Məhkəmə qərarları › İş №2(103)-8958/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8958/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8958/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə2, Cavabdehin (qarşılıqlı iddia üzrə iddaçının) vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin və Cavabdeh3 İddiaçı QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(001)-17/2021 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə: - 09R000006035 saylı kredit razılaşması üzrə 52400,89 ABŞ Dolları kredit borcu, 31399,58 ABŞ Dolları faiz və 69374 ABŞ Dolları cərimə olmaqla, cəmi 153174,47 ABŞ dolları borcun; - 09R000008941 saylı kredit razılaşması üzrə 58300,99 ABŞ Dolları kredit borcu, 37102,53 ABŞ Dolları faiz və 76144 ABŞ Dolları cərimə olmaqla, cəmi 171547,52 ABŞ dolları borcun; - 09R000012554 saylı kredit razılaşması üzrə 310301,42 ABŞ Dolları kredit borcu, 192502,76 ABŞ Dolları faiz və 432938,74 ABŞ Dolları cərimə olmaqla, cəmi 935742,92 ABŞ dolları, üç kredit razılaşması üzrə ümumilikdə cəmi 1260464,91 ABŞ Dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması; - 09R000006035 saylı kredit razılaşması üzrə tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 153174,47 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi; - Eyni zamanda hər üç kredit razılaşması üzrə tələbin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətindəki ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəli 219.4 kv.m qeyri yaşayış sahəsinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 1260464,91 ABŞ məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; - Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 219.4 kv.m qeyri yaşayış sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2007-ci il tarixli 09M000000053 nömrəli, 04 noyabr 2011-ci il tarixli 09M000000573 nömrəli və 02 may 2012-ci il tarixli 09M000000616 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC-yə İddiaçı QSC ilə bağladığı 19.04.2007-ci il tarixli 09L000000036 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 200000 ABŞ Dolları məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanılmış 04.11.2011-ci il tarixli 36 saylı sazişə əsasən kredit xətt müqaviləsinin müddəti və məbləği artırılmış, müddəti 174 ay və məbləği ******* ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə MMC QSC ilə bağladığı 08.05.2012-ci il tarixli 09R000005978 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000006035S saylı, 14.04.2016-cı il tarixli 09R000006035SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. MMC kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.02.2017-ci il tarixdən banka qaytarmamışdır. MMC götürdüyü kredit borcundan 147599,11 ABŞ Dolları ödəmiş, onun 52400,89 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə MMC İddiaçı QSC ilə bağladığı 19.08.2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000008941S saylı, 08.04.2016-cı il tarixli 09R000008941SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. MMC kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.12.2016-cı il tarixdən banka qaytarmamışdır. MMC götürdüyü kredit borcundan 41699,01 ABŞ Dolları ödəmiş, onun 58300,99 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə MMC İddiaçı QSC ilə bağladığı 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 370000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.03.2015-ci il tarixli 09R000012554S saylı, 14.04.2016-cı il tarixli 09R000012554SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. MMC kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.11.2016-cı il tarixdən banka qaytarmamışdır. MMC götürdüyü kredit borcundan 59698,58 ABŞ Dolları ödəmiş, onun 310301,42 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər "xxxx" MMC və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 09R000006035 saylı kredit razılaşması üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış 02.05.2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış 08.05.2007-ci il tarixli 09M000000053 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 111,9 kv.m qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanılmış 04.11.2011-ci il tarixli 53 saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xəttinin müddətinin 174 ay və məbləğinin ******* ABŞ Dolları müəyyən edilməsi barədə dəyişiklik ipoteka müqaviləsinə də şamil edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış 04.11.2011-ci il tarixli 09M000000573 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 219,4 kv.m qeyri yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış 02.05.2012ci il tarixli 09M000000616 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binanda yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, onunla Bank arasında 08 may 2007-ci il tarixli 09M000000053 nömrəli, 04 noyabr 2011-ci il tarixli 09M000000573 nömrəli və 02 may 2012-ci il tarixli 09M000000616 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən o, əmlakları 19.04.2007-ci il tarixli 09L000000036 nömrəli Kredit Xətti Müqaviləsi üzrə MMC-nin öhdəliklərinin təminatı olaraq banka ipotekaya qoyulmuşdur. Halbuki, kredit xətti müqaviləsi, əslində, müqavilə deyil. Çünki müqavilənin 1.4-cü bəndində deyilir: “Borcverən öz mülahizəsinə əsasən Borcalana Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddət ərzində və həmin bənddə müəyyən edilmiş kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər.” Başqa sözlə, Kredit limiti müqaviləsi üzrə cavabdehin borclu qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil, o, istədiyi vaxt kreditin verilməsindən imtina edə bilər. Buna görə də, Kredit xətti müqaviləsi konsensual müqavilə deyil, yəni Bankın borcluya gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün kredit xətti müqaviləsi ümumiyyətlə müqavilə, əqd deyil. Həmin müqavilə ilkin müqavilə də hesab edilə bilməz. Çünki MM-nin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit xətti müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit xətti müqaviləsi üzrə borclu banka kredit üçün müraciət edə bilər. Bank isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur və bu, bir daha təsdiq olunur. Buna görə də Kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən, həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız olduğundan kredit xətti müqaviləsi etibarsızdır. MM-nin 460.3-cü maddəsinə görə isə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin də etibarsızlığına səbəb olur. Həmçinin, qanunvericiliyin tələbinə görə əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Lakin, ipoteka müqaviləsi qeyd edilən tələbə cavab vermir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(001)-17/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 08.05.2012-ci il tarixli 09R00005978 saylı kredit razılaşması üzrə əsas borca görə 52400,89 ABŞ dolları, faiz borcuna görə 31399,58 ABŞ dolları və cərimə borcuna görə 5000 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə əsas borca görə 58300,39 ABŞ dolları, faiz borcuna görə 37102,53 ABŞ dolları və cərimə borcun görə 6000 ABŞ dolları, 30.09.2014-cü il tarixli, 09R000012554 saylı kredit razılaşması üzrə əsas borca görə 310301,42 ABŞ dolları, faiz borcuna görə 192502,76 ABŞ dolları və 9000 ABŞ Dolları cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 93 manat rüsum və xidmət haqqının əvəzinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətindəki ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinə, ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəli 219.4 kv.m qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində ümumi sahəsi 111.9 kv.m qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 56000 manat; ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 219.4 kv.m. qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 220000 manat; Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən 55 nömrəli mənzilin ilkin satış qiymətinin isə 140000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılmaları və onların satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin əmlaklar satıldıqdan 1 ay sonra Cavabdeh3 tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı QSC və Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində ilk iddia ərizəsinin Cavabdeh3 mülkiyyətində olan ipoteka predmeti Abşeron rayonu Novxanı kəndi Bağlar massivində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutma yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə ilk iddianın təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, həmin bağ evi kredit xətti müqaviləsi üzrə deyil, yalnız QSC ilə MMC arasında bağlanmış 08.05.2012-ci il tarixli 09R000005978 (09R0********) saylı kredit razılaşması üzrə borclunun bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq bağlanmışdır. 02.05.2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsindən də müəyyən olunur ki, qeyd olunan əmlak MMC tərəfindən 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində kreditin təminatı olaraq bank qarşısında yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA ******* saylı çıxarışdan da müəyyən olunur ki, qeyd olunan əmlak MMC tərəfindən 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində 09R000006035 saylı kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı olaraq bank qarşısında yüklü edilmişdir. Lakin qeyd olunan kredit razılaşması və onun ayrılmaz tərkib hissəsi olan ödəniş planı tərtib edilərkən texniki səhvə yol verilmiş, kredit razılaşmasının nömrəsi 09R000005978, ödəniş planının nömrəsi isə 09R000006035 olaraq çap edilmişdir. Həmin kredit razılaşmasının restrukturizasiya edilməsi barədə bağlanmış 30.03.2015-ci il tarixli və 14.04.2016-cı il tarixli sazişlərdə də kredit razılaşmasının nömrəsi 09R000006035 olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı həmin kredit razılaşması ilə bağlı hər hansı mübahisəli sual yaranmamış, iddiaçı bankdan 09R000006035 saylı kredit razılaşmasının təqdim edilməsi tələb edilməmişdir. 200000 ABŞ Dollarının verilməsi barədə 09R000006035 saylı kredit razılaşması imzalanmamışdan qabaq ipoteka müqaviləsi tərtib edilmiş və bağlanmış, həmçinin yüklülük çıxarışı da alınmışdır. Bundan başqa qarşılıqlı iddiaçı Cavabdeh3 kredit xətti üzrə öhdəliklərin təminatı olaraq qoyulmuş digər 3 ipoteka müqaviləsinin etibarsızlığını tələb etmiş, 02.05.2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsini isə mübahisələndirməmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi həmin ipoteka müqaviləsinin kredit xətti müqaviləsi üzrə deyil, məhz MMC tərəfindən 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində kreditin verilməsi barəsində 08.05.2012-ci il tarixli 09R000006035 saylı kredit razılaşması üzrə öhdəliklərin təminatı üçün bağladığını və bu ipoteka müqaviləsini mübahisələndirməyin hər hansı bir qanuni əsasının olmadığını, bu səbəbdən də iddiaçı Cavabdeh3 həmin ipoteka müqaviləsi ilə bağlı qarşılıqlı iddiada tələb irəli sürülmədiyini bildirmişdir. Cavabdeh3 apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissələrinin ləğv edilməsi və həmin hissədə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əmlakların dəyəri hazırki bazar qiymətlərinə uyğun deyil, əmlakların dəyəri rəydə və qətnamədə göstərilən qiymətdən yüksəkdir. Əsas borc şişirdilmişdir. Kreditin təminatı ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır. Müqavilələr bağlananadək bank göstərilən məsələrlə bağlı borcalana ətraflı izahat verməli və bu barədə müqavilədə qeyd edilməlidir, lakin cavabdehə müqavilə şərtləri barədə heç bir izah verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi QSC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bankın apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndi Bağlar massivində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutmanın yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh3 apelyasiya şikayəti isə təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh3 arasında bağlanmış 19 aprel 2007-ci il tarixli 09L000000036 saylı Kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə 60 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 04 noyabr 2011-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə sazişlə isə kredit xəttinin müddəti 174 ay, məbləği ******* ABŞ dolları olaraq dəyişdirilmişdir. 20 aprel 2007-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında, 24 aprel 2009-cu il tarixdə isə İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və "xxxx" MMC borcalanın ("xxxx" MMC-nin) kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. 04.11.2011-ci il tarixli sazişlərlə isə zaminlik müqavilələrində dəyişikliklər edilmiş, kredit müddəti 174 ay, kredit məbləği isə ******* ABŞ dolları nəzərdə tutulmuşdur. İddiaçı QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh3 arasında 09R000005978 saylı 08 may 2012-ci il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,5% olmaqla, 48 ay müddətinə 200000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 08.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə hazırlanmış ödəniş planına Cavabdeh3 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. 08.05.2012-ci il tarixli məxaric orderindən görünür ki, 200000 ABŞ dolları məbləğində puldan 2000 ABŞ dolları komissiya çıxılmaqla həmin məbləğ "xxxx" MMC tərəfindən alınmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında 09R000008941 saylı 19 avqust 2013-cü il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,3333% olmaqla, 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin razılaşmanın əlavəsi olan ödəniş planına Cavabdeh3 zamin və ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu və zamin durmağa hazır olduğunu təsdiq etmişdir. 30 mart 2015-ci il və 08 aprel 2016-cı il tarixli sazişlərlə 19 avqust 2013-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə hazırlanmış ödəniş planına Cavabdeh3 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. 100000 ABŞ dolları məbləğində puldan 1000 ABŞ dolları komissiya çıxılmaqla qalan məbləğ 19.08.2013-cü il tarixdə "xxxx" MMC tərəfindən alınmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında 09R000012554 saylı 30 sentyabr 2014-cü il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,2917% olmaqla, 48 ay müddətinə 370000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin razılaşmanın əlavəsi olan ödəniş planına Cavabdeh3 zamin və ipoteka qoyan qismində imza etməklə onunla tanış olaraq razı olduğunu təsdiq etmişdir. 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 30 sentyabr 2014-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə tərtib edilmiş ödəniş planına Cavabdeh3 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, 370000 ABŞ dolları məbləğində pul 2590 ABŞ dolları komissiya çıxılmaqla qalan məbləğ "xxxx" MMC tərəfindən alınmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 08 may 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 19 aprel 2007-ci il tarixli 09L000000036 saylı Kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində ümumi sahəsi 111,9 kv.m olan qeyri yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmış, ipoteka müqaviləsində Kredit xəttinin məbləği 200000 ABŞ dolları, müddəti isə 60 ay kimi göstərilmişdir. 04 noyabr 2011-ci il tarixli 53 saylı saziş ilə ipoteka müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 174 ay, məbləği isə ******* ABŞ dolları olaraq yazılmış, habelə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. 04.11.2011-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında ipoteka müqaviləsi imzalanmış, buna əsasən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 219.4 kv.m qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* ABŞ dolları, müddəti isə 174 ay kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında imzalanmış 02.05.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsində Kredit xəttinin məbləği ******* ABŞ dolları, müddəti isə 174 ay kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmışdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilədə Bank ilə "xxxx" MMC arasında 02.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin Bank qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmiş, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmaqla müvafiq çıxarış verilmiş, həmin çıxarışda kredit razılaşmasının tarixi 02.05.2012-ci il, nömrəsi isə 09R000006035 kimi göstərilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 04.02.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, "xxxx" MMC-nin 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşması üzrə əsas borcu 310301,42 ABŞ dolları, faiz borcu 192502,76 ABŞ dolları və cərimə borcu 432938,74 ABŞ dolları olmaqla cəmi borcu 935742,92 ABŞ dolları; 19.08.2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşması üzrə əsas borcu 58300,99 ABŞ dolları, faiz borcu 37102,53 ABŞ dolları və cərimə borcu 76144 ABŞ dolları olmaqla cəmi borcu 171547,52 ABŞ dolları; 08.05.2012-ci il tarixli 09R000006035 saylı kredit razılaşması üzrə əsas borcu 52400,89 ABŞ dolları, faiz borcu 31399,58 ABŞ dolları və cərimə borcu 69374 ABŞ dolları olmaqla cəmi borcu 153174,47 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2019-cu il tarixli 6070 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, 08 may 2012-ci il tarixli 09R000005978 saylı kredit razılaşmasına əsasən "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 mart 2015-ci il tarixli, 09R000006035S saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 05.07.2017-ci il tarixə (iddia tarixinə) banka olan borcu 52400,89 ABŞ dolları əsas borc, 7437,79 ABŞ dolları faiz borcu, cəmi 59838,68 ABŞ dolları borcu, 19 avqust 2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşmasına əsasən "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30 mart 2015-ci il tarixli, 09R000008941S saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 05.07.2017-ci il tarixə (iddia tarixinə) banka olan borcu 58300,99 ABŞ dolları əsas borc, 10167,95 ABŞ dolları faiz borcu, cəmi 68468,94 ABŞ dolları borcu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2020-ci il tarixli 9/477 saylı rəyinə görə isə, 08.05.2012-ci il tarixli 09R00005978 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 08.05.2012-ci il tarixli 09R00005978 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq "xxxx" MMC-nin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 52400,89 ABŞ dolları, faiz borcu üzrə 31399,58 ABŞ dolları; 19.08.2013-cü il tarixli 09R000008941 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq "xxxx" MMC-nin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 58300,39 ABŞ dolları, faiz borcu üzrə 37102,53 ABŞ dolları; 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşması üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, 30.09.2014-cü il tarixli 09R000012554 saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq "xxxx" MMC-nin İddiaçı QSC-nə olan borcu 03.02.2020-ci il tarixə əsas borc üzrə 310301,42 ABŞ dolları, faiz borcu üzrə 192502,76 ABŞ dolları kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin 04 yanvar 2019-cu il tarixli qiymətləndirilmə hesabatlarından görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 9 mərtəbəli binanın zirzəmisində yerləşən qeyri yaşayış sahəsinin həmin tarixə satış (likvid) qiyməti 55000 manat; ünvan 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin həmin tarixə satış (likvid) qiyməti 241000 manat; Abşeron rayonu Novxanı kəndi Bağlar massivində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 238 saylı bağ evinin həmin tarixə satış (likvid) qiyməti 145000 manat; ünvan 3 ünvanında 10 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 55 nömrəli mənzilin həmin tarixə satış (likvid) qiyməti 160000 manat qiymətləndirilmişdir. "xxxx" MMC-nin 19 mart 2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, ünvan 3, 55 saylı mənzilin bazar qiyməti 170000 manat, likvid qiyməti 140000 manat; ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (zirzəminin) bazar qiyməti 75000 manat, likvid qiyməti 56000 manat; Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 11/35, 1-ci mərtəbədə yerləşən qeyri yaşayış sahəsinin bazar qiyməti 264000 manat, likvid qiyməti 220000 manat; Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, 238 saylı bağ evinin bazar qiyməti 160000 manat, likvid qiyməti 130000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə belə hesab etmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, adı çəkilən cəmiyyət kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 isə bankla ayrı-ayrılıqda bağladıqları zaminlik müqavilələrinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş, 09R000005978 saylı 08 may 2012-ci il tarixli və 09L000012554 saylı 30 sentyabr 2014-cü il tarixli kredit razılaşmaları üzrə sonuncu – 14 aprel 2016-cı il tarixli, 09R000008941 saylı sazişlərə, 19 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə isə 08 aprel 2016-cı il tarixli sazişə uyğun olaraq hazırlanmış ödəniş planlarına həmçinin, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru (qanuni təmsilçisi) olan Cavabdeh3 imza etməklə dəyişikliklərlə tanış olduğunu təsdiq etmişdir. Məhkəmənin qənaətinə görə, dəyişikliklərlə tanış olma barədə imzaların ipoteka qoyan qismində həyata keçirilməsi də fərqli qənaətə gəlmək üçün əsas deyildir, belə ki, həmin imzalar Cavabdeh3 hər bir halda kredit razılaşmasının şərtlərindən məlumatlı olduğunu göstərir. Xüsusilə nəzərə almaq lazımdır ki, bankla bağlanılan bütün əqdləri (müqavilə, razılaşma, saziş və s.) də məhz borcalanın direktoru qismində məhz Cavabdeh3 imzalamışdır. Bu da o deməkdir ki, o, bankla aparılan bütün əməliyyatların şərtlərindən məlumatlı olmuşdur. İddiaçı QSC apelyasiya şikayətində Cavabdeh3 mülkiyyətində olan ipoteka predmeti Abşeron rayonu Novxanı kəndi Bağlar massivində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutmanın yönəldilməməsini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin bu hissədə təmin edilməməsi barədə qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı tərəflər arasında 02.05.2012-ci il tarixli 09R000006035 nömrəli kredit razılaşmasının bağlanmış olduğu ümumiyyətlə müəyyən edilməmiş, iddiaçı bankın nümayəndəsi bu razılaşmanı məhkəməyə təqdim edə bilməmişdir. Həmin ipotekanın (yüklülüyün) 08.05.2012-ci il tarixli 09L000005978 saylı kredit razılaşması ilə bağlı olduğu qənaətinə gəlmək də mümkünsüzdür. Çünki həm tarix və həm də nömrə üst-üstə düşmür, digər tərəfdən həmin kredit razılaşması daha sonrakı tarixdə bağlanmışdır. İpoteka müqaviləsi isə müstəqil şəkildə mövcud ola bilməz. Buna görə də tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivindəki bağa yönəldilməsi hissəsində iddia əsaslı deyildir. Kollegiya hesab edir ki, iddiaçı QSC-nin apelyasiya şikayətinin dəlili əsaslı olmaqla, məhkəmənin bu hissədə qənaəti qanunsuz və əsassızdır. İddiaçı QSC ilə Cavabdeh3 arasında 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilədə Bank ilə "xxxx" MMC arasında bağlanmış kredit razılaşması üzrə borclunun 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin Bank qarşısında ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində ipotekanın qeydiyyatı aparılmaqla müvafiq çıxarış verilmiş, həmin çıxarışda kredit razılaşmasının tarixi 02.05.2012-ci il nömrəsi isə 09R000006035 kimi göstərilmişdir. İddiaçı QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh3 arasında 09R000005978 saylı 08 may 2012-ci il tarixli kredit razılaşması bağlanmış və cəmiyyətə aylıq 1,5% olmaqla, 48 ay müddətinə 200000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 08.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, sonuncu saziş üzrə hazırlanmış ödəniş planına Cavabdeh3 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. Kollegiya hesab edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi 08.05.2012-ci il tarixli 09R000005978 (09R0********) saylı kredit razılaşması üzrə borclunun bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq bağlanmışdır. İpoteka müqaviləsi ilə kredit razılaşmasının tarix və nömrəsinin üst-üstə düşməməsi ilə bağlı Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən gələcəkdə ortaya çıxaca biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər, yəni 02.05.2012-ci il tarixli ipoteka müqaviləsinin 08.05.2012-ci il tarixdə bağlanılacaq kredit razılaşması üzrə öhdəliklərin təminatı olaraq bağlanılmasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. İpoteka müqaviləsi ilə kredit razılaşmasının nömrəsinin fərqli olması ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarından aşkar görünür ki, 08.05.2012-ci il tarixli kredit razılaşmasının nömrəsi texniki səhv olaraq 09R000005978 kimi göstərilmişdir, həmin kredit razılaşmasının nömrəsinin əslində 09R000006035 olması müəyyəndir. Belə ki, sözügedən kredit razılaşması ilə cəmiyyətə aylıq 1,5% olmaqla, 48 ay müddətinə 200000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuş, 02.05.2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsi ilə əmlak MMC tərəfindən 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində kreditin təminatı olaraq bank qarşısında yüklü edilmiş, çıxarışda da qeyd olunan əmlakın MMC tərəfindən 48 ay müddətinə götürülmüş 200000 ABŞ Dolları məbləğində 09R000006035 saylı kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı olaraq bank qarşısında yüklü edildiyi göstərilmişdir. Həmçinin ödəniş planında, 30 mart 2015-ci il və 14 aprel 2016-cı il tarixli sazişlərlə 08.05.2012-ci il tarixdə bağlanmış kredit razılaşmasına və ödəniş planına edilmiş dəyişikliklərdə də kredit razılaşmasının nömrəsi 09R000006035 kimi göstərilmişdir. Digər tərəfdən cavabdeh (ipoteka qoyan) Cavabdeh3 ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər üç ipoteka müqaviləsini mübahisələndirərək, etibarsızlığını tələb etsə də, 02 may 2012-ci il tarixli 09M000000615 saylı ipoteka müqaviləsini mübahisələndirməmişdir. Kollegiya onu da qeyd edir ki, ipoteka müqaviləsində faiz dərəcəsi göstərilməmiş olsa da, kredit razılaşmasına və ödəniş planına edilmiş əlavə dəyişiklik barədə sazişdən görünür ki, “ödəniş planı ilə tanış oldum. Razıyam. İpoteka qoyan Cavabdeh3” qeyd etməklə Cavabdeh3 tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, bu hissədə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 08.05.2012-ci il tarixli kredit razılaşması üzrə tutma həmçinin Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin 04 yanvar 2019-cu il tarixli qiymətləndirilmə hesabatı ilə Abşeron rayonu Novxanı kəndi Bağlar massivində mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən 238 saylı bağ evinin həmin tarixə satış (likvid) qiyməti 145000 manat, "xxxx" MMC-nin 19 mart 2021-ci il tarixli qiymətləndirilmə hesabatı ilə isə bazar qiyməti 160000 manat, likvid qiyməti 130000 manat qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinin ilkin satış qiyməti sonuncu hesabata uyğun olaraq 130000 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh3 apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərəfindən qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin 04 yanvar 2019-cu il tarixli qiymətləndirilmə hesabatı ilə Cavabdeh3 razılaşmadığı üçün təkrar qiymətləndirmə keçirilməsini xahiş etmiş, məhkəmə tərəfindən təkrar qiymətləndirilmə keçirilmişdir ("xxxx" MMC). Hər iki qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olmamışdır. Kollegiya hesab edir ki, müəyyən edilmiş qiymətlər ağlabatan və realdır. Borc məbləğinin şişirdilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən borc məbləğləri ekspertin rəyinə uyğun olaraq müəyyən edilmiş və əsas borcun şişirdilməsi ilə bağlı cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, 09R000005978 saylı 08 may 2012-ci il tarixli və 09L000012554 saylı 30 sentyabr 2014-cü il tarixli kredit razılaşmaları üzrə sonuncu – 14 aprel 2016-cı il tarixli, 09R000008941 saylı sazişlərə 19 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə isə 08 aprel 2016-cı il tarixli sazişə uyğun olaraq hazırlanmış ödəniş planlarına, həmçinin "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru (qanuni təmsilçisi) olan Cavabdeh3 imza etməklə dəyişikliklərlə tanış olduğunu təsdiq etmiş, bankla aparılan bütün əməliyyatların şərtlərindən məlumatlı olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin apelyasiya şikayəti təmin edilsin. Cavabdeh3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-17/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən - ilkin iddia tələbinin ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndi Bağlar massivində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutmanın yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə ilkin iddia tələbi təmin edilsin və 08.05.2012-ci il tarixli kredit razılaşması üzrə tutma həmçinin Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilsin. Həmin bağ evinin ilkin satış qiyməti 130000 manat müəyyən edilməklə açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti 08.05.2012-ci il tarixli kredit razılaşması üzrə borcun ödənilməsinə yönəldilsin. Bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh3 evi tərk etmədiyi halda, bağ evi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar