Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8951/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı1 ASC-nin nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlunun iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2555/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 16.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 (iyirmi üç min doqquz yüz doxsan altı ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Cavabdeh 18 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 14000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə, 09.09.2006-cı ildən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 ABŞ dollarıl məbləğində borcu vardır. Cavabdehə göndərilmiş xəbərdarlığa baxmayaraq o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddia müddətinin tətbiq olunmamasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2555/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə Cavabdeh ayrı-ayrı vaxtlarda ödənişlər aparmış, lakin müqavilənin şərtlərinin pozulması və cədvəl üzrə gecikdirilmiş borc məbləğinin ödənilməsilə bağlı cavabdehə telefon vasitəsilə şifahi olaraq xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Hüseynov Xəqani Füzuli oğlu şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2555/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 09.03.2005-ci il tarixli 433 A(H) saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Cavabdeh 18 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.05.2021-ci il tarixli KBD-8547 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 09.03.2005-ci il tarixli kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" İKB ASC, hazırki adı isə İddiaçı1 ASC-dir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" İKB ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh 16.06.2021-ci il tarixdə iddia müddətinin tədbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2 və 377.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində is göstərildiyi kimi müqavilələr özündə mövcud qanunvericiliyə zidd normalar əks etdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, , iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında müqavilə 09.03.2005-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 09.09.2006cı ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə on beş il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2555/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2555/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8951/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8951/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver