞ dolları olan qeyri-yaşayış sahəsinin mənim mülkiyyətimə verilməsi şərtini qəbul edirəm”. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı Cavabdeh qarşı “200 000 ABŞ dolları borcun əvəzinə ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160 000 manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə isə Əli-zadə Rasimə Əli-Əşrəf qızının (Cavabdeh həyat yoldaşı) iddiası təmin edilərək Cavabdehla İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən aydın olur ki, məhkəmə etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməmiş, bu mövqeyini müqavilə üzrə tərəflərin biri-birilərinə nə pul, nə də daşınmaz əşya vermədikləri, müqavilədə pulun verilməsindən deyil, daha əvvəldən alınmış pul borcunun əvəzinə qeyri-yaşayış sahəsinin qarşı tərəfin mülkiyyətinə verilməsindən bəhs olunduğu ilə izah etmişdir. İşin müəyyən olunan digər halı ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən qətnamələrdən verilmiş apellyasiya şikayətləri üzrə işlər bir icraatda birləşdirilmiş, həmin məhkəmənin xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, xx.xx.2016-cı il tarixli qətnaməsinin isə tam olaraq dəyişdirilmədən saxlanılması qət edilmiş, sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6786/2017 saylı xx.xx.2017-ci il qərarına əsasən). İş materiallarından həmçinin aydın olur ki, İddiaçı Cavabdeh və X2 ondan cəmi 930 000 ABŞ dolları borc aldıqlarını, bununla belə həmin borcu qaytarmadıqlarını iddia edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, yekunda Ədalət Fəttahovdan əsas borcun əvəzi olaraq 330 000 ABŞ dolları, əldən çıxmış faydanın əvəzi olaraq 70 125 ABŞ dolları olmaqla cəmi 400 125 ABŞ dolları məbləğində pulun, Cavabdeh isə əsas borca görə 120 000 ABŞ dolları, əldən çıxmış faydanın əvəzi olaraq 67 248 ABŞ dolları olmaqla cəmi 187 248 ABŞ dolları məbləğində pulun, habelə Ədalət Fəttahov tərəfindən 400 125 ABŞ dolları məbləğində borc ödənilmədiyi təqdirdə, ümumilikdə 587 373 ABŞ dolları məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması, dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birindən 100 000 ABŞ dollarının, ümumilikdə 787 373 ABŞ dolları məbləğində pulun (məzənnəyə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzinin - 20 manatın - tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas kredit borcunun ödənilməsi məqsədilə 330 000 ABŞ dollarının, xx.xx.2012-ci il tarixə hesablanmış dəbbə pulunun (əldən çıxmış faydanın) ödənilməsi məqsədilə 33 000 ABŞ dollarının, yəni cəmi 363 000 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla Ədalət Fəttahovdan, əsas kredit borcunun ödənilməsi məqsədilə 120 000 ABŞ dollarının, xx.xx.2012-ci il tarixə hesablanmış dəbbə pulunun (əldən çıxmış faydanın) ödənilməsi məqsədilə 12 000 ABŞ dollarının, yəni cəmi 132 000 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla Cavabdeh, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuş, bu qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4572/2013 saylı xx xxxxxx 2013-cü il qərarına əsasən). İddiaçı məhz cavabdehlə arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış “pul borcunun əmlakla əvəz olunması barədə” müqaviləyə əsaslanmaqla müvafiq iddia tələbi ilə çıxış etmiş, cavabdeh (nümayəndəsi) isə sözügedən müqaviləni iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar bağladığını təkzib etməyərək özünə məxsus ünvan 3 ünvanında yerləşən və sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsini iddiaçıya olan 600 000 ABŞ dolları borcunun 200 000 ABŞ dolları hissəsinin əvəzinə verməyə razılaşdığını, lakin iddiaçının həmin əmlakdan imtina etməsi səbəbilə onun (əmlakın) qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyriyaşayış sahəsi ilə əvəz olunduğunu, həmçinin tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə cavabdehdən tutulması istənilən 600 000 ABŞ dolları borcun tərkibinə daxil olduğunu, sözügedən borcun 480 000 ABŞ dollarına bərabər hissəsinin qətnaməyə qədər, qalan 120 000 ABŞ dolları hissəsinin isə qətnamənin çıxarılmasından sonra ödənildiyini, bunu xx.xx.2013-cü il tarixli iltizamın və iddiaçının Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizənin də təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə aktları ilə cavabdehin iddiaçıya sadəcə 120 000 ABŞ dolları məbləğində əsas borcunun olmasının müəyyən edildiyini, həmin borcun isə (eləcə də 12 000 ABŞ dolları məbləğində cərimənin) xx.xx.2013-cü il tarixli iltizama əsasən tam ödənildiyini, xx xxxx 2012-ci il tarixdə tərəflər arasında bağlanmış “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin etibarsız hesab edilməsinə rəğmən, cavabdehin iddiaçıya digər – Bakı şəhəri, Azərbaycan prospekti (H.Hacıyev küçəsi) döngə 7 ünvanında yerləşən, sahəsi 140 m2 olan qeyri-yaşayış sahəsini verdiyini, bununla da cavabdehin iddiaçıya hər hansı borcunun qalmadığını və iddiaçı tərəfindən bu borcu təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxx 2012-ci il tarixli müqavilə (əqd) üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll olunmadığını vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə iddiaçının tələbi cavabdehə vermiş olduğu pulun (borcun) ondan tutularaq özünə qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2012-ci il tarixli “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin bağlanmış olduğu mübahisə mövzusu deyildir - həmin müqavilədə cavabdehin iddiaçıdan aldığı borc pul məbləğlərindən 200 000 ABŞ dollarının əvəzinə mülkiyyətində olan əmlakı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürdüyü göstərilmiş, yuxarıda qeyd olunduğu kimi cavabdeh sözügedən müqaviləni həqiqətən də iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar bağladığını etiraf etməklə yanaşı, gah iddiaçının həmin əmlakdan imtina etməsi səbəbilə onun (əmlakın) qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyri-yaşayış sahəsi ilə əvəz olunduğunu, gah da tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə ondan (cavabdehdən) tutulması istənilən 600 000 ABŞ dolları borcun tərkibinə daxil olduğunu irəli sürmüşdür. Göründüyü kimi, tərəflər arasında 200 000 ABŞ dolları ilə bağlı borc münasibətlərinin yaranmış olduğu mübahisəli deyildir və işin qeyd edilən faktiki halı iş materialları ilə də təsdiq olunur; tərəflər arasındakı anlaşmazlıq cavabdehin istinad etməkdə olduğu arqumentlərlə bağlıdır və bu baxımdan kollegiya, mübahisənin obyektiv həlli üçün yuxarıda qeyd edilən həmin arqumentlərə münasibət bildirməyiməqsədəmüvafiq hesab edir. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərə alan kollegiyanın qənaətinə görə, cavabdehin istinad etməkdə olduğu arqumentləri əsaslı hesab etmək mümkün deyildir; iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə “iltizam” adlandırılan sənəd imzalanmış, həmin iltizamda onlar, cavabdehin iddiaçıya olan borcunun əvəzinə 340 000 ABŞ dolları dəyərində qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyri-yaşayış sahəsini iddiaçıya verdiyini, sonuncunun bunu qəbul etdiyini, ümumi borcun isə 340 000 ABŞ dolları həddində azaldığını bəyan etmişlər. Cavabdeh məhz həmin iltizama əsaslanmaqla iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsi ilə əlaqədar ona ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsini verdiyini (verməyi öhdəsinə götürdüyünü), lakin iddiaçının həmin əmlakdan imtina etməsi səbəbilə həmin əmlakın qızına məxsus H.Hacıyev küçəsi döngə 7 ünvanında yerləşən 140 m2-lik qeyri-yaşayış sahəsi ilə əvəz olunduğunu iddiaya etirazının başlıca dəlili kimi irəli sürmüş, birinci instansiya məhkəməsi də həmin arqumenti əsaslı hesab etmişdir. Halbuki, sözügedən qənaətə gəlmək üçün hər hansı əsas mövcud deyildir. Belə ki, nə xx.xx.2012-ci il tarixli “iltizam” adlandırılan sənəddə buna dair hər hansı qeyd aparılmış, nə də tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilənin ləğv edilməsi ilə bağlı sənəd tərtib olunmamışdır (əksinə həmin müqavilə cavabdehin arvadının iddiası əsasında forma şərtinə əməl edilməməsi və cavabdehin arvadının buna dair razılığını bildirməməsi səbəbləri ilə etibarsız hesab edilmişdir). Digər tərəfdən, hazırkı iddia ilə tələb edilən pul məbləğinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə cavabdehdən tutulması istənilən borcun tərkibinə daxil olduğu qənaətinə gəlmək də mümkünsüz olmaqla, bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət yoxdur; belə ki, bu arqumentə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə münasibət bildirilmişdir. Bununla belə kollegiya, həmin arqument (o cümlədən 600 000 ABŞ dolları borcun 480 000 ABŞ dollarına bərabər hissəsinin Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsinə qədər, qalan 120 000 ABŞ dolları hissəsinin isə qətnamənin çıxarılmasından sonra ödənilməsi barədə dəlillər)ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Cavabdeh yekunda əsas borca görə sadəcə 120 000 ABŞ dolları (600 000 ABŞ dolları deyil), əldən çıxmış faydanın əvəzi olaraq isə 67 248 ABŞ dolları olmaqla cəmi 187 248 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmiş və sözügedən qətnamə ilə Cavabdeh əsas borca görə 120 000 ABŞ dolları, xx.xx.2012-ci il tarixə hesablanmış dəbbə puluna (əldən çıxmış faydaya) görə isə 12 000 ABŞ dolları olmaqla cəmi 132 000 ABŞ dolları məbləğində pulun məzənnəyə uyğun olaraq manatla tutulması qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından sonra tərəflər arasında xx.xx.2013-cü il tarixli “iltizam” adlandırılan sənəd imzalanmış, iltizamda “Cavabdeh İddiaçı olan 40 000 (qırx min) ABŞ dolları borcunu və məhkəmə qətnaməsi ilə kəsilmiş 12 000 (on iki min) ABŞ dolları cəriməni ödədiyi”, habelə “onun İddiaçı olan 600 000 (altı yüz min) ABŞ dolları məbləğində bütün borcunu və 12 000 (on iki min) ABŞ dolları cəriməni ödədiyi, cəmi ödənilmiş məbləğin 612 000 (altı yüz on iki min) ABŞ dolları olduğu” göstərilmişdir. Həmçinin eyni tarixdə tərəflər arasında borcun qaytarılması haqqında qrafik tərtib edilərək borcun qaytarılma tarixi, məbləği, qaytarılmasını təsdiq edən sübutun (sənədin) adı və nəhayət borcun hansı qaydada qaytarıldığı (nəğd və ya naturada) sırası ilə qeyd edilsə də, bu qrafikdə 200 000 ABŞ dolları borcla və onun əvəzində iddiaçıya verilməsi razılaşdırılan əmlakla (ünvan 3 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsi ilə) bağlı hər hansı qeyd aparılmamışdır. Bütün bunlar da cavabdehin istinad etməkdə olduğu arqumentlərin əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdehla İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə rəğmən, etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməmiş olması da fərqli qənaətə gəlməyə əsas vermir; belə ki, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə bu mövqeyini həmin müqavilə üzrə tərəflərin biri-birilərinə nə pul, nə də daşınmaz əşya vermədikləri, müqavilədə pulun verilməsindən deyil, daha əvvəldən alınmış pul borcunun əvəzinə mübahisəli qeyri-yaşayış sahəsinin qarşı tərəfin mülkiyyətinə verilməsindən bəhs olunduğu ilə izah etmişdir. Başqa sözlə məhkəmə, 200 000 ABŞ dolları məbləğində pulun xx xxxx 2012-ci il tarixli müqavilənin əsasında (həmin müqavilə bağlanan anda) verilmədiyinə əsaslanmaqla restitusiya ilə bağlı müvafiq normanı mübahisəyə tətbiq etməmiş, həmin borcun mövcudluğunu ümumən şübhə altına alacaq hər hansı xüsusatı isə müəyyənləşdirməmişdir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən kollegiya, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavadehin nümayəndəsi (vəkili) iddia tələbinin xx.xx.2012-ci müqaviləyə əsasən irəli sürüldüyünü göstərməklə 3 illik iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir (MM-nin 373.2-ci maddəsinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 373.1-ci və 373.2 maddələrinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlandığı tarix hesablanarkən kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi an nəzərə alınmalıdır. İşin müəyyən olunan halına görə, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə “pul borcunun əmlakla əvəz olunması barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh, iddiaçıya olan borcunun 200 000 ABŞ dollarına bərabər hissəsinin əvəzinə özünə məxsus ünvan 4 ünvanında yerləşən və sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsini sonuncunun mülkiyyətinə keçirtməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin öhdəliyini icra etmədiyindən iddiaçı “200 000 ABŞ dolları borcun əvəzinə ünvan 4 ünvanında yerləşən sahəsi 82,8 m2 olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə yekun məhkəmə aktı xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və məhz bundan sonra iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür. Göstərilənlər isə, iddiaçının iddia müddətini ötürmədiyi qənaətinə gəlməyə əsas verir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə iddia qaldırmaq, həmçinin apellyasiya şikayəti vermək üçün iddiaçının ödədiyi dövlət rüsumunun və bank xidməti xərclərinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 200 000 (iki yüz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 (qırx beş manat 80 qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar