Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-895/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-75/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayaş massivi, 16 nömrəli binanın arxasında yerləşən, 80 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlıdır (bundan sonra – qeyri-yaşayış sahəsi). 2.Qeyri-yaşayış sahəsi bələdiyyə mülkiyyətindədir, bələdiyyə ilə cavabdehin arasında bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında 30 il müddətinə cavabdehə icarəyə verib. Həmin müqavilədə qeyd olunub ki, qeyri-yaşayış sahəsi bələdiyyənin razılığı olmadan ikinci şəxsə icarəyə verilə bilməz. Buna baxmayaraq, cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verib. Həmin müqaviləni cavabdehin adından onun oğlu imzalayıb. 3.Sonradan tərəflərin münasibətləri pozulub, cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıdan geri alıb. Qeyri-yaşayış sahəsi iddiaçıda olduğu müddətdə iddiaçı orada yenidənqurma və təmir işləri aparıb. Münasibətlər pozulduqdan sonra həmin işlərin nəticəsi cavabdehə qalıb. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, qeyri-yaşayış sahəsinin təmiri üçün çəkilmiş xərcin əvəzi kimi 15.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 5.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 9.111,3 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 7.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 9.İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, sonuncu məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən yenidənqurma və təmir işlərinin aparıldığı mübahisə doğurmur, bunu cavabdeh də etiraf edir. Mübahisə yenidənqurma və təmir işlərinə çəkilən xərcin məbləği barədədir. İddiaçı xərcin məbləğinin 15.000 manat olduğunu bildirir. Cavabdeh apellyasiya icraatı zamanı bildirdi ki, xərcin məbləği təxminən 3.000 manat təşkil edir. 11.Xərcin məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/1-10/6886 nömrəli ekspert rəyinə görə, qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 14.228 manat təşkil edir. Ekspert rəyinə görə, 14.228 manatın tərkibinə göstərilənlər daxildir: 1) mətbəx üzrə 3.475 manat; 2) zal üzrə 3.683 manat; 3) koteclər üzrə 4.445 manat; 4) həyətyanı sahə üzrə 2.625 manat. 12.Birinci instansiya məhkəməsi xərcin əvəzi kimi 9.111,3 manat tutulmasını qət edib. Qətnaməyə görə, 9.111,3 manatın tərkibinə göstərilənlər daxildir: 1) mətbəx üzrə görülmüş işlərin xərci olan 2.920 manat; 2) zal üzrə görülmüş işlərin xərci olan 2.728 manat; 3) koteclər üzrə görülmüş işlərin xərci olan 2.963,3 manat; 4) həyətyanı sahə üzrə görülmüş işlərin xərci olan 500 manat. 13.Xərcin məbləğinin 9.111,3 manat müəyyən edilməsi düzgün nəticədir. Belə ki, iddiaçının qeyri-yaşayış sahəsində hansı həcmdə yenidənqurma və təmir işləri apardığının dəqiq müəyyən edilməsi üçün qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyəti müəyyən edilməlidir. Lakin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil veriləkən onun vəziyyəti sənədləşdirilməyib. Ona görə də birinci instansiya məhkəməsi bu məbləği müəyyənləşdirərkən ekspert rəyi ilə yanaşı cavabdehin etirafına, şahdilərin ifadələrinə, qeyri-yaşayış sahəsinin məhkəmə tərəfindən yerində müayinəsinin nəticələrinə istinad edib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. 14.Qeyri-yaşayış sahəsində həyata keçirilmiş yenidənqurma və təmir işlərinin nəticələrini əmlaka zərər yetirmədən ondan ayırmaq mümkün deyil. AR Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyri-yaşayış sahəsi bələdiyyə mülkiyyətində olsa da, iddiaçı çəkdiyi xərcin əvəzinin ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır, çünki qeyri-yaşayış sahəsi 30 illik icarə müqaviləsi ilə cavabdehin icarəsindədir. Bu müddətdə yaxşılaşdırmalaradan cavabdeh istifadə edəcək, icarə müddətinin sonunda qeyri-yaşayış sahəsi geri qaytarıldığı təqdirdə, cavabdeh onların əvəzini bələdiyyədən tələb edə biləcək. 15.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. 16.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-75/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-895/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-895/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver