Məhkəmə qərarları › İş №2(103)-894/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-894/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-894/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4022/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(010)-4022/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X10 adlı bir uşaqları anadan olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailələri dağılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4022/2019 saylı qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş və həmin qətnamə ilə xx.xx.2018-ci il təvəllüdlü X10 adlı uşaqlarının saxlanması üçün 160 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 160 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyil. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və uşaqların problemləri ilə maraqlanmır. Onun hər ay uşaqların saxlanması üçün 400 manatdan çox xərci çıxır ki, bu məbləğ də cavabdeh tərəfindən ödənilməlidir. Uşaqların maddi təminatı ilə yanaşı, hər ay əlavə xərclər də çıxır ki, o, bu xərcləri də ödəmək məcburiyyətində qalır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi cəhətdən qayğısına qalır. Yaşadıqları evin kommunal xərclərinin ödənişləri və uşağın böyüməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Lakin cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də uşağın saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmalıdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4022/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-3464/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməsi, ödənilməmiş 46.4 manat (qırx altı manat qırx qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, alimentin miqdarının azaldılaraq 120 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin faktiki halları müəyyən edilməmişdir. Belə ki, müəyyən olunan aliment miqdarı həddən artıqdır. O, heç bir yerdə işləmir. Bundan əlavə bu evlilikdən əvvəl başqa evliliyi olmuş və ondan da ayrılmışdır. Apellyasiya şikayətinə əlavə etdiyi arayışdan da görünür ki, o, Ağcabədi rayon məhkəməsinin 2(017)-757/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X2 100 manat aliment ödəyir. Bundan başqq anası X4 xərçəng xəstəliyindən və infarktan əziyyət çəkir. X1 da uzun sürən xəstəlikdən əziyyət çəkir. Ailənin bütün maddi yükünü o, çəkir. Buna baxmayaraq birinci instansiya məhkəmə qətnamə qəbul edərkən bütün qeyd etdiyi xüsusatları nəzərə almamışdır. Cavabdeh tərəfin kifayət qədər gəlirləri mövcuddur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən birtərəfli mövqe göstərmişdir belə ki, qətnamə əsaslandırılarkən uşağın saxlanılması yükünü sadəcə atanın üzərinə atmışdır. Beləliklə ədalətsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə qətnaməsi qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

12. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamənin ləğv edilərək alimentin miqdarının azaldılaraq 120 manata endirilmsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

19. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin qazancının olmaması, sonradan ailə qurmaqla həmin nikahdan da bir uşağının olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2019-cu il) qəbul edilməsindən 4 ildən çox müddət ötmüş, o cümlədən uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin yaşayış minimumu həddində aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

21. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da bir uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

22. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Hazırkı iş üzrə cavabdeh qətnamə ilə müəyyən edilmiş alimentin dəyişdirilərək 120 manat məbləğində müəyyən edilməsini tələb edir. Bu baxımdan da kollegiya hesab edir ki, alimentin mübahisələndirilən hissəsi 220-120=100 manat, illik məcmusu isə (100x12=1200 manat) 1200 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar