Məhkəmə qərarları › İş №2(103)-8931/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8931/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8931/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək sonunculardan müştərək qaydada 3888,04 manat əsas, 771,63 manat faiz, 195 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 4854,67 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 20 dekabr 2016-cı il tarixli, 2(001)-19223/2016 saylı məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Sonradan Cavabdeh1 əmrə etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv olunmasını xahiş etmiş, məhkəmənin 01 aprel 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində iddia icraatı qaydasında işə baxılarkən iddiaçının nümayəndəsi 26.05.2021-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehdən 2600,2 manat əsas və 966,63 manat faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-3612/21) "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası qismən təmin edilmiş, 2600,2 manat əsas, 771,96 manat faiz borcu olmaqla ümumilikdə 3372,16 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququ "xxxx" QSC-yə güzəşt edilmişdir. "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli, 4-08.07.2014-SM1 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 arasında 08.07.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məzuliyyəti öz üzərinə götürmüşdür. Bank 2016-cı ildə ərizə ilə məhkəməyə müraciət edərkən borcun məbləği 3888,04 manat əsas, 771,63 manat faiz, 195 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 4854,67 manat təşkil etmiş, 08 may 2021-ci il tarixə isə borc məbləği 2600,2 manat əsas, 966,63 manat faiz borcundan ibarətdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən maliyyə arayışı təqdim etmiş və cavabdehdən 08 may 2021-ci il tarixə olan 2600,2 manat əsas və 966,63 manat faiz borcunun tutulmasını zahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işlə bağlı heç bir məhkəmə mühasibatlıq ekspertizası keçirilmədən hakim tərəfindən 966,63 manat faiz borcu azaldılaraq 771,96 manat göstərilmiş və "xxxx" QSC-nin iddiası qismən təmin edilmişdir. Halbuki, Cavabdeh1 kredit müqaviləsinə əsasən gecikmədə olan borcu əsas borc üzrə 2600,20 manat, faiz borcu üzrə 966,63 manat, cəmi 3566,83 manat olduğuna dair maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi isə cəmi 194,67 manat faiz borcunun tutulması ilə bağlı hissədir. Belə ki, iddiaçının 966,63 manat faiz borcu tələbi qismən – 771,96 manat hissəsində təmin olunmuşdur. Əsas borcla bağlı tələb isə tam təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2014-cü il tarixli, 4-08.07.2014-SM1 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faiz ödəmək şərtilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyinə istinad edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının ilkin tələbi cavabdehdən 3888,04 manat əsas, 771,63 manat faiz, 195 manat gecikdirilmiş faiz borcu olmaqla cəmi 4854,67 manat məbləğində borcun tutulması barədə olsa da, onun son dəqiqləşdirilmiş tələbi 26.05.2021-ci il tarixli maliyyə arayışı əsas götürülməklə 08 may 2021-ci il tarixə olan 2600,2 manat əsas və 966,63 manat faiz borcunun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən - cavabdehdən 2600,2 manat əsas və 771,96 manat faiz borcunun tutulması hissəsində əsaslı saymışdır. Birinci instansiya məhkəməsi faiz borcu ilə bağlı tələbi qismən təmin edərkən iddiaçı tərəfindən həmin borcun kredit müqaviləsi üzrə müddət bitdikdən sonrakı dövr üçün də tələb olunduğunu, bunun isə yolverilməz olduğunu əsas görürmüşdür. Müqavilə müddəti üzrə ödənilməmiş faiz borcunun məbləği isə 19.09.2016-cı il tarixli maliyyə arayışında 771,96 manat göstərilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya qaydasında yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 194,67 manat olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar