Məhkəmə qərarları › İş №2(103)-895/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-895/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-895/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X22 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin özünün və vəkili (nümayəndəsi) X8 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən cavabdehə verilmiş borcun qaytarılması məqsədi ilə 11.000 manat və iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin qaytarılması məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh xx.xx.2018ci il tarixdə 10.000 manat, xx.xx.2018-ci il tarixdə isə 1.000 manat məbləğində pulu iddiaçıdan borc almışdır. Cavabdeh həmin məbləğləri iş yoldaşları və tanışları X19, X12, X23, X20, X9, X16, X17, X13, X14 və X10 yanında almışdır. Cavabdeh borcu üç ay ərzində qaytaracağını bildirsə də, borcu qaytarmamışdır. Borcun qaytarılması barədə iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək hazırda imkanının olmadığını, ancaq imkanı olan kimi borcu ödəyəcəyini bildirir. Göründüyü kimi cavabdehə borcunun ödənilməsi üçün əlavə vaxt verilməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan yayınır. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi ədalət mühakiməsinin “çəkişmə prinsipinə” əməl etmədən iddiaçının irəli sürdüyü iddia tələbi üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçı tərəfindən hər hansı müqavilə təqdim olunmadığı halda iddiaçının şifahi məlumatlarına və təqdim etdiyi saxta akta əsasən iddianı təmin etmişdir. Əslində, iddiaçı faizə pul verəndir. Cavabdehin iddiaçıya borcu olmuş, lakin o, borcunu qaytarmışdır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) V.Yadigarov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli “Aktdan” görünür ki, X11, X2, X18, X15, X1, X5, X6, X3, X4 və X10 iştirakları ilə İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixdə 10.000 manat və xx.xx.2018-ci il tarixdə 1.000 manat olmaqla ümumilikdə 11.000 manat məbləğində pulu borc vermiş, lakin hal-hazıradək həmin borc nə tam, nə də ki, qismən qaytarılmamışdır. Rayon Məhkəməsi cavabdehin iddianı etiraf etməsini əsas götürərək iddianı təmin etmişdir. Belə ki, işin 29-cu vərəqində olan “İddianın etiraf edilməsi haqqında ərizədən” və 37-ci vərəqində olan məhkəmə iclas protokolundan görünür ki, Rayon Məhkəməsinə izahat vermiş cavabdeh iddianı qəbul etdiyini, borcu qaytarmamasının səbəbinin maddi vəziyyətinin pisləşməsi olduğunu, lakin borcu ödəməli olduğunu tam məsuliyyəti ilə anladığını və götürdüyü öhdəliyinə əməl etmək üçün əlindən gələni edəcəyini bildirmişdir. Bundan fərqli olaraq apellyasiya şikayətində cavabdeh borcunun olduğunu qəbul etsə də, həmin məbləği qaytardığını bildirir və apellyasiya baxışı zamanı izahatında iddiaçı və onun vəkili tərəfindən aldadıldığını, ondan evinin sənədlərini qaytarmaları üçün “İddianın etirafı haqqında ərizə” yazmasını tələb etdikləri üçün belə bir ərizə yazdığını bildirir. Apellyasiya baxışı zamanı isə cavabdeh ərizə verərək, Rayon Məhkəməsində etiraf xarakterli verdiyi ərizəni qəbul etmədiyini, həmin ərizənin onun iradə ifadəsini əks etdirmədiyini, iddiaçıdan 1.000 manat pul aldığını bildirir. Göstərilənlərə əsasən, cavabdeh apellyasiya baxışı zamanı da iddiaçıdan 1.000 manat pul aldığını etiraf etdiyi üçün və həmin pulu qaytardığını təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilmədiyi üçün Məhkəmə 1.000 manat pulun tutulması hissəsində qətnaməni əsaslı hesab edir və bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-nin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İşin mübahisəli halı iddiaçı tərəfindən cavabdehə 10.000 manat borcun verilibverilməməsidir. Odur ki, Məhkəmə borcun mövcud olub-olmaması halının aydınlaşdırmaq üçün iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələrini almışdır. Belə ki, Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X13 öz ifadəsində bildirmişdir ki, Sədrəddini işlədiyi “8-ci kilometr” bazarından tanıyır, Mahirə isə qonşusudur. Hər ikisi arasında pul söhbəti olduğunu bilir. Mahirə yıxılaraq ayağını sındırdığı üçün 2018-ci ilin aprel ayında 4-5 nəfər yaxını ilə onu görmək üçün evinə getmişlər. Həmin vaxt Sədrəddin də Mahirənin yanına gəlmişdi. Sədrəddinin istəyinə əsasən Mahirə onların yanında Sədrəddinə 10.000 manat pul sayıb verdi. Mahirə ilə Sədrəddin arasında əvvəllər mənzillə bağlı pul söhbəti olduğu barədə məlumatı var. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X19 da şahid X13 ilə eyni məzmunlu ifadə verərək Sədrəddinə 10.000 manat borc verildiyini təsdiq etdi. Hər iki şahid işin 6-cı vərəqində olan xx.xx.2019-cu il tarixli “Aktda” olan imzalarla tanış edilərək imzaların onlara məxsus olduğunu təsdiq etdilər. Apellyasiya baxışı zamanı Məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixli “İpoteka müqaviləsindən” görünür ki, iş üzrə tərəflər arasında başqa borc münasibəti də olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 manat kredit verilmiş və müqavilə üzrə yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə 10.000 manat məbləğində borc verilmiş, lakin cavabdeh həmin borcun iddiaçıya qaytarıldığını sübuta yetirə bilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739.2.). Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). İş üzrə iddiaçı tərəfindən cavabdehə verilən borcun məbləği üç min manatdan çox olsa da, onlar arasında yazılı müqavilə bağlanmamış və beləliklə qanunvericiliklə nəzərdə tutulmuş müqavilə formasına riayət edilməmişdir. Mülki Məcəllənin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 10.000 manat borc verilməsi barədə xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə yazılı formada bağlanmadığı üçün etibarsızdır və cavabdehə verilən pul borc kimi tələb edilə bilməz. Lakin işin qeyd edilən halları Rayon Məhkəməsi tərəfindən düzgün müəyyən edilməmiş və əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Bununla belə, iddiaçı tərəfindən cavabdehə qaytarmaq şərti ilə müvəqqəti istifadə üçün 10.000 manat pul verildiyi müəyyən olunduğu üçün cavabdehin həmin pulu iddiaçının tələbi ilə qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia 10.000 manat pulun tutulması hissəsində əsaslıdır, 10.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni 10.000 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək 10.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamə qismən, yəni 10.000 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiası həmin hissədə təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə, yəni borcun bir qisminin əvəzi olaraq Cavabdeh 1.000 (min) manat və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Xəyal Sarıyev (imza) Həmid Həmidov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar